“İran adlanan ölkənin mövcud rejimi həm də Fransanın layihəsidir”-Elçin Mirzəbəylidən AÇIQLAMAbackend

“İran adlanan ölkənin mövcud rejimi həm də Fransanın layihəsidir”-Elçin Mirzəbəylidən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Birləşmiş Ştatlar və bəzi qərb dövlətləri Ermənistanın İranla olan münasibətlərinə uzun illər boyu bir çox səbəblərdən müsbət yanaşıblar. Bu səbəblərdən biri İranın bölgədə türk çoxluğuna, o cümlədən Azərbaycan və Türkiyəyə olan münasibəti, Ermənistanın türk dünyasının bətnində qara yara kimi qalmasında maraqlı olması regionda türk faktorunun güclənməsinə qarşı aqressiv bir siyasət yürütməsidir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, İran adlanan ölkədə “məzhəb” pərdəsi arxasında fars millətçiliyini gizlətməyə çalışan molla rejimi ermənilərə Hind-Avropa mədəniyyətinin təmsilçiləri kimi daha doğma münasibət bəsləyir, onları özlərinə qohum xalq hesab edirlər:

“Mövcud molla rejimi Ermənistanın bir dövlət olaraq qorunub saxlanılmasında, hətta qonşularına ərazi iddialarını davam etməsində hər zaman maraqlı olub. Çünki Azərbaycanı və Türkiyəni özünə düşmən sayır və Ermənistana münasibətdə də “düşmənimin düşəni mənim dostumdur” prinsipindən çıxış edir. Bu reallıq, şübhəsiz ki, Ermənistanın öz geosiyasi maraqlarının ənənəvi maşası kimi qorunub saxlanılmasında maraqlı olan dairələri də qane edir”.

Politoloq qeyd edir ki, Fransa ilə bağlı məsələ müəyyən qədər fərqlidir:

“Çünki İran adlanan ölkənin mövcud rejimi həm də Fransanın layihəsidir. Amma mövcud geosiyasi reallıqlar və İranın onun üçün çəkilən sərhədləri adlamaq cəhdlərinin, bütövlükdə Qərb blokunun ənənəvi yanaşmalarına təsir göstərməsi də mümkündür və çox güman ki, proseslər məhz bu istiqamətdə də inkişaf edəcək”.

E.Mirzəbəylinin fikrincə, qlobal geosiyasi proseslər və maraqlar, eləcə də bölgədə yaranmış yeni reallıqlar kontekstində Ermənistanın İranla münasibətlərinə yenidən baxılması ehtimalı daha çoxdur:

“Hazırda Ermənistan sanksiyalar altında əzilən molla rejimi üçün çirkli pulların yuyulduğu məkan rolunu oynayır. İran Ermənistanda müştərək müəssisələr yaradaraq öz məhsullarını müxtəlif ölkələrin, o cümlədən Avrasiya İqtisadi ittifaqının bazarlarına çıxarır, Ermənistan vasitəsilə İrana ixracı sanksiya altına düşən məhsullar alır. Son bir il ərzində molla rejimi 500-dən çox məhsulu Ermənistanda istehsal olunan məhsul kimi müxtəlif ölkələrin bazarlarına çıxarıb və İranla Ermənistan arasında ticarət dövriyyəsinin artması ilə bağlı göstəricilər də məhz bununla bağlıdır. Yəni, bir zamanlar Azərbaycan torpaqlarının işğalı dövründə və daha sonra Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın dediyi kimi “İran Ermənistan üçün həyat yolu funksiyasını yerinə yetirirdisə” hazırda molla rejiminin ömrünün uzadılması üçün Ermənistan eyni missiyanı yerinə yetirir”.

//Safura Bənnayeva, Editor.az