Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edib. Səfər indiki məqamda diqqət çəkir. Xüsusilə münaqişə tarixi baxımından bu, Azərbaycandan Ermənistana ən yüksək səviyyəli səfərlərdən biridir.
Səfərin məqsədi haqqında hələlik məlumat yoxdur. Lakin nəzərə alsaq ki, Şahin Mustafayev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədridir, səfərin əsas məqsədinin bu istiqamətdə olması istisna deyil.
Məsələ ondadır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət öncə Ermənistan və Azərbaycanın yaxın gələcəkdə delimitasiya prosesini davam etdirəcəyini demişdi.
Sitat: “Əlbəttə ki, qarşıdakı dövrdə biz bunu məntiqi bir müddət ərzində davam etdirəcək və tamamlayacağıq”.
Prinsipcə Ermənistan ilə Azərbaycan arasında delimitasiya və demarkasiya prosesi davam edir. Proses sülh danışıqları ilə paralel getsə də, tempi eyni deyil. Bunun əsas səbəbi Ermənistan–Azərbaycan dövlət sərhədinin relyef baxımından qəliz olması, həmçinin tərəflər arasında bəzi mübahisəli məqamların qalmasıdır. Bununla belə, müsbət məqam odur ki, İrəvan və Bakı problemləri hazırda dondurmur, həlli mümkün məsələlərə fokuslanır. Proses nisbətən ləng getsə də, davamlılığın təmini prioritetdir.
Paşinyanın həmin açıqlamasında ən diqqət çəkən məqam gündəliyə Gürcüstanla delimitasiya prosesinin xülasəsinin də daxil edildiyini deməsi idi.
Sitat:
“Bu barədə gürcü tərəfdaşlarla razılaşma var”.
Bu detal diqqətəlayiqdir. Məsələ ondadır ki, Azərbaycan–Ermənistan sərhədi təkcə iki ölkənin problemi deyil, müəyyən nöqtələrdə dolayısı ilə Gürcüstan sərhəd xətti ilə də əlaqələnir. Yəni xəritə üzərində sərhədlər “kəsişən” və ya bir-birinə yaxınlaşan zonalar var. Bu baxımdan Tbilisinin prosesdən kənarda qalması praktik olaraq mümkün deyil. Paşinyanın dediyi “razılaşma” daha çox bu texniki koordinasiyanı ifadə edir. Yəni xəritələrin uyğunlaşdırılması, sovet dövrü sərhəd sənədlərinin müqayisəsi və s.
Əgər delimitasiya paralel şəkildə həm Ermənistan–Azərbaycan, həm də Ermənistan–Gürcüstan xəttində gedirsə, bu, regionda sərhədlərin ümumi şəkildə “yenidən dəqiqləşdirilməsi” prosesinə işarə edir.
Globalinfo.az

