Hikmət Babaoğlu: “Paşinyanın Şuşa etirafı edəcəkləri etirafların hələ başlanğıcıdır”backend

Hikmət Babaoğlu: “Paşinyanın Şuşa etirafı edəcəkləri etirafların hələ başlanğıcıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan 44 günlük müharibədən sonra yeni reallıq yaratmaqla bərabər, həm də tarixi reallıqların yenidən dərk edilməsi üçün bir mərhələ yaratdı’’. Bu sözləri Editor.az- a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyanın parlamentdə deputatların suallarını cavablandıran zaman Şuşa şəhərinin əhalisinin 90 faizdən çoxunun azərbaycanlılardan ibarət olması ilə bağlı etirafı təkcə Şuşanın deyil, bütövlükdə Dağlıq Qarabağ ərazisinin Azərbaycana məxsus olması reallığının etirafıdır: “Əlbəttə, Dağlıq Qarabağ ərazisi Azərbaycana məxsusdur, ermənilər isə ora Çar Rusiyasının siyasəti ilə demoqrafik mühəndisliyi sayəsində dizayn edilmiş və kənardan Azərbaycan ərazisinə gətirilərək məskunlaşdırılmış insanlardır. Bu mövcud reallığın dərk olunması mühüm bir hadisədir. Çünki bölgəmizdə uzunmüddətli sülhün bərqərar olmasının yolu həm mövcud reallıqların, həm də tarixi reallıqların yenidən dərk edilərək obyektiv əsaslarla hər kəsə aydın olmasından keçir’’.

O, bildirib ki, Azərbaycan tərəfinin gözləntisi ondan ibarətdir ki, ermənilər başqa- başqa ölkələrdən köçürülərək Dağlıq Qarabağda yerləşdirilməsi tarixi ilə bağlı abidə qoyduqlarını və cənubu qafqaza köçürülmələrinin il dönümü ilə bağlı aralarında keçirdikləri tədbirləri də bütün dünya qarşısında etiraf etsinlər: “Yalnız bundan sonrakı mərhələdə erməni ictimai rəyində azərbaycanlılara qarşı olan aqressiyanı, faşizmi yox etmək istiqamətində addımlar atmaq mümkün ola bilər”.

Millət vəkili son olaraq əlavə edib ki, Paşinyanın Şuşa etirafı edəcəkləri etirafların hələ başlanğıcıdır və bütün bu etirafları şərtləndirən Azərbaycanın işğalçı ölkəyə verdiyi tarixi dərsdir: “Bu erməniləri real əsaslarla düşünməyə məcbur edib. Bütün bu reallıqlarla yanaşı Ermənistan dərk etməlidir ki, qonşu ölkələrə qarşı ərazi iddiaları ilə çıxış etmək, boş xülyalara qapılaraq dənizdən-dənizə dövlət qurmaq ambisiyalarıyla yaşamaqla regionda uzunmüddətli sülh içərisində gələcək qurmaq mümkün deyil”.

Gülnarə Abasova, Editor.az