“Bu Rusiyanın müharibəyə müdaxiləsi deməkdir”-Siyasi şərhçibackend

“Bu Rusiyanın müharibəyə müdaxiləsi deməkdir”-Siyasi şərhçi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“”İsgəndər-M” raketi ilə bağlı məsələ Rusiyanın cavab verməli olduğu əsas suallardan biridir. Lakin Rusiya bununla bağlı bütün suallardan yayınır’’.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

O, bildirib ki, Rusiyanın təqdim olunan faktlar qarşısında susması bir neçə versiyaları üzə çıxarır: “Biz 2016-cı ildə keçirilən hərbi paradda Rusiyanın Ermənistana ‘’İsgəndər- E’’ raketini verdiyini bilirik. Lakin Şuşaya atılan raketdən belə görünür ki, 2016-cı ildə hərbi paradda Rusiya Ermənistana ‘’İsgəndər- E’’ yox, ‘’İsgəndər-M’’ raketi verib. Sual yaranır ki, görəsən bu fakta görəmi Rusiya bu hələ də susur? Bütün hallarda bu beynəlxalq öhdəliklərin pozulması deməkdir.

Digər sual doğuran məqamlardan biri də əgər Ermənistana ‘’İsgəndər-M’’ yox, ‘’İsgəndər-E’’raketi verilibsə, o zaman Şuşaya atılan “İsgəndər-M” raketi hardan atılıb? Bu sual da belə digər faktı üzə çıxarır. Bəllidir ki, Rusiyanın cənub hərbi dairəsinin arsenalında “İsgəndər-M” raketləri var. 2016-cı ildə belə bir fikirlər də yayılmışdı ki, Rusiya Ermənistana verdiyi “İsgəndər” raketlərinin bir neçəsini Gümrü bazasına yerləşdirib. Ümumiyyətlə, Gümrü bazasının Ermənistanda mövcudluğu Rusiyanın Türkiyə ilə sərhəddə NATO-ya qarşı müdafiə zolağını yaratmaq məqsədi daşıyır. “İsgəndər-M” raketləri də bu müdafiə zolağının təşkilinə hesablanıb. Güman etmək olar ki, “İsgəndər –M” raketi məhz Gümrü bazasından atılıb’’.

Arif Nərimanlının sözlərinə görə, Rusiyadan Ermənistana qaçaqmalçılıq yolu ilə silah daşınması ilə bağlı çoxlu faktlar var: “Tovuz döyüşlərində də biz bunun şahidi olduq. Bu baxımdan “İsgəndər- M” raketinin Rusiya rəhbərliyinin xəbəri olmadan raket maşınları ilə daşınması versiyası da mümkündür. Bütün bunlar araşdırılmalıdır. Rusiyanın faktlar qarşısında susması bu versiyaları aktuallaşdırır’’.

Siyasi şərhçi hesab edir ki, hazırda Rusiya çıxılmaz vəziyyətdədir: “Ermənistana “İsgəndər-M” ya Rusiya verib, ya da bu raketlər Ermənistandan yox, Gümrü bazasından-Rusiyanın cənub hərbi dairəsindən atılıb. Bir variant da odur ki, raketlər Rusiyadan Ermənistana qaçaqmalçılıq yolu ilə gedib. “İsgəndər-M” raketi ilə bağlı mənzərə bundan ibarətdir.

Əgər birinci məsələ etiraf olunarsa, Rusiya beynəlxalq öhdəlikləri pozduğunu etiraf etmiş olacaq.

Yox əgər raketlər Gümrü bazasından atılıbsa bu faktiki olaraq Rusiyanın müharibəyə müdaxiləsi anlamına gəlir.

Bunlardan başqa Rusiya raketlərin qaçaqmalçılıq yolu ilə daşındığını etiraf edərsə, o zaman Rusiyanın daxilində böyük bir təmizləmə prosesi getməlidir. Bütün bu hallar bütövlükdə Rusiyanın əleyhinədir’’.

A.Nərimanlı qeyd edib ki, Rusiyanın daxilində bu proseslərin fonunda iki cəbhənin fəaliyyəti müşahidə olunur: “Burada hərbi sənaye kompleksi Kremldən kənar addımlar atır. Rusiyanın çətin vəziyyətə düşməsinin səbəblərindən biri də budur. Biz bunu Ermənistanda Onik Qasparyanın hərbi qiyama cəhdi zamanı da gördük. Çünki Kremlin müxalifət üzərindən Paşinyan hakimiyyətinə qarşı planlar hazırlaması heç bir nəticə vermirdi. Proseslərin analizi bizə onu deməyə əsas verir ki, bu qiyam cəhdi Rusiya hərbi sənaye kompleksindəki qüvvələrin fəaliyyətidir’’.

Siyasi şərhçi bildirib ki, Rusiyanın Azərbaycana qarşı ikili yanaşmasını müharibə dövründə müşahidə etdik: “Əsas məqamlardan biri də Xankəndində separatçıların başçısı Arayik Aratunyanın Moskvaya dəvət edilməsi və Rusiya Xüsusi Xidmət orqanlarının nümayəndələri ilə görüşməsi faktıdır. Bütün bu proseslərin analizində belə bir mənzərə ortaya çıxır ki, Rusiya daxilində böyük fikir ayrılığı var. “İsgəndər-M” məsələsinin arxasında da bu fikir ayrılığı dayanıb. Mümkündür ki, “İsgəndər- M” raketinin atılması faktı Putin komandasının iradəsindən kənarda baş verib və düşünürəm ki, bunun da arxasında Rusiya hərbi sənaye kompleksi dayanır. Təbii ki, bu ehtimallardan biridir. Rusiya bu suallardan yayına bilməz və cavab verməlidir. Rəsmi Bakı Rusiyadan açıqlama tələb edəcək’’.

//Gülnarə Abbasova, Editor.az