Azərbaycanda saatlıq əməkhaqqı modelinin tətbiqi istiqamətində işlər aparılır. “Trend” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə deyib. O həmçinin qeyd edib ki, bərabər əməkhaqqı və uşaq hüquqlarının qorunması istiqamətində yeni islahatlar üzərində işlər həyata keçirilir. Nazir xatırladıb ki, müxtəlif illərdə əmək qanunvericiliyinə xeyli dəyişikliklər edilib.

Qeyd edək ki, Azərbaycanda günlük iş saatı 8 saata bərabərdir və minimum əməkhaqqı üzrə maaşların hesablanması da həmin saat hesabı ilə tənzimlənir. Xatırladaq ki, minimum aylıq əməkhaqqı işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir. Əməyin qiymətləndirilməsini təmin edən bu siyasətin əsas məzmunu işçilərin həyat şəraitini yüksəltməyə, yoxsulluq səviyyəsini azaltmağa və biznesin effektli olması yönündə stimul yaradılmasına xidmət edir. Azərbaycanda minimum əməkhaqqı, müvafiq qanunvericiliyə əsasən, ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Ölkəmizdə hazırda minimum əməkhaqqının məbləği 400 manat təşkil edir.
Suallar var ki, Azərbaycanda saatlıq əməkhaqqı modelinə keçid nə dərəcədə zəruridir? Mövcud aylıq əməkhaqqı sistemi ilə müqayisədə saatlıq model hansı üstünlükləri və riskləri yaradır?Saatlıq əməkhaqqı tətbiq olunarsa, bu, aşağı maaş alan işçilərin gəlirlərinə real olaraq necə təsir edəcək?
Bir sıra mütəxəssislər hesab edir ki, əslində, saatlıq əməkhaqqı modeli bir çox inkişaf etmiş ölkələrdə artıq standart praktikadır. Bu modelin Azərbaycanda tətbiqi isə bir neçə əsas amillə əlaqələndirilir. Belə ki, müasir dövrdə iş münasibətləri klassik “səhər 9-dan axşam 6-ya qədər” çərçivəsindən çıxır. Xüsusilə xidmət, logistika, İT və gig iqtisadiyyatında çalışanlar üçün saatlıq ödəniş daha real və ədalətli hesab olunur. Bundan başqa, saatlıq sistem işəgötürən və işçi arasında daha şəffaf hesablaşma yaradır. Bu isə “zərfdə maaş” kimi halların qarşısını almağa kömək edə bilər. Həmçinin, məlumdur ki, bəzi hallarda işçilər faktiki işlədikləri saatdan az maaş alır və ya artıq işlədikləri saatlar qeydə alınmır. Saatlıq model bu uyğunsuzluğu aradan qaldırmaq potensialına malikdir.
Saatlıq əməkhaqqı sisteminin tətbiqinin üstünlükləri onunla izah edilir ki, bu halda əməkhaqqı daha ədalətli hesablana biləcək. Yəni, işçi yalnız işlədiyi saat qədər maaş alacaq. Bu, xüsusilə yarımştat və mövsümi işləyənlər üçün böyük üstünlük hesab olunur. Həmçinin, artıq saatlar daha şəffaf hesablanacaq və əlavə qazanc imkanı yaradacaq.

Mövzu ilə bağlı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Musavat.com-a danışıb. O, prinsipial olaraq böyük dəyişiklik gözləmədiyini deyib: “Qərb ölkələrində də artıq çoxdan saatlıq tarif sisteminə keçid edilib. Azərbaycanda isə, görünən odur ki, daha çox qarışıq model planlaşdırılır, yəni həm aylıq sistem qalacaq, həm də saatlıq əməkhaqqı tətbiq olunacaq. Mənim fikrimcə, prinsip etibarilə ciddi bir dəyişiklik gözləməyə dəyməz. Çünki bu yenilik daha çox texniki xarakter daşıyır. Əslində, bu dəyişiklik əsasən minimum əməkhaqqı alanlara müəyyən təsir göstərə bilər. O da yalnız o halda ki, saatlıq tariflər artırılsın. Əks halda, real gəlirlərdə ciddi fərq hiss olunmayacaq. Onsuz da hazırda ölkədə standart iş vaxtı 8 saatdır və bir çox hallarda bu sistem üzərindən maaş hesablanır. Bəzi kateqoriyalar üçün isə daha qısaldılmış iş saatları tətbiq olunur. Digər tərəfdən, əməkhaqqının ödənişi artıq iki əsas sistem üzrə həyata keçirilir: işəmuzd və vaxtamuzd. Bu baxımdan saatlıq əməkhaqqı modeli tamamilə yeni yanaşma deyil, mövcud sistemin başqa formada təqdimidir. Yəni praktiki olaraq əmək münasibətlərində kəskin yenilikdən söhbət getmir.
İş vaxtından artıq işləyənlərə gəldikdə isə, bu məsələ də artıq qanunvericiliklə tənzimlənir. Əksər hallarda əlavə iş saatlarına görə ödəniş ikiqat hesablanır. Bu qayda qüvvədə qalacağı üçün saatlıq sistem burada da ciddi dəyişiklik yaratmayacaq. Beləliklə, prinsipial olaraq böyük dəyişiklik gözlənilmir. Bu daha çox beynəlxalq təcrübəyə uyğunlaşma və standartlaşdırma xarakteri daşıyır və gec-tez tətbiqi onsuz da qaçılmaz idi”.
Musavat.com

