Fransanın Cənubi Qafqazda öz maraqları var: “Nə Rusiya, nə də ermənilər…” -AÇIQLAMAbackend

Fransanın Cənubi Qafqazda öz maraqları var: “Nə Rusiya, nə də ermənilər…” –AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa Birliyinin Ermənistana iki illik müddətə mülki missiya göndərməsi Cənubi Qafqaz uğrunda geopolitik mübarizənin tərkib hissəsidir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib.

Onun sözlərinə görə, Fransa Ukrayna savaşında zəifləyən Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb və onun əvəzinə regiona yerləşməyə can atır: “ Ancaq bir müddət öncə Azərbaycan prezidenti İlham Əliyev Fransanın Cənubi Qafqaza birbaşa gəliş planlarını blokladığından indi rəsmi Paris bu hədəfinə dolayısı yolla çatmaq niyyətinə düşüb. Yəni, indi Fransa Avropa Birliyinin “mülki missiya şneli”nə bürünərək, Cənubi Qafqaza yerləşməyə çalışır. Ona görə də, Avropa Birliyinin “mülki missiya”sını Fransanın “geopolitik desantı” hesab etmək olar”.

E.Xalidbəyli vurğulayır ki, Kremldə Paşinyan hakimiyyətinin israrlı davranışları səbəbindən Fransanın Cənubi Qafqazda Rusiya ilə geopolitik savaşa başladığını anlayırlar:

“Rusiya siyasi dairələri əmindirlər ki, Fransanı əslində, Ermənistan və ermənilər düşündürmür. Rəsmi Paris enerji resursları ilə zəngin, nəqliyyat logistika qovşağına çevriləcək, iqtisadi-ticari perspektivləri böyük maliyyə qaynağı vəd edən Cənubi Qafqazda geoiqtisadi layihələrdən Fransaya pay qoparmaq niyyəti güdür. Digər tərəfdən, Avropa Birliyinin “fransız desantı” rolunu oynayacaq mülki missiyasının tərkibində əsasən hərbi kəşfiyyatçıların yer alma ehtimalı da var. Kreml Ermənistandakı Rusiya hərbi bazası və rus sərhəd qoşunları barədə kəşfiyyat materialları toplanacağından da ciddi şəkildə narahatdır. Ona görə də Rusiya siyasi dairələri Avropa Birliyinin mülki missiyasının gəlişinə müqavimət göstərməyə çalışır. Rəsmi İrəvana bu barədə xəbərdarlıq mesajları verilsə də Paşinyan hakimiyyəti Fransanın dəstəyinə güvənərək, Rusiyanın narazılıqlarına əhəmiyyət vermir. Və bu, yaxın vaxtlarda Rusiyanın daha radikal addımlar atmasına da səbəb ola bilər”.

“Nəzərə almaq lazımdır ki, Rusiya Ukrayna savaşında nə qədər zəifləmiş olsa da, Kremlin Ermənistana olduqca ciddi təsir mexanizmləri mövcuddur. Ermənistan ərazisində dislokasiya olunan Rusiya qoşunları, Ermənistan iqtisadiyyatının rus şirkətlərinin nəzarətində olması, rəsmi İrəvanın enerji resurslarını Rusiyadan bazar qiymətindən qat-qat ucuz qiymətə alması və s. olduqca ciddi təsir mexanizmləri sayıla bilər. Digər tərəfdən, unutmaq olmaz ki, Kreml hər an radikal hərbi addımlar da ata bilər. Məsələn, vaxtilə Saakaşvili hakimiyyəti dövründə Gürcüstana yönəlik hərbi əməliyyatlar Ermənistana münasibətdə də təkrarlana bilər. Yəni, Kremlin əslində, səbri tükənir və Rusiyanın Ermənistana hərbi müdaxilə ehtimalı qətiyyən istisna deyil. Əgər, Kremldə Paşinyan hakimiyyətinin Rusiyaya xəyanət yolundan dönməyəcəyinə tam əmin olsalar, bu, Ermənistanın daxildən qarışdırılması və sonrakı mərhələdə ümumiyyətlə, erməni dövlətçiliyin ləğv olunması ilə də nəticələnə bilər”, -deyə politoloq fikirlərini sonlandırıb.

//Safura Bənnayeva, Editor.az