Aprelin 29-da Ermənistanın Ağverən şəhərində keçirilən növbəti sərhəd delimitasiyası görüşü Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində davam edən dialoqun mühüm tərkib hissəsi kimi qiymətləndirilir. Xüsusilə sərhədlərin hüquqi və texniki əsaslarla müəyyənləşdirilməsi regionda uzunmüddətli sabitliyin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Ekspertlərin fikrincə, bu cür görüşlər təkcə sərhəd məsələlərinin həllinə deyil, eyni zamanda yekun sülh sazişinə aparan prosesin sürətlənməsinə də xidmət edir.
Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında bildirib ki, aprelin 29-da Ağverən şəhərində keçirilən görüş Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində texniki baxımdan növbəti mərhələ sayılsa da, onun siyasi əhəmiyyəti daha geniş məna daşıyır:

“Delimitasiya üzrə komissiyanın fəaliyyətinin davamlı xarakter alması göstərir ki, tərəflər arasında dialoq artıq institusional mərhələyə keçib. Bu isə təsadüfi və epizodik təmaslardan fərqli olaraq, daha dayanıqlı nəticələrə hesablanmış prosesin getdiyini deməyə əsas verir. Şahin Mustafayev və Mher Qriqoryan səviyyəsində aparılan müzakirələrin, xüsusilə texniki və hüquqi məsələlər üzərində cəmlənməsi onu göstərir ki, tərəflər ümumi siyasi bəyanatlardan konkret xəritə və koordinatlar mərhələsinə keçirlər. Bu isə delimitasiya prosesində real irəliləyişin əsas göstəricilərindən biridir.
Ağverən görüşünün əsas müsbət tərəfi ondan ibarətdir ki, son aylarda müşahidə olunan dinamika qorunub saxlanılır. Sərhədlərin müəyyənləşdirilməsi istiqamətində əldə olunan hər bir razılaşma ümumi etimad mühitinin formalaşmasına xidmət edir. Etimad isə Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün əsas şərtlərdən biridir.
Bununla yanaşı, reallıqları da nəzərə almaq lazımdır. Delimitasiya prosesi texniki baxımdan mürəkkəb, siyasi baxımdan isə həssas məsələdir. Xüsusilə bəzi sərhəd sahələrinin mübahisəli olması və daxili ictimai rəy amili prosesi zaman-zaman ləngidə bilər. Bu baxımdan Ağverən görüşünü dönüş nöqtəsi kimi deyil, ardıcıl şəkildə davam edən prosesin mühüm mərhələsi kimi qiymətləndirmək daha doğru olar.
Ümumilikdə, bu görüşün nəticələri göstərir ki, tərəflər qarşıdurmadan daha çox danışıqlar yoluna üstünlük verirlər. Əgər mövcud dinamika qorunarsa və siyasi iradə davamlı olarsa, delimitasiya prosesində əldə olunan irəliləyişlər yaxın perspektivdə sülh sazişinin imzalanmasına real zəmin yarada bilər”.
//Gülnarə Abasova, Editor.az

