“Azərbaycan döyüş meydanındakı inamlı qələbələrini diplomatik müstəvidə də davam etdirir”- Fərid Şahbazlıbackend

“Azərbaycan döyüş meydanındakı inamlı qələbələrini diplomatik müstəvidə də davam etdirir”- Fərid Şahbazlı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Aİ Şurası Prezidentinin vasitəçiliyi ilə keçirilən növbəti görüşündə iki ölkə arasında imzalanacaq sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiya və bir sıra humanitar məsələlər nəzərdən keçirilib”.

Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib. Onun sözlərinə görə, tədricən ənənəyə çevrilməkdə olan Brüssel formatı bir sıra maraqlı məqamları ilə yadda qalıb:“Əvvəla, Brüssel görüşünün indiki üçtərəfli formatda – yəni Şarl Mişelin iştirakı ilə keçirilməsi Azərbaycanın tələbi ilə baş tutub. Ermənistan tərəfinin Fransa prezidenti Emmanuel Makronu çox ciddi-cəhdlə tərəf müqabili etmək həvəsi bu dəfə də ürəyində qalıb. Yəni Azərbaycan ermənilərin diriltmək istədiyi “Minsk qrupu”nu “basdırdığı” kimi, onların “Fransa həvəsi”ni də birdəfəlik dəfn edib. Görünür gələcəkdə də belə olacaq. Çünki tərəflərin noyabrın sonuna qədər bu formatda bir daha görüşmək barədə razılığa gəlməsi Şarl Mişelin bəyanatında əksini tapıb.

İkincisi, müzakirə olunan məsələlərdən açıq aydın görünür ki, Brüssel görüşlərinin gündəliyini Azərbaycan tərəfi müəyyənləşdirir. Yəni, sülh sazişi, sərhəd məsələləri, kommunikasiyaların açılması və s. bu gün Azərbaycanın Ermənistanla münasibətlərində önəm verdiyi əsas problemlərdir. Ermənistanın ətrafında hay-küy qaldırdığı “Laçın dəhlizi”, qondarma “Artsaxdakı humanitar böhran”, “blokada” və s. kimi uydurmaları isə görüş təşkilatçılarının marağında olmadığı göz qabağındadır.

Üçüncüsü, humanitar məsələlərin, konkret olaraq bu yaxınlarda azaraq ermənilərə əsir düşmüş azərbaycanlı əsgərlərin qaytarılması məsələsinin görüşün gündəliyinə salınması, onların “ikinin ikiyə” (ermənilərin istədiyi kimi, “hamının hamıya” yox) dəyişdirilməsinin müzakirəsi də şəksiz, Azərbaycanın tələbi ilə baş verib. Çünki bu tələblər tam hüquqi, beynəlxalq müqavilələrə və konvensiyaların ruhuna tam uyğundur və onların geri çevrilməsi üçün heç bir əsas yoxdur”.

Siyasi şərhçi qeyd edib ki, bu sıraya “Zəngəzur dəhlizi”, 1991-ci il “Almatı bəyənnaməsi” və s. məsələləri də aid etmək olar: “Xüsuilə Ermənistanın Azərbaycanı (Qarabağ da daxil olmaqla) 86,6 min kv.km, Azərbaycanın isə Ermənistanı 29,8 min kv. km-lik” ərazi çərçivəsində tanımasını ehtiva edən “Almatı bəyannaməsi”nin müzakirələrin ana gündəliyinə qaytarılması Azərbaycanın və onun şəksiz lideri İlham Əliyevin böyük diplomatik qələbəsidir.

Bütövlükdə, siyasi proseslərin gedişatı göstərir ki, Azərbaycan döyüş meydanındakı inamlı qələbələrini diplomatik müstəvidə də davam etdirir və möhkəmləndirir. Ermənistanın baş naziri Paşinyan da bunu başa düşür. Lakin daxili auditoriyanın ciddi təzyiqi altında olan Paşinyan hələ ki, siyasi manevrlərlə, sərhəddə təxribatlar törətməklə prosesləri bir qədər ləngitməyə, istiqamətini dəyişməyə və müxtəlif yollarla vaxt udmağa çalışır. Vaxt isə yoxdur və ermənilər artıq bu reallığı dərk etməlidirlər”

Editor.az