İran Azərbaycanın yardımından niyə imtina etdi? – “Vəziyyət faciəvidir”backend

İran Azərbaycanın yardımından niyə imtina etdi? – “Vəziyyət faciəvidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran onsuz da iqtisadi olaraq çöküşdədir. Üstəlik, aylardır davam edən etirazlar da buna bir səbəb oldu ki, İranda olan problemlərin hamısı, gün üzünə çıxdı. Zəlzələ də, həmçinin…”

Bu sözləri Yenisabah.az-a açıqlamasında Türkiyədə yaşayan cənubi azərbaycanlı politoloq Rza Talebi deyib.

Siyasi şərhçi yanvarın 18 və 28-də İranın Qərbi Azərbaycan ostanında yerləşən Xoy şəhəri yaxınlığında baş verən zəlzələdə evləri dağılan və durumları çətin olan azərbaycanlılara Azərbaycan hökumətinin yardım əlini uzatmasından, habelə İran tərəfinin bu yardım təklifini qəbul etməməsinin səbəblərindən söz açıb.

R. Talebiyə görə, bu gün İran siyasi elitası hakimiyyəti idarə edə bilmir, ona görə də çalışır ki, siyasi təzyiqlər və basqılarla hakimiyyəti əlində saxlasın:

“Xüsusilə də mərkəzdən uzaq olan bölgələrdə belə hadisələr – zəlzələ, təbii fəlakət, yanğınlar və s. baş verdiyi zaman hökumətdə elə bir güc və qüdrət yoxdur ki, hadisələrə nəzarət edə bilsin”.

Analitik əlavə edib ki, İran dövləti daha əvvəllər Cənubi Azərbaycanda baş verən zəlzələlərdə yaranmış tələfatları hələ də həll edə bilməyib:

“Ardınca isə Xoyda bu məsələni gördük. Xoyda da zəlzələ daha çox şəhərətrafı kəndlərdə baş verdi. İranda yaşayış standartlarına görə, kəndlərdə sadəcə kasıb təbəqə yaşayır, pulu olanlar isə şəhərlərə köçür. Çünki Urmiya gölü ətrafında son zamanlar quraqlıq yaranıb, eləcə də quraqlıq kənd təsərrüfatına zərər vurduğuna görə, yaranmış işsizlik nəticəsində insanlar şəhərlərə köç edib. İşsizliklə bərabər, bu insanların şəhərlərə köçməsi əcaib bir şəhər mədəniyyətinin yaranmasına gətirib çıxarıb. Çünki hökumət kəndlərə investisiya qoymur deyə, kəndlər boşalır. Ona görə də kənd yerləri bir zəlzələylə darmadağın ola bilir”.

Müsahibimiz söyləyib ki, bu məsələylə bərabər, kəndlərin inkişafına ayrılan büdcə çox zaman yeyilir və başqa yerlərə xərclənir:

“Necə ki Xoyda da belə oldu. Xoy məsələsində biz gördük ki, hakimiyyət tamamilə çaş-baş vəziyyətdə qalaraq, heç bir yardımı bölgəyə çatdıra bilmədi. Həmin çadırlarda qalanların vəziyyəti də onu göstərdi ki, hər şey bərbaddır. Çünki məmləkətin hər şeyi talanıb, hər kəs istədiyi şəkildə davranır İranda, hətta prezident müavini oraya gələndə bildirdi ki, onun heç bir şeydən xəbəri yoxdur. Görün, vəziyyət nə dərəcədədir…”

Azərbaycan və Türkiyənin təkliflərindən İranın imtina etməsi məsələsinə toxunan mütəxəssis vurğulayıb:

“Ayrıca, İran hakimiyyəti Azərbaycan və Türkiyədən gələn dəstək yardımından da imtina etdi ki, guya, özü bu əraziləri bərpa etməyə qadirdir, hər şeyi özü edəcək və s. Lakin görünən budur ki, alınmır. İran hakimiyyəti çökdüyünü qəbul edə bilmir. Hətta beynəlxalq arenada simasının tamamilə zədələndiyini də qəbul etmir. Ona görə də belə vədlər verir ki, mən bacaracağam, özüm həll edəcəyəm və s.”

Siyasi icmalçı aydınlaşdırıb ki, zəlzələdən günlər keçməsinə baxmayaraq, həmin insanların harayasa yerləşdirilməsi, yaxud məskunlaşdırılması haqqında heç bir irəliləmə yoxdur:

“Xüsusilə də bu, Cənubi Azərbaycanın gözdən uzaq yerlərində olduğu üçün vəziyyət daha da faciəvidir. Bu evlər dağıldıqdan sonra necə bərpa ediləcək, yaxud tikiləcək, işlər necə həll ediləcək, planlar necə olacaq, bilinmir. Quraqlıq da bunu daha dəhşətli edir. Əgər Xoy bu vəziyyətdə qalacaqsa, 1 ay sonra da eyni problemlər yaşanacaq. Çünki hakimiyyətin əlində heç bir təcrübə və vəziyyətdən çıxma planı mövcud deyil”.