““Erməni soyqırımı” kartının yenidən işə salınması  İranla Ermənistanı birləşdirən amillərdəndir”-Politoloqla MÜSAHİBƏbackend

““Erməni soyqırımı” kartının yenidən işə salınması  İranla Ermənistanı birləşdirən amillərdəndir”-Politoloqla MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sülh müqaviləsinin imzalanmasına ümid etdiyimiz bir vaxtda hərbi gərginlik güclənməkdə davam edir. Bu dəfə yalnız Ermənistan deyil, həm də onun havadarları, qonşu İran da ölkəmizə qarşı təxribatçı yanaşma nümayiş etdirir.

Ümumiyyətlə, hər iki qonşu Azərbaycana qarşı təhdidedici müstəvidə yanaşırlar.

Editor.az politoloq Şəbnəm Həsənova ilə bu mövzunu müzakirə edib.

-Şəbnəm xanım, İranda Azərbaycan əleyhinə videoçarxların hazırlanması, hətta burada uşaqlardan istifadə edilməsi hallarının şahidi olduq. Həmin videoda uşaqları Xudafərin yaxınlığında ölkəmizə qarşı təhdidedici fikirlər səsləndirməyə sövq edirlər. Sizcə, uşaqların hərbi-siyasi mövzularda alət kimi istifadə edilməsi nə qədər düzgündür?

-“Dostluq körpüsü” adlandırdığımız Xudafərin körpüsünün uşaqlar üzərindən çirkli əməllər məqsədilə istifadə olunması yolverilməz olduğu qədər, bu addımlar İranın bir dövlət kimi gerçək simasını, Azərbaycana qarşı olan münasibətinin dərin alt-qatlarını üzə çıxardır. Uşaqların dövlət daxilində və onun hüdudlarından kənarda müharibələrə və münaqişələrə zorakı və məcburi şəkildə cəlb edilməsi beynəlxalq səviyyədə qadağan edilən məsələdir. Bu, İranda baş verən etiraz aksiyalarına insan hüquq və azadlıqları prizmasından yanaşan dövlətlərin və təşkilatların diqqətindən kənarda qalmır və bununla bağlı İrana təzyiqlər daha da artacaq.

-Ümumiyyətlə, İranın Azərbaycana qarşı belə riyakarlıq nümayiş etdirməkdə marağı nədir?

-Müxtəlif və mürəkkəb siyasi rəng palitrasına malik Cənubi Qafqazda proseslərin gedişi ilə bağlı hər hansı proqnoz vermək heç zaman olmadığı qədər çətin olsa da dəyişməyən bir şey Azərbaycanın prinsiplərində israrlı olmasıdır. İndiki məqamda prinsipiallığımız Laçın yolunda davam edən etiraz aksiyaları ilə təcəssüm olunur, dünyaya sübut edilir.
 
-Son vaxtlar Ermənistanın ikili siyasəti yenidən gündəmə gəlir. Bu addımlar nədən irəli gəlir?
 
-Ermənistan baş  naziri Nikol Paşinyan Rusiyaya qarşı istifadə etdiyi ultimativ ritorika ilə anti-Rusiya siyasətini hər gün daha çox deşifrə edir.  O, əvvəl Kremldən yanvarın 10-na kimi Laçın dəhlizinin açılmasını tələb etməklə Rusiyanı Ermənistanın MDB və KTMT-dən çıxacağı ilə şantaj etdisə, son mətbuat konfransında bildirdi ki, “Rusiyanın Ermənistanda hərbi mövcudluğu nəinki sonuncunun təhlükəsizliyinə təminat vermir, əksinə, respublika üçün təhlükələr yaradır”. Deməli, Paşinyan vaxt uzatmasından istifadə etdiyi zaman periodunda öz dayandığı və dayanacağı tərəfi daha qəti şəkildə müəyyən edib. Yol qərbyönümlü və Qərbə doğrudur. Rusiyanın indiki vəziyyəti fonunda sülhməramlılara mandat verilməsi məsələsinin BMT TŞ-na çıxarılsa belə nə ilə nəticələnəcəyi məlum olduğundan Paşinyanın vasitəsilə bu amil üzərindən Rusiyaya təzyiq etdirilməsi də bu yolun cığırlarından biridir. Yəni, mandat yoxdursa, üzü əldə olunmağa da gedilmirsə, beynəlxalq sülhməramlı missiya yəni, digər cəbhə regiona gəlsin.
 
-Digər tərəfdən Ermənistan rəhbərliyi, siyasi elitası, azərbaycanlı ekofəalların haqlı, dinc etiraz aksiyasını dünyaya “erməni soyqırımı” kimi göstərməyə çalışır. Bu da bir növ ölkəmizi beynəlxalq miqyasda yanlış qələmə verməyə xidmət edir. Bu “çağırışların” hədəfi nədir?

-Son vaxtlarda erməni mətbuatında belə bir fikir dövriyyə edilir ki, guya Laçın yolunda baş verən hadisələr, etiraz aksiyaları Rusiya-Azərbaycanın ortaq planıdır. Bu isə Qərbin vasitəçiliyi ilə baş verə biləcək hər hansı bir görüşə Azərbaycanın bir addım geridə getməsi üçün ortaya atılan hiylədir. Türkiyəyə qarşı illərdir istifadə olunan qondarma “erməni soyqırımı” kartının yenidən işə salınması Zəngəzur dəhlizinin reallaşmasına, türk dünyasının birləşməsinə qarşı olan İranın lehinə işləyən məsələdir. Bir tərəfdən də bu amil İran və Ermənistanı birləşdirir.
Köhnə məsələlərin alovlandırılması, tarixə yenidən dönülməsinə əlavə olaraq mövcud fikir ayrılıqları region dövlətləri arasında ciddi narazılıqlar, qarşılıqlı təhdidlər, əzələ nümayişləri ilə nəticələnir.  Bütün bunların isə nəyə gətirəcəyi, bu məsələlərə regiondan kənar qüvvələrin necə reaksiya verəcəyi region dövlətlərini müəyyən nöqtədə risk hesablamaları ilə güzəştə getməyə məcbur edir. Hər nə qədər İran Ukrayna müharibəsində dron istifadəsini inkar etsə də və indiki məqamda İran-Rusiya İttifaqı zərurətdən doğan reallığa çevrilsə də İran Rusiyanın regionda mövqelərinin zəifləyəcəyi təqdirdə aparıcı aktor kimi önə çıxmağı planlaşdırır. Şübhəsiz ki, elə məhz bu səbəbdəndir ki, Qərb bu planın qarşısını almaq üçün İrandakı etiraz aksiyaları vasitəsilə bu dövlətin zəiflədilməsini hədəf tutur.

//Safura Bənnayeva, Editor.az