Nura Suridən toy təşkilatçılarına ittiham: “Toy sahibinin zövqü yox, qazanc əsasdır”backend

Nura Suridən toy təşkilatçılarına ittiham: “Toy sahibinin zövqü yox, qazanc əsasdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış müğənni Nura Suri Azərbaycanda toy mərasimlərində formalaşan seçimlər və toy təşkilatçıları ilə bağlı sərt fikirlər səsləndirib.

Müğənni sosial şəbəkə hesabında paylaşdığı yazıda cəmiyyətdə hələ də “hamı eyni cür yaşamalıdır” düşüncəsinin mövcud olduğunu bildirib. Onun sözlərinə görə, insanlar fərqlənmək, öz zövqünü və fərdiyyətini nümayiş etdirmək əvəzinə, başqalarının seçimlərini təkrarlamağa üstünlük verirlər.

Nura Suri xüsusilə toy mərasimlərində bu tendensiyanın daha qabarıq göründüyünü qeyd edib.

“Hər gün eyni tipli toylar: eyni musiqiçilər, eyni müğənnilər, eyni repertuar, eyni videoqraf, eyni fotoqraf, eyni təşkilatçı, eyni şadlıq sarayı…” – deyə müğənni yazıb.

O bildirib ki, hansısa vəzifəli şəxsin övladının toyunda müəyyən müğənni, təşkilatçı və ya fotoqraf iştirak edibsə, sonradan bir çoxları həmin şəxslərlə işləməyə çalışır.

“Guya bunu etməsələr, geri qalacaqlar”, – Nura Suri qeyd edib.

Müğənni bu sistemin bəzi təşkilatçıların maraqlarına xidmət etdiyini də iddia edib. Onun sözlərinə görə, təşkilatçılar eyni şəxslərlə işlədikdə müxtəlif xidmətlərdən faiz əldə edir və nəticədə bir-birini dəstəkləyən qapalı çevrə formalaşır.

Nura Suri şadlıq saraylarının da bu sistemdə rol oynadığını bildirib:

“Şadlıq sarayları da eyni sistemlə işləyirlər: toyun özündən qazandıqları bəs etmir, təşkilatçı ilə də faiz bölüşürlər. Monopoliya tam gücü ilə işləyir.”

Müğənni toy sahibinin öz zövqünün və seçiminin isə bəzən nəzərə alınmadığını vurğulayıb.

“Toy sahibi təşkilatçıya deyir ki, filan müğənnini və ya fotoqrafı istəyirəm. Təşkilatçı isə dərhal başlayır: ‘Onları neynirsiniz? Filankəsləri çağıraq’. Çünki toy sahibinin zövqü yox, təşkilatçının qazancı əsasdır”, – deyə o yazıb.

Nura Suri bəzi müğənnilərin yüksək gəlirlərinə də toxunaraq vergi məsələsini gündəmə gətirib. O, gündə bir neçə tədbirə gedərək yüksək məbləğ qazanan müğənnilərin nə qədər vergi ödədiyinin məlum olmadığını, lakin təşkilatçılara yüksək faiz verildiyini iddia edib.

Paylaşımının sonunda Nura Suri insanları başqalarını kor-koranə təkrarlamamağa çağırıb.

“Başqalarını təkrarlamaq sizi bənzəmək istədiyiniz insanlarla eyni pilləyə qaldırmır. ‘Filankəs etdi, mən də edim’ prinsipi ilə yaşamaq isə çox maraqsızdır”, – deyə müğənni bildirib.

Nura Suri həmçinin qeyd edib ki, cəmiyyətdə hər kəsin bildiyi, lakin deməyə cəsarət etmədiyi fikirləri səsləndirdiyi zaman sonda “pis adam” kimi təqdim olunur.