Baydenin Kiyev səfəri: “Rusiyanın qalib gəlmə ehtimalı Qərbi dəhşətə gətirir”backend

Baydenin Kiyev səfəri: “Rusiyanın qalib gəlmə ehtimalı Qərbi dəhşətə gətirir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Amerika Birləşmiş Ştatları Prezidentinin Kiyevə səfəri həqiqətən diqqəti cəlb edən məqamdır. Bununla Cozef Bayden Ukrayna xalqı ilə birlikdə olduqlarını növbəti dəfə vurğulamağa cəhd edir”.

Bu fikirləri Editor.az-a Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov ABŞ prezidentinin Kiyevə səfərini şərh edərkən deyib.

Politoloq Baydenin Ukraynaya səfərinin müharibənin gedişində əsaslı dönüş yaradacağını düşünmür:

“ABŞ Ukraynaya yardım etməklə bağlı onsuz da əlində olan bütün imkanlardan istifadə edir və Avropadakı müttəfiqlərini də bu məqsədlə səfərbər edib. Amma bütün bu yardım və dəstəklərə baxmayarq cəbhədə vəziyyət Vaşinqtonun istədiyi kimi getmir. Onun istəyi Rusiya qoşunlarının ən azından işğal etdiyi Ukrayna torpaqlarından çıxarılmasıdır. Müharibə artıq bir ilini başa vurur. Bu bir ildə qarşı-qarşıya duran tərəflərdən heç biri istədiyinə nail ola bilməyib. Onların “qazandıqları” məruz qaldıqları tələfatlardır. Müharibə uzanır və uzandıqca ölən və yaralananların sayı daha da artır”.

Ə.İbrahimovun sözlərinə görə, Rusiya Qərbi müharibənin uzanmasına yardım etməkdə ittiham edir:

” Kreml düşünür ki, Amerika və digər ölkələr Ukraynaya dəstək verməsələr Rusiya tezliklə Ukraynanı məğlub edər və müharibə bitər. Amma qarşı tərəf isə Ukraynanın məğlub ola biləcəyi barədə heç düşünmək istəmir. Rusiyanın qalib gəlmə ehtimalı Qərbi dəhşətə gətirir və heç bir halda buna imkan verməyəcək. Müharibə daha bir neçə il uzana bilər, amma Ukraynanın məğlub olmasına imkan verilməyəcək. Qərbin əsas məqsədi Rusiyanı sona qədər gücdən salmaqdır. Rusiyanın gücdən düşməsi üçün isə müharibə uzanmalı və bütün resursları ortaya qoyulmalıdır”.

//Gülnarə Abasova, Editor.az