Həkim xoruldama ilə bağlı xəbərdarlıq etdi: bunun arxasında təhlükəli problem dayana bilərbackend

Həkim xoruldama ilə bağlı xəbərdarlıq etdi: bunun arxasında təhlükəli problem dayana bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xoruldama sadəcə gecə yaranan narahatedici səs deyil. Mütəxəssisin sözlərinə görə, bəzi hallarda onun arxasında yuxu zamanı tənəffüsün dayanması və orqanizmin oksigen çatışmazlığı dayana bilər.

Editor.az xəbər verir ki, bunu otolarinqoloq Aleksandr Letkin bildirib. O, xoruldama yuxu zamanı yuxarı tənəffüs yollarındakı yumşaq toxumaların vibrasiyası nəticəsində yaranır.

Həkimin sözlərinə görə, artıq çəki, siqaret çəkmək, alkoqol qəbulu, dişləm pozuntuları, burundan nəfəsalmanın çətinləşməsi, eləcə də dilçək və badamcıqların böyüməsi xoruldamanın yaranmasına və ya güclənməsinə səbəb ola bilər.

Mütəxəssis qeyd edib ki, xoruldama yaxın zamanda yaranıbsa və ya getdikcə güclənirsə, bunun hansı şəraitdə baş verdiyinə diqqət yetirmək vacibdir.

Bəzi insanlarda xoruldama xüsusilə arxası üstə yatarkən güclənir. Belə hallarda yan üstə yatmağa çalışmaq simptomların azalmasına kömək edə bilər.

Həkim həyat tərzində bəzi dəyişikliklərin də xoruldamanı azaltmağa kömək edə biləcəyini bildirib.

Onun sözlərinə görə, artıq çəkidən xilas olmaq simptomların şiddətini azalda bilər. Eyni zamanda, yatmazdan əvvəl alkoqol qəbul etmək udlaq əzələlərinin boşalmasına səbəb olur. Nəticədə tənəffüs yolları daha çox daralır və xoruldama güclənir.

Bu səbəbdən mütəxəssis axşam saatlarında alkoqoldan uzaq durmağı tövsiyə edib.

Letkin bəzi yuxu dərmanlarının da tənəffüs yollarının əzələlərini boşalda biləcəyini vurğulayıb.

Bu səbəbdən, xüsusilə xoruldayan və ya yuxu apnesi əlamətləri olan şəxslərin yatmazdan əvvəl bu tip preparatları qəbul etməsi həkimlə razılaşdırılmalıdır.

Yataq otağının havalandırılması və hava çox qurudursa, nəmləndiricidən istifadə də faydalı ola bilər. Lakin həkimə görə, bu tədbirlər əsasən burun selikli qişasının rahatlığını təmin edir və xoruldamanın özünü birbaşa müalicə etmir.

Mütəxəssis bildirib ki, xoruldamanın səbəbi burundan nəfəsalmanın çətinləşməsi olduqda, ilk növbədə problemin mənbəyini müəyyənləşdirmək lazımdır.

Buna allergik rinit, burun çəpərinin əyriliyi, adenoidlər, poliplər və digər LOR xəstəlikləri səbəb ola bilər. Əsas xəstəliyin müalicəsi isə bəzi hallarda xoruldamanın da azalmasına gətirib çıxara bilər.

Həkimlərin fikrincə, davamlı və güclənən xoruldama diqqətdən kənarda qalmamalıdır. Xüsusilə yuxu zamanı nəfəsin dayanması müşahidə olunursa, bunun səbəbini müəyyənləşdirmək üçün mütəxəssisə müraciət etmək vacibdir.

//Gülnarə Abasova, Editor.az