“İran PUA dəstəyi ilə Rusiyadan daha böyük güzəştlər əldə etməyə çalışır”- ŞƏRHbackend

“İran PUA dəstəyi ilə Rusiyadan daha böyük güzəştlər əldə etməyə çalışır”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns açıqlamasında bildirib ki, Rusiya Ukraynaya qarşı müharibə üçün dronların tədarükü müqabilində İrana raket proqramını inkişaf etdirməyə kömək edir. Digər tərəfdən də Ukrayna prezidenti Volodimir Zelenski Putinlə danışıqlara getməyəcəyini qeyd edib.

İran və Rusiya arasında müttəfiqliyin sürətlə inkişaf etməsi, rus ordusunun tanklar və artileriya ilə təmin edilməsi müharibənin gedişatını necə dəyişəcək?

Məsələ ilə bağlı Editor.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Rusiya ilə İran arasında olan hazırkı münasibətlər həm də Qərbin qəzəbinə tuş gəlib:

“Nüvə proqramı ilə bağlı BMT-də olan müzakirələr zamanı da Rusiya və Çin İranı müdafiə edib. Rəsmi Tehranla bağlı yekun qərara gəlmək müşkül məsələyə çevrilirdi. Bu gün Ukrayna müharibəsi fonunda İranın Rusiyaya PUA dəstəyi əvəzində bir sıra güzəştlər tələb olunur. Raket proqramının inkişaf etdirilməsi ilə bağlı məsələ artıq Mərkəzi Kəşfiyyat İdarəsinin də diqqət mərkəzinə düşüb. İran raket proqramını inkişaf etdirərsə, paralel olaraq nüvə tədqiqatlarını da artırması ilə ciddi gücə çevriləcək. Rusiya da hazırda Ukrayna cəbhəsində mütləq qələbəyə məqsəd qoyub. Burada rəsmi Tehranın raket sistemlərinin təkminləşdirilməsi həyata keçirilə bilər”.

Politoloqun fikrincə, bu hal İran üçün mühüm imkanlar vəd edir:

“İranın PUA dəstəyi Rusiyadan daha böyük güzəştlərin əldə olunmasına hesablanıb. Bəzi ekspertlərin fikrincə, İranın nüvə tədqiqatlarında da rus mühəndisləri kömək edə bilər. Bu isə artıq digər çətinlikləri gündəmə gətirir. Rəsmi Tehran ətrafında İsrail və ABŞ-ın təhlükəsizlik məsələləri üzrə tez-tez məsləhətləşmələri və müşahidələr keçirtməsi məhz regional təhlükəsizliyin daha da gücləndirilməsi anlamına gəlir. Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsində tərəflərin bir-birini həzm edə bilməməsi, Zelenski və Putinin danışıqlar masasına əyləşməməsi həm də uzunmüddətli İran-Rusiya əməkdaşlığını daha da artırmış olur. Bu baxımdan tərəflərin regional sabitliyə daha ciddi təhdid törətməsi gözləniləndir”.

//Safura Bənnayeva, Editor.az