“Avropa İttifaqı və Fransa Azərbaycanı aldadıb”- Ermənistan Rusiyaya xəyanət edir?-Politoloqla MÜSAHİBƏbackend

“Avropa İttifaqı və Fransa Azərbaycanı aldadıb”- Ermənistan Rusiyaya xəyanət edir?-Politoloqla MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az politoloq Oqtay Qasımovla müsahibəsini təqdim edirik:

– Oqtay bəy, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını gözlədiyimiz halda regionda vəziyyət gərgin olaraq qalır. Ermənistan müharibədən sonra sülh danışıqlarında maraqlı görünsə də bu sadəcə sözdə qalıb. Siz Azərbaycan-Ermənistan sərhədində son prosesləri necə dəyərləndirirsiniz?

-Avropa İttifaqının Ermənistana göndərdiyi hazırkı missiya ilk dəfə Praqa görüşündə müzakirə olunub. Azərbaycan da 2 ay müddətində Ermənistanda 40 nəfərlik müvəqqəti mülki missiyanın gəlməsinə etiraz etməyib. Həmin missiya monitorinq apardıqdan sonra hesabatları təqdim etməli və bununla da iş bitməli idi. Oktyabrın 19-da fəaliyyətə başlayan missiya dekabrın 19-da fəaliyyətini tamamladı və bundan dərhal sonra Ermənistanın müraciəti ilə Fransanın fəallığı nəticəsində Avropa İttifaqı bu dəfə Azərbaycanın rəyini almadan Ermənistanda yerləşəcək missiya haqqında qərar qəbul etdi. Hələ ki, 200 nəfərdən ibarət mülki missiyanın 2 il müddətində Ermənistanda yerləşdirilməsi nəzərdə tutulur.

-Qeyd etdiniz ki, Azərbaycan da bu fikrə razılıq verib. Bəs bu ölkə maraqlarına uyğundurmu?

-Xeyr, Azərbaycanın maraqlarına tamamilə ziddir. Avropa İttifaqı nümayəndəsi və Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə keçirilən bu görüşdə müzakirə olunan məsələdə Azərbaycanı aldadıblar. Bakı ilə əldə olunmuş razılığı pozublar. Bu hal belə qəbul edilməlidir. Prezident İlham Əliyevin Azərbaycan televiziyalarına verdiyi müsahibədə də buna rast gəlmək olur. Bu fikirlərdə də əks olunur ki, ölkəmizlə razılaşdırılmadan bölgəyə göndəriləcək missiyanın sülh və təhlükəsizlik məsələlərinə heç bir təsiri olmayacaq, əksinə sülh prosesinə təhdid və təhlükə yaradacaq. Azərbaycan XİN-nin açıqlamasında da bu məsələ ilə bağlı konkret fikirlər əks olunub və faktiki olaraq belə bir missiyanın Azərbaycan tərəfindən qəbul edilməyəcəyi diplomatik dillə çatdırılıb.

– Bütövlükdə gedən proseslərdə Paşinyanın tək olmadığını görürük. Gah anti-Rusiya fikirlərlə çıxışı, gah da KTMT-dən çıxmağa cəhd göstərməsi dediklərimizə əsas verir. Daha əvvəl göndərilən 2 aylıq monitorinq qrupundan sonra, Ermənistanın məsələdə marağı nədən ibarətdir?

-Ermənistan Praqa görüşündən sonra öz ərazisinə dəvət etdiyi missiyanın arxasında gizlənərək təxribatlarını davam etdirdi. Azərbaycanla normallaşma prosesi və sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqları pozdu və qaxt qazanmaq üçün missiyanın imkanlarından istifadə etdi. Azərbaycan XİN-nin bununla bağlı açıqlamasında da məhz bu məsələlərə toxunulub. İrəvan Azərbaycanla sülh danışıqlarına başlamaqdan yayınır, sərhədlərin delimitasiyasını həyata keçirmək istəmir. Konkret olaraq 10 noyabr öhdəliklərinin yerinə yetirilməsindən boyun qaçırır. Lakin Ermənistan anlamalıdır ki, həmin şərtləri yerinə yetirmək məcburiyyətindədir. Bu missiyanı öz ərazilərinə dəvət etməklə həm də riskli vəziyyətə düşdü.  Çünki müttəffiqi Rusiyaya  xəyanət edib. İrəvanın təhlükəsizliyinə cavabdeh olan ölkə Rusiyadır. İki ölkə arasında 2045-ci ilə qədər müttəfiqlik müqaviləsi var.  Bu həmdə Avropa İttifaqı missiyası adı altında Fransanın Güney Qafqaza soxulma cəhdləridir. Bundan sonrakı prosesdə gərginlik daha da artıracaq. Bəyanatda qeyd edilir ki, guya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində addımlar atılacaq. Fransanın göstərişi ilə gələn missiya bölgədə heç bir müsbət perspektiv vəd etmir.

-Ümumiyyətlə, tez-tez bir sıra ölkələr, eləcə də təşkilatlar Laçın yolundakı dinc aksiyalarımızı blokada adlandırırlar. Yanvarın 18-də Avropa Parlamentinin plenar iclasında “Dağlıq Qarabağda blokadanın humanitar nəticələri” mövzusunda müzakirə keçirilib və daha sonra qətnamə qəbul olunub. Bunun ardınca isə xəbər verilir ki, yanvarın 26-da  Avropa Şurası Parlament Assambleyası ​​“Laçın dəhlizinin blokadasının humanitar nəticələrinin aradan qaldırılması” mövzusunda müzakirələr keçirəcək. Avropa təşkilatlarının ard-arda ermənipərəst mövqedən çıxış etmələrinin səbəbi nədir? Azərbaycan xarici siyasətində daha hansı tədbirləri görməlidir?

– Bu, Azərbaycan xarici siyasətindən daha çox Güney Qafqazda maraqları olan böyük dövlətlərin siyasətinin nəticəsidir. Həmin ölkələr ki, 30 il müddətində Azərbaycan torpaqlarının işğalda qalmasına dəstək verib, açıq və ya gizli şəkildə Ermənistanın yanında olmuşdular. Sözügedən dövlətlər  44 günlük savaşdan sonra Azərbaycanın bölgədə yaratdığı yeni reallıqları qəbul etmək istəmirlər və beləliklə regionda gərginliyin olmasında maraqlıdırlar. Ukrayna müharibəsinin başlaması ilə bölgədə dünya güclərinin geopolitik rəqabəti gedir. O savaş zonalarından biri də Cənubi Qafqazdır. Burada Avropa Birliyinin timsalında Kollektiv Qərb Rusiyanı bölgədən sıxışdırıb çıxartmağa çalışır. Eyni zamanda, bu cəhd Rusiyaya qarşı yönəlmiş rəqabətdir. Azərbaycan əlbəttə diplomatiyasını mümkün qədər aktivləşdirməlidir. Amma nəzərə almaq lazımdır ki, Fransa və onun kimi bir sıra ölkələrin siyasətində hər hansı dəyişikliyin baş verməsi üçün çox böyük hadisələr lazımdır. Onların öz maraqlarını həyata keçirməsində beynəlxalq hüquq, haqq- ədalət arxa planda dayanır. Avropa Parlamentində aparılan bu kimi müzakirələr bölgədə Azərbaycan reallıqlarına qarşı çıxmaq cəhdləridir.
 
//Safura Bənnayeva, Editor.az