Könül Nurullayevadan gənclərlə bağlı xəbərdarlıq: “Yanlış informasiya və manipulyasiyalara aldanmayın”backend

Könül Nurullayevadan gənclərlə bağlı xəbərdarlıq: “Yanlış informasiya və manipulyasiyalara aldanmayın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gənclərin cəmiyyətin inkişafındakı rolu hər zaman aktual olaraq qalır. 12 avqust – Beynəlxalq Gənclər Günü də bütün dünyada gənc nəslin cəmiyyətin inkişafındakı roluna diqqət çəkmək məqsədilə qeyd olunur. Bu əlamətdar gün gənclərin qarşılaşdığı məsələlərin müzakirəsi, onların hüquq və imkanlarının genişləndirilməsi, təhsil və inkişaf üçün əlverişli şəraitin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.
Gənclik yalnız gələcəyin deyil, həm də bu günün ictimai, sosial, iqtisadi, mədəni və intellektual həyatında fəal iştirak edən vacib sosial qüvvədir”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Millət vəkili bildirib ki, Azərbaycanda da gənclər ölkənin ictimai-sosial həyatının aparıcı iştirakçılarından birinə çevrilərək müxtəlif sahələrdə öz potensiallarını nümayiş etdirirlər:

“Azərbaycanda dövlət gənclər siyasətinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin gənclərə ünvanladığı fikirlərdə vətənpərvərlik, dövlətçilik, milli-mənəvi dəyərlərə bağlılıq və Azərbaycanın gələcəyi üçün məsuliyyət daşımaq xüsusi yer tuturdu. Sonrakı illərdə də gənclərin ictimai-siyasi fəallığının artırılması, onların təşkilatlanması, təhsil və məşğulluq imkanlarının genişləndirilməsi, beynəlxalq layihələrdə iştirakının dəstəklənməsi və potensiallarının reallaşdırılması istiqamətində müxtəlif proqram və layihələr həyata keçirilib.

Gənclər yeni ideyaların, yaradıcılığın, innovasiyanın və sosial dəyişikliklərin əsas hərəkətverici qüvvələrindən biridir. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə yeni bilik və bacarıqlara yiyələnən, müasir texnologiyalardan səmərəli istifadə edən, yaradıcı və tənqidi düşünmə qabiliyyətinə malik gənclər ölkənin intellektual və insan kapitalının mühüm hissəsini təşkil edir.

Azərbaycanda dövlət gənclər siyasətinin əsas məqsədlərindən biri gənclərin hərtərəfli inkişafına şərait yaratmaq, onların potensialından səmərəli istifadə etmək və ictimai həyatda fəallığını artırmaqdır. Gənclərin təhsil, elm, mədəniyyət, idman, innovasiya, sahibkarlıq və digər sahələrdə inkişafına xüsusi diqqət yetirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətində də gənc nəslin inkişafına xüsusi diqqət ayrılır. Gənclərin bilik və bacarıqlarının artırılması, onların vətənpərvər və savadlı kadr kimi yetişdirilməsi, məşğulluğunun təmin olunması, sosial və mədəni həyatda fəallığının dəstəklənməsi bu siyasətin mühüm istiqamətlərindəndir.
Bu gün Azərbaycan gənclərinin ictimai-sosial fəallığı müxtəlif istiqamətlərdə özünü göstərir. Gənclər ictimai birliklərin, könüllülük proqramlarının, sosial layihələrin, maarifləndirici tədbirlərin və müxtəlif təşəbbüslərin həyata keçirilməsində fəal iştirak edirlər. Xüsusilə könüllülük fəaliyyəti gənclərdə sosial məsuliyyət hissinin formalaşmasına mühüm töhfə verir. Elm, təhsil, texnologiya, sahibkarlıq, mədəniyyət, incəsənət və yaradıcılıq sahələrində əldə olunan nailiyyətlər də gənc nəslin ölkənin inkişafına verdiyi töhfənin göstəricisidir.
2026-cı il üzrə Prezident mükafatlarının elm, təhsil, mədəniyyət, ictimai-sosial fəaliyyət, innovasiya, sahibkarlıq və gənclərlə iş kimi müxtəlif istiqamətləri əhatə etməsi də gənclərin fəaliyyətinin çoxşaxəli xarakterini nümayiş etdirir.

Nəzərə alsaq ki, müasir dünyada ölkələrin inkişafında insan kapitalı və innovasiya xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan gənclərin keyfiyyətli təhsil alması, müasir peşələrə yiyələnməsi və yeni texnologiyalardan istifadə bacarıqlarının artırılması strateji əhəmiyyət kəsb edir”.

