Azərbaycan və Ermənistan arasında sülh gündəliyində əsas məsələlərdən biri yekun razılaşmanın imzalanması üçün zəruri şərtlərin təmin edilməsidir. Bakı sülh prosesində qarşılıqlılıq prinsipini və regionda uzunmüddətli sabitliyin formalaşmasını prioritet kimi müəyyənləşdirir. Ermənistanın daxili siyasi gündəliyi, konstitusiya dəyişiklikləri ilə bağlı mövqeyi və bundan sonrakı mərhələdə atacağı addımlar isə sülh sazişinin perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması heç vaxt indiki qədər yaxın olmayıb:
“Azərbaycan iki ölkə arasında davamlı sülhün təmin olunması istiqamətində təşəbbüslərini ardıcıl şəkildə davam etdirir. Bu çərçivədə Azərbaycan öz ərazisindən Ermənistana tranzit daşımalarla bağlı tətbiq olunan məhdudiyyətləri aradan qaldırıb. Eyni zamanda, ölkəmiz Ermənistana neft məhsullarının ixracını həyata keçirir və digər istiqamətlərdə də ticarət-iqtisadi əməkdaşlığın inkişafı üçün imkanlar yaradır.
Bu addımlar Azərbaycanın regionda sülhün, etimadın və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsində maraqlı olduğunu bir daha nümayiş etdirir. Bununla yanaşı, Azərbaycan Ermənistandan da qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində konkret addımlar gözləyir”.
Onun sözlərinə görə, Ermənistanda parlament seçkiləri ilə əlaqədar müəyyən müddət ərzində siyasi proseslərin ləngiməsini anlamaq mümkündür:
“Lakin seçkilər başa çatdıqdan sonra sülh danışıqlarının yenidən aktiv mərhələyə keçəcəyinə ümid var. Avqustun 2-də Ermənistan Milli Assambleyasının ilk iclası keçiriləcək. Bundan sonra parlamentin və hökumətin tam formalaşması prosesi başa çatacaq və növbəti mərhələdə rəsmi İrəvanın atacağı addımlar sülh prosesinin taleyinə birbaşa təsir göstərəcək.
Azərbaycanın əsas gözləntisi Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılmasıdır. Məhz bu məsələ həllini taparsa, yekun sülh sazişinin imzalanması qarşısında əsas maneə də aradan qalxmış olacaq.
Baş nazir Nikol Paşinyan çıxışlarında yeni Konstitusiya layihəsinin ilin sonuna qədər ictimai müzakirəyə təqdim ediləcəyini, referendumun isə gələn il keçiriləcəyini bildirib. Bu isə onu göstərir ki, Konstitusiya dəyişikliyi başa çatmadan yekun sülh sazişinin imzalanması real görünmür. Bu səbəbdən hesab edirəm ki, Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanması daha çox gələn il mümkün ola bilər”.
// Gülnarə Abasova, Editor.az

