İngiltərə rəsmiləri Şotlandiyada meşəlik ərazidə öz “krallığını” qurduğunu iddia edən 36 yaşlı afrikalı şəxsi ölkədən deportasiya ediblər.
Bu barədə Editor.az The Scottish Sun nəşrinə istinadən məlumat yayıb.
Qana vətəndaşı Kofi Offe zimbabveli həyat yoldaşı və amerikalı xidmətçisi ilə birlikdə altı ay ərzində Jedburgh şəhəri yaxınlığındakı düşərgədə yaşayıb. Onlar meşədə çadırlar quraraq insanları ətraf ərazilərdə məskunlaşmağa təşviq edib, “vəd olunmuş torpaqlarda” Kubala krallığını yaratdıqlarını iddia ediblər.
Rəsmilər Offe və onunla birlikdə olan qadınları dəfələrlə meşəlik ərazidən çıxarıblar. Ötən ilin oktyabr ayında isə Kofi Offe vizasının müddəti başa çatdığı üçün saxlanılıb. Altı ay sonra özünü kral elan edən şəxs ölkəsinə deportasiya olunub. Hər iki qadının isə uşağa laqeyd münasibət ittihamı ilə nəzarətdə saxlanıldığı bildirilir.
Kofi Offe Qanaya çatan kimi ölkədə hakimiyyəti ələ keçirmək niyyətində olduğunu açıqlayıb. O, polisin ona qoşulacağına və yüksək vəzifəli şəxslərin qarşısında baş əyəcəyinə əmin olduğunu bildirib. Offenin sözlərinə görə, çoxsaylı tərəfdarları da yaxın zamanda ona qoşulacaq.
// Gülnarə Abasova, Editor.az