Onun sözlərinə görə, Azərbaycan gəncliyinin qarşısında duran əsas vəzifələrdən biri müasir bilik və bacarıqları milli-mənəvi dəyərlərlə uzlaşdırmaqdır:

“İntellektual, dünyagörüşlü, yaradıcı, vətənpərvər və sosial məsuliyyətli gənc nəslin formalaşdırılması cəmiyyətin davamlı inkişafının mühüm şərtlərindəndir.
Gənclərin beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil etməsi də xüsusi əhəmiyyət daşıyır. Müxtəlif beynəlxalq tədbirlərdə, təhsil və elm proqramlarında, idman yarışlarında və mədəni layihələrdə Azərbaycan gənclərinin iştirakı ölkənin dünyada tanıdılmasına və gənclər arasında beynəlxalq əməkdaşlığın genişlənməsinə imkan yaradır.
Bu gün gənc nəslin üzərinə mühüm sosial məsuliyyət də düşür. İctimai proseslərə biganə qalmamaq, qanunlara hörmət etmək, ətraf mühitin qorunmasına töhfə vermək, ehtiyacı olan insanlara yardım göstərmək, könüllülük fəaliyyətində iştirak etmək və ictimai təşəbbüslərə dəstək vermək vətəndaş məsuliyyətinin mühüm göstəriciləridir. Bu baxımdan fəal gənc həm öz gələcəyini formalaşdırır, həm də cəmiyyətin inkişafına töhfə verir.
Müasir Azərbaycan gəncinin vətənpərvərlik ruhunda yetişməsi dövlət və cəmiyyət üçün xüsusi əhəmiyyət daşıyır. Milli-mənəvi dəyərlərə bağlılıq, dövlətçilik düşüncəsi və Vətən qarşısında məsuliyyət hissi gənc nəslin tərbiyəsində mühüm yer tutur. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda mübarizədə gənclərin göstərdiyi fədakarlıq da bu baxımdan xüsusi qeyd olunmalıdır. 44 günlük Vətən müharibəsində iştirak edən gənclərin göstərdiyi qəhrəmanlıq əsl nümunədir.
Prezident İlham Əliyev də çıxışlarında Vətən müharibəsində iştirak edənlərin böyük əksəriyyətinin müstəqillik dövründə yetişən gənclər olduğunu vurğulayaraq onların vətənpərvərlik və fədakarlıq göstərdiklərini qeyd edib.
Gənclik sağlam düşüncəyə, yüksək mənəvi keyfiyyətlərə, müasir biliklərə və güclü intellektual potensiala malik olduqda cəmiyyət də daha sürətlə inkişaf edir. Çünki cəmiyyətin aparıcı qüvvələrindən biri olan gənclərin inkişafı ölkənin gələcək inkişaf modelini də müəyyənləşdirir.
Bu baxımdan 12 Avqust – Beynəlxalq Gənclər Günü həm də gənclərin qarşısında açılan imkanları, onların üzərinə düşən məsuliyyəti və cəmiyyətin gənc nəslə göstərməli olduğu dəstəyi bir daha gündəmə gətirir.
Bir məqamı da qeyd etməyi vacib bilirəm. Təəssüf ki, bəzi hallarda bir qrup gənc bəlli dairələrin təsiri altına düşərək milli maraqlara zidd fəaliyyət göstərir. Belə fəaliyyətlərə qoşulan gənclər bir sıra hallarda yanlış informasiya, manipulyasiya, radikal çağırışlar və müxtəlif təsir mexanizmləri nəticəsində reallıq hissini unudur. Bu isə həm həmin gəncin şəxsi gələcəyi, həm də cəmiyyət üçün mənfi nəticələr yaradır. Emosional və manipulyativ çağırışlar, saxta məlumatlar və kontekstdən çıxarılmış materiallar gənclərin düşüncəsinə mənfi təsir göstərir. Buna görə də hər bir gənc məsuliyyətli olmalı, emosional çağırışlara kor-koranə qoşulmamalıdır. Yaxşı təhsil almaq, qanunlara hörmət etmək, cəmiyyətə faydalı fəaliyyət göstərmək, ictimai məsuliyyət daşımaq və ölkənin inkişafına öz töhfəsini vermək vətəndaşlıq məsuliyyətinin prinsipləridir. Gənclərimiz unutmamalıdır ki,  düzgün yol — cəmiyyətə və dövlətə fayda verən, savada, məsuliyyətə və konstruktiv vətəndaş mövqeyinə əsaslanan yoldur”.

//Gülnarə Abasova, Editor.az