Sürətli qidaların az miqdarda qəbulu belə konsentrasiyanı zəiflədə bilərbackend

Sürətli qidaların az miqdarda qəbulu belə konsentrasiyanı zəiflədə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Monash Universitetinin alimləri müəyyən ediblər ki, ultra emal olunmuş qidaların hətta orta səviyyədə qəbulu belə diqqət və məlumat emal sürətinin zəifləməsi ilə əlaqəlidir.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələri Alzheimer’s & Dementia: Diagnosis, Assessment & Disease Monitoring jurnalında dərc olunub.

Araşdırmaya demensiya əlaməti olmayan 2100-dən çox avstraliyalı yetkin şəxs cəlb edilib. Tədqiqatçılar onların qidalanma məlumatlarını diqqət və zehni sürəti ölçən idrak testlərinin nəticələri ilə müqayisə ediblər. Nəticələr ardıcıl bir əlaqə göstərib: qidada ultra emal olunmuş məhsulların payı nə qədər yüksəkdirsə, diqqət göstəriciləri bir o qədər aşağı olur.

Ultra emal olunmuş qidalar tərkibində aroma vericilər, stabilizatorlar, dad gücləndiricilər və digər texnoloji əlavələr olan yüksək səviyyədə işlənmiş məhsulları əhatə edir. Bunlara xüsusilə şirin qazlı içkilər, çipslər, fast food və hazır yeməklər daxildir.

Müəlliflərin bildirdiyinə görə, belə qidaların gündəlik istehlakında cəmi 10% artım belə konsentrasiyanın azalması ilə əlaqələndirilib. Bu təsir ümumi qidalanma keyfiyyətindən asılı olmayaraq müşahidə olunub. Nisbətən sağlam qidalanan insanlarda belə, ultra emal olunmuş qidaların yüksək qəbulu mənfi təsir göstərib.

Tədqiqatçılar vurğulayırlar ki, aşkar edilən əlaqə yalnız sağlam qidaların azlığı ilə izah olunmur. Qidaların emal dərəcəsinin də rol oynadığı, bunun struktur dəyişikliklərə səbəb ola biləcəyi və beyin funksiyalarına potensial zərərli təsirlər yarada biləcəyi qeyd olunur.

//Gülnarə Abasova, Editor.az