Dönüşü olmayan yol: Sülh müqaviləsinin bir addımlığındayıqbackend

Dönüşü olmayan yol: Sülh müqaviləsinin bir addımlığındayıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında ABŞ- da keçirilən bir neçə raunda görüşlər başa çatdı. ABŞ dövlət katibi Entoni Blinken nəticəni yüksək qiymətləndirdi və tərəflərin mövqelərinin yaxınlaşdığını bildirdi. Bu, gözlənilən idi.

Qeyd edək ki, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib ki, Vaşinqton Ermənistan və Azərbaycanın danışıqlardan əldə etdiyi irəliləyişi alqışlayır və dialoqun davam etdirilməsini təşviq edir. Onun sözlərinə görə, davamlı və ədalətli razılaşma hər iki ölkə və region üçün imkanların açılmasından ötrü əsas olacaq.

Əvvəllər də dediyimiz Ağ Ev sülh müqaviləsi istiqamətində müəyyən nəticələrin əldə olunması üçün tələsir. Çünki hazırda Vaşinqtonun məqsədinə nail olması üçün optimal şərait yaranıb. ABŞ Rusiyanın başının Ukraynadakı müharibəyə qarışmasından istifadə etmək niyyətindədir. Ümumiyyətlə, diplomatiyanı şahmat oyununa bənzətsək deyə bilərik ki, Ağ Ev mahir qrossmeystərlərə xas şəkildə usta gedişlər edir. Ayrı – ayrı addımlar vahid məqsədə- Rusiyanı “mat etməyə” və bu dövlətin təsir imkanlarını azaltmağa hesablanıb. Məlum olduğu kimi, Ermənistanla Azərbaycan arasında ehtimal edilən sülh müqaviləsi ilə bağlı üç əsas platforma var: Vaşinqton, Brüssel və Moskva formatları. Son zamanlar ABŞ digər iki gücü qabaqlayıb və daha real vasitəçiyə çevrilib. Bunun bir neçə əsas səbəbi var. Birincisi, Rusiyanın vasitəçilik səyləri istədiyimiz sürətlə davam etmir.

İkincisi, əslində Avropa İttifaqı(Aİ) ilk vaxtlar vasitəçilik səylərində səmimi görünürdü. Amma Fransa bu qurumunun sədri kimi çox vaxt olduğu kimi yenə də “suların durulmasına” mane olur. Parisin açıq-aydın ermənipərəst mövqeyi Aİ-nin vasitəçiliyində də hiss olunur.

Üçüncüsü, ABŞ Rusiyaya nisbətən sülh müqaviləsində daha maraqlıdır. Ağ Evi düşündürən regiondakı iqtisadi maraqlarıdır. Bu maraqların reallaşması üçün isə isə bölgədə təhlükəsizliyin təmin olunması və nəqliyyat-kommunikasiya xətlərinin açılması vacibdir. Bu mənada ABŞ sülh müqaviləsi istiqamətində müəyyən irəliləyişlərin əldə olunmasında nəinki maraqlıdır, həm də israrlıdır.

Əlbəttə, Vaşinqtonu düşündürən yalnız öz maraqlıdır. ABŞ Minsk Qrupunun həmsədri kimi bir dəfə “sinifdə qalıb”. Üstəgəl, ABŞ Prezidenti Cozef Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsi və 907- ci düzəliş onu deməyə əsas verir ki, bu dövlət heç də “süddən çıxmış ağ qaşıq” deyil. Bu mənada Ağ Evin şirin vədlərinə tamamilə bel bağlamaq o qədər də doğru olmaz. Amma biz ABŞ-ın səylərindən öz maraqlarımızın təmin olunması, o cümlədən Rusiyanın neytrallaşdırılması üçün istifadə edə bilərik. Əlbəttə, elə etməliyik ki, Vaşinqtonun proseslərə təsir imkanı minimum olsun.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bu günlərdə deyib ki, Rəsmi Vaşinqton Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu davamlı sülhə nail olmaq üçün açar sayır. Əslində bu, bizim də maraqlarımıza uyğundur. Birbaşa təmaslar “düyünlərin daha tez açılmasına” kömək edə bilər. Bunu Ermənistanın mövqeyi də təsdiqləyir.

Doğrudur, rəsmi İrəvan mümkün qədər vaxt qazanmağa çalışır. Qarşı tərəf bunu həm də kənar təzyiqlərin, o cümlədən Rusiyanın təsiri ilə edir. Ermənistan Qərblə Kremlin arasında qalıb. Baş nazir Nikol Paşinyanın atdığı manevr xarakterli addımlar isə istər-istəməz sülh prosesinə mane olur. Buna baxmayaraq, həm Paşinyanın, həm də onun komandasının xüsusilə son vaxtlar səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, Ermənistan yekun sülh müqaviləsində maraqlıdır. Çünki başqa yolu da yoxdur. Paşinyan başa düşür ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması, regional əməkdaşlıq Ermənistanın normal gələcəyinin yeganə yoludur.
Əlbəttə, Rusiya hazırkı vəziyyətdən heç də razı deyil. Kreml sözçüsü Dmitri Peskov, Rusiya xarici işlər nazirinin sözçüsü Mariya Zaxarova bir neçə dəfə məsələyə münasibət bildiriblər. Onlar Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020 və 2021-ci illərdə imzaladıqları üçtərəfli bəyanatları xatırladıb, bu sənədlərin alternativinin olmadığını söyləyiblər. Rəsmi Moskvanın mövqeyi budur ki, Rusiyanın iştirakı olmadan sülh müqaviləsi imzalana bilməz.

Yaxın zamanda Rusiyada bu dövlətin vasitəçiliyi ilə üçtərəfli görüş gözlənilir. Yəqin ki, Rusiya xarici işlər naziri Sergey Lavrov həmin görüşdə üçtərəfli bəyanatların tələblərini xatırlatmaqla yanaşı, həm də sözdən əmələ keçməyə çalışacaq. Çünki Vaşinqtonu “oyundankənar vəziyyətə” salmaq Moskva üçün hər şeydən vacibdir. ABŞ-dakı danışıqlardan dərhal sonra Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə təxribatların baş verməsi, vəziyyətin gərginləşməsi mümkündür. Əgər bu olarsa, Rusiyadan şübhələnməyə tamamilə haqqımız olacaq. Çünki bu ssenarini əvvəllər də bir neçə dəfə görmüşük: “suların durulması” ərəfəsində Moskva buna mane olub.

Fikrimcə, sülh müqaviləsinin bir addımlığındayıq. Düzdür, prosedur qaydalar, o cümlədən müqavilənin mətninin hazırlanması vaxt ala bilər. Amma bu yolun dönüşü yoxdur…

//Kənan Novruzov, Editor.az