TƏBİB daxilində rejional səhiyyə idarələri yaradılır? – Baş həkim və direktorlar…backend

TƏBİB daxilində rejional səhiyyə idarələri yaradılır? – Baş həkim və direktorlar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Günlərdir davam edən TƏBİB ətrafındakı müzakirələr artıq daha vacib mərhələyə keçir. Qurumun sabiq rəhbəri Vüqar Qurbanovun vəzifədən azad edilməsindən sonra aparılan kadr, struktur dəyişiklikləri və Anar Bayramovun TƏBİB-ə yeni rəhbər təyin olunması ictimai və ekspert dairələrində ciddi müzakirələrə səbəb oldu.

Bunun ardınca Anar Bayramov tərəfindən paytaxtın əsas mərkəzi xəstəxanalarının baş həkimlərinin kütləvi şəkildə vəzifədən azad edilməsi də diqqət mərkəzinə düşsü.

Bizimesr.com-un əldə etdiyi məlumata görə, TƏBİB-in yeni rəhbərliyi qarşısında konkret islahat planları mövcuddur. Bildirilir ki, ilk mərhələdə bütün xəstəxanaların baş direktor və baş həkimlər vəzifədən uzaqlaşdırılacaq.

Məlumata əsasən, növbəti mərhələdə TƏBİB daxilində regional idarəetmə modelinin tətbiqi nəzərdə tutulur. Bu model çərçivəsində bəzi struktur dəyişiklikləri ediləcək, baş direktor və baş həkim vəzifələrinin səlahiyyət bölgüsünün yenidən tənzimlənməsi planlaşdırılır. Eyni zamanda, bəzi idarəetmə funksiyalarının birləşdirilməsi və optimallaşdırılması da gündəmdədir.

Digər bir istiqamət isə icbari tibbi sığorta ilə bağlıdır. Məlumata görə, TƏBİB-lə əməkdaşlıq edən özəl tibb müəssisələrinin fəaliyyəti və sayı yenidən qiymətləndiriləcək və bu sahədə yeni tənzimləmələrin tətbiqi gözlənilir.

Eyni zamanda məlumatlara görə, gələcək mərhələdə TƏBİB-in Səhiyyə Nazirliyi ilə birləşdirilərək vahid səhiyyə idarəetmə sisteminin formalaşdırılması da müzakirə olunur. Bu modelin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin idarəetmə strukturu ilə əlaqələndirilə biləcəyi də iddialar arasındadır.

Son illərdə ölkədə bir sıra dövlət qurumlarında struktur islahatlarının aparılması fonunda səhiyyə sektorunda da oxşar dəyişikliklərin gündəmə gəlməsi diqqət çəkir.