“Ermənistan hakimiyyəti öz “kürsüsünü” qorumaq üçün danışıqlarda üzərinə götürdüyü öhdəliklərə əməl etmir”-Deputatdan ŞƏRHbackend

“Ermənistan hakimiyyəti öz “kürsüsünü” qorumaq üçün danışıqlarda üzərinə götürdüyü öhdəliklərə əməl etmir”-Deputatdan ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Azərbaycanın 44 günlük Zəfər müharibəsində əldə etdiyi qələbəni qəbul edirlər. Ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi faktı hərkəs tərəfindən müsbət qarşılanır. Çünki bu faktiki olaraq BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsidir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Onun sözlərinə görə, təəssüflər olsun ki, 2 il müddət keçməsinə baxmayaq hələ də Ermənistan tərəfi öz öhdəliklərini yerinə yetirmir:

“Regionda sülhün və dayanıqlı əmin-amanlığın bərpa edilməsi ilə bağlı Azərbaycanın irəli sürdüyü təşəbbüslər Ermənistan tərəfindən sözdə dəstəklənsə də əməldə ciddi addımlar atılmır. Bu da nəticə etibarilə prosesi hələ də müəmmalı edən məqamlardandır. İrəvan vaxt udmaq, prosesləri öz xeyirinə dəyişmək istəyir. Mövcud reallıqla barışmır. Bütün bunlarla yanaşı, revanşist qüvvələr və xaricdəki havadarlarının dəstəyi ilə daima Azərbaycan-Ermənistan münasibətlərini gərgin saxlamaq, yeni münaqişə ocağının yaradılmasına nail olmaq və Cənubi Qafqazda gərginliyin hələ də davam etməsini istəyirlər”.

Deputat vurğulayır ki, erməni siyasi rəhbərliyi həm sülh çağırışının müsbət qarşılanmasına hazır olduqlarını qeyd edir, həm də daxili auditoriya üçün vacib olan bir çox məqamlarla bağlı beynəlxalq ictimaiyyətə müraciətlər edirlər:

“Faktiki olaraq öz “kürsülərini” qoruyub-saxlamaq üçün danışıqlarda verdikləri sözü tutmurlar. Əksinə beynəlxalq ictimaiyyətə həqiqəti əks etdirməyən məqamlarla bağlı müraciət edərək sülh prosesinə kölgə salırlar. Ermənistan parlamentinin sədri Alen Simonyanın beynəlxalq parlamemt sədrlərinə etdiyi müraciət də bundan xəbər verir. Qarabağda yaşayan erməni əsilli əhali üçün heç bir təhlükə yoxdur. Azərbaycan onların təhlükəsizliyini təmin etməyə hazırdır. Bu prosesdə humanitar vasitələr də kifayət qədərdir. Zərurət yarandığı halda həmin vətəndaşların Ermənistana səfərləri təşkil edilir. Ona görə də hansısa məkrli çağırışlar müsbət qarşılanmır. Bu, onların diplomatik məğlubiyyətidir”.

N.Həmzəyevin fikrincə, artıq dünya ictimaiyyəti Azərbaycanın artan beynəlxalq nüfuzu qarşısında Ermənistanla əməkdaşlığa ümumiyyətlə maraq göstərmir:

“Yalnız erməni diasporunun çoxluq təşkil etdiyi və az-çox təsir mexanizmi olan ölkələrdə müəyyən dərəcədə Ermənistana dəstək müşahidə edilir ki, bu da sadəcə rəmzi məna daşıyır. Ölkəmizə heç bir zərəri yoxdur. Fransanın sonuncu BMT-də və digər beynəlxalq təşkilatlarda ölkəmizə qarşı qaldırmaq istədiyi qərarların, sənədlərin qəbul edilməməsi də onu deməyə imkan verir ki, artıq hərkəs Azərbaycanın bu mübarizədə haqlı olduğunu anlayır.
Azərbaycan tutduğu yolda uğur əldə edəcək. Birincisi, sülhməramlılar, ikincisi isə separatçı qruplar ərazilərimizdən çıxarılacaq. Üçüncüsü, erməni əsilli vətəndaşların təhlükəsizliyi də təmin ediləcək. Ermənistanın əsassız iddiaları cavabsız qalacaq”.
 
//Safura Bənnayeva, Editor.az