Fərid Şahbazlı: Zelenskinin Qəbələ səfəri Azərbaycanın qlobal diplomatik nüfuzunun artan dinamikasını nümayiş etdirirbackend

Fərid Şahbazlı: Zelenskinin Qəbələ səfəri Azərbaycanın qlobal diplomatik nüfuzunun artan dinamikasını nümayiş etdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müasir beynəlxalq münasibətlər sistemində rəqabətin dərinləşdiyi və yeni güc mərkəzlərinin formalaşdığı bir mərhələdə Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri həm ikitərəfli, həm də daha geniş geosiyasi kontekst baxımından mühüm siyasi hadisə kimi dəyərləndirilir”.

Bu sözləri siyasi şərhçi, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib. Onun sözlərinə görə, bu səfər yalnız diplomatik protokol çərçivəsində baş tutan görüş deyil, eyni zamanda dəyişən beynəlxalq reallıqlar fonunda tərəflərin strateji mövqelərinin uzlaşdırılması prosesinin tərkib hissəsidir.

Fərid Şahbazlı vurğulayır ki, Azərbaycan son illərdə suverenliyini tam bərpa etmiş dövlət kimi daha çevik və çoxvektorlu xarici siyasət yürüdən aktora çevrilib: “Onun fikrincə, rəsmi Bakı qarşılıqlı hörmət və bərabər tərəfdaşlıq prinsipini qorumaqla yanaşı, dəyişən güc balansına uyğun adaptasiya qabiliyyəti nümayiş etdirir. Eyni zamanda Ukraynanın Azərbaycanın ərazi bütövlüyünə verdiyi davamlı dəstək iki ölkə arasında münasibətlərin dəyər əsaslı siyasi xətt üzərində formalaşdığını göstərir”.

Şahbazlı qeyd edib ki, İlham Əliyev ilə keçirilən görüşlər təkcə mövcud əməkdaşlığın təsdiqi deyil, həm də yeni geoiqtisadi reallıqlar fonunda tərəflərin mövqelərinin koordinasiya edilməsi baxımından əhəmiyyətlidir: “Ukrayna Prezidentinin Azərbaycana və Prezident İlham Əliyevə göstərilən yüksək qonaqpərvərlik və konstruktiv dialoq mühiti üçün təşəkkür ifadə etməsi iki ölkə arasında siyasi etimadın və qarşılıqlı hörmətin bariz göstəricisidir”.

Onun fikrincə, xüsusilə enerji və logistika sahəsində əməkdaşlıq potensialı Avropanın enerji təhlükəsizliyi kontekstində Şərq–Qərb xəttində alternativ marşrutların formalaşmasına zəmin yarada bilər.

Fərid Şahbazlı əlavə edir ki, Azərbaycanın Ukraynaya münasibəti konkret və praktik addımlarla müşayiət olunur:

“Humanitar yardımlar, enerji dəstəyi və sosial layihələr Azərbaycanın balanslı xarici siyasət xəttini qorumaqla yanaşı, onun məsuliyyətli beynəlxalq aktor kimi mövqeyini də gücləndirir. Onun fikrincə, bu yanaşma Bakıya müxtəlif güc mərkəzləri ilə paralel münasibətləri qorumaq imkanı verir və ölkəni bloklaşmış sistemlərdən kənarda saxlayır”.

Şahbazlı həmçinin bildirir ki, görüşdə Azərbaycanın mümkün vasitəçi rolu ilə bağlı səslənən fikirlər təsadüfi deyil.

Onun sözlərinə görə, bu, Azərbaycanın son illərdə formalaşdırdığı etimad kapitalının və neytral platforma imicinin nəticəsidir: “Bakı bu baxımdan regionda və ondan kənarda dialoq üçün etibarlı məkan kimi qəbul olunur”.

Siyasi şərhçi vurğulayır ki, Azərbaycan artıq yalnız regional deyil, daha geniş geosiyasi müstəvidə təsir imkanlarını artıran aktor kimi çıxış edir. Onun fikrincə, bu yeni rol ölkənin təkcə enerji resursları ilə deyil, həm də diplomatik etimad, balanslı siyasət və vasitəçilik potensialı ilə formalaşır.

Fərid Şahbazlı hesab edir ki, Zelenskinin Azərbaycana səfəri iki ölkə münasibətlərində yeni dinamika yaradaraq Azərbaycanın beynəlxalq sistemdə artan rolunu və çoxşaxəli diplomatik platforma kimi möhkəmlənməsini bir daha nümayiş etdirir.

Fərid Şahbazlı 

Siyasi şərhçi