Qəbələ rayonunda günlük kirayə götürülən evin hovuzunda baş verən müəmmalı ölüm işi ilə bağlı yeni təfərrüatlar üzə çıxıb. İki rəfiqənin və analarının birgə dincəldiyi evdə həyatını itirən İmişli rayon sakini, 1997-ci il təvəllüdlü Lamiyə Nazim qızı Əhmədlinin ölümü cəmiyyətdə geniş səs-küy doğurub.
Editor.az xəbər verir ki, “Baku TV”-yə açıqlama verən həmin evin sahibi hadisə ilə bağlı diqqətçəkən məqamlara toxunub. Ev sahibinin sözlərinə görə, mərhum Lamiyə Əhmədli iki rəfiqə olaraq anaları ilə birlikdə həmin evdə kirayədə olublar.
Hadisənin baş vermə səbəbləri ilə bağlı danışan ev sahibi bildirib ki, sosial şəbəkələrdə məsələ ilə bağlı əsassız və yersiz şərhlər yazılır: “İnsanların bu cür faciəvi hadisələrdə gərəksiz və lüzumsuz sözlər yazması insanlıq baxımından heç də doğru deyil. Təəssüflər olsun ki, cəmiyyətimizdə belə hallara rast gəlinir”.
O qeyd edib ki, hadisə baş verən zaman hər iki rəfiqə və anaları da onların yanında olub. Hazırda hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı araşdırma aparılır və hadisənin bütün təfərrüatları araşdırılaraq hüquqi qiymət veriləcək.

