İndi bölgədə ABŞ-ın müttəfiqi Azərbaycandır: Çünki…”- AÇIQLAMAbackend

İndi bölgədə ABŞ-ın müttəfiqi Azərbaycandır: Çünki…”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ötən il sülh sazişinin imzalanması üçün  əlverişli şərait yaranmışdı və Azərbaycanın təklif etdiyi baza prinsipləri ermənilər qəbul etmişdilər. İlin sonunda Brüsseldə bu sazişi imzalamaq sahəsində ilkin razılıq da var idi. Bu  prosesi isə Rusiya pozdu”.

Bu fikirləri Editor.az-a açıqlamasında Azərbaycan Naminə Alyans partiyasının sədri Abutalıb Səmədov bildirib.

“”Valday” formunda çıxış edən Vladimir Putin erməni cəmiyyətinə müraciət edərək onları Paşinyana qarşı qaldırmağa cəhd göstərdi. Müraciətin mahiyyəti ondan ibarət idi ki, Paşinyan sülh sazişinə Qarabağla bağlı heç bir bəndin əlavə edilməməsinə və Azərbaycanın Qarabağ üzərində suverenliyinin təsdiq olunmasına razılıq vermişdi. Putin isə müraciətində dedi ki, əgər siz bu şərtlərlə sülh sazişini imzalamaqda razısınızsa, Rusiya buna heçnə demir. Əgər Qarabağa status verilməsini düşünürsünüzsə, bu müzakirə oluna bilər. Bu bəyanatı verməklə həm ermənilərə, həm də Paşinyana belə bir ümid verdi ki, birincisi sülh sazişinə Qarabağla bağlı bənd əlavə edilə bilər. İkincisi isə Qarabağın status məsələsini gündəlikdə saxlamaq olar. Paşinyan bununla dərhal razılaşdı. Çünki digər variantları məcburiyyətdən qəbul etmişdi. Qərbin onu müdafiə etmədiyini anlamışdı”.

A.Səmədov qeyd edir ki, Rusiya mövqeyində dəqiq daya bilmədi və nəticədə prezident İlham Əliyev Soçi görüşündə qətiyyətlə bildirdi ki, heç bir status məsələsindən danışıla bilməz, sülh sazişi də Qərbin təklif etdiyi variantda imzalanmalıdır:

“Paşinyan gördü ki, bu müddətdə Rusiya dediyini edə bilmədi. Bununla da anladı ki, Vaşinqton variantına qayıtmaq, sülh sazişini imzalamaq lazımdır. Çünki bu məsələdə Ermənistanın dəstəyi yoxdur. Əvvəl ABŞ dəstəyini göstərirdi. Müxtəlif rəsmilərin dili ilə bəyan edirdi ki, mütləq status verilməlidir. Amma Ukrayna müharibəsinin gedişində Rusiyanı bölgədən vurub-çıxartmaq şansı yarandığı üçün prioritetlər dəyişdi. İndi regionda ABŞ-ın müttəfiqi  Azərbaycandır. Çünki Azərbaycan Rusiyanı bölgədən çıxartmaq istəyir. Reallıq budur. Güman edirəm ki, yaxın vaxtlarda sülh müqaviləsi imzalanacaq. Amma mübarizə qarşıdadır. Biz isə birlikdə erməni təxribatlarının qarşısını almalıyıq”.
 
//Safura Bənnayeva, Editor.az