“İranla münasibətlər yalnız bu halda bərpa oluna bilər”- AÇIQLAMAbackend

“İranla münasibətlər yalnız bu halda bərpa oluna bilər”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın xarici siyasəti indiki məqamda bir çox rəqabət aparan amillərin məhsuluna çevrilib. Təhlükəli tendensiya ondan ibarətdir ki, bu rəqabət, xarici siyasət kursu daxili siyasətdə olduğu kimi destruktiv hədəflərə fokuslanıb. Mövcud kurs bir çox analitiklərin də qeyd etdiyi kimi qədim Fars imperiyalarını xatırladan “böyüklük” hissini bərpa etmək cəhdini təmsil edir, bölgədə isə Azərbaycanın önə çıxdığı reallığını qəbul etmir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, İranın çoxdankı ambisiyaları və molla rejiminin özündə də parçalanmaların, müxtəlif fraksiya və dairələrin qarşılıqlı fəaliyyətinin olduğu bir vaxtda məsələlər daha da kompleks bir hal alır:

“İranın xarici siyasətinin Yaxın Şərqdə məqsədi ABŞ və onun müttəfiqləri İsrail, Səudiyyə Ərəbistanı və digər sünni müsəlman ərəb rejimlərinə üstünlük verdiyini iddia etdiyi güc strukturunu alt-üst etməkdirsə, bölgəmizdə Rusiyanın da zəifləyəcəyi təqdirdə Azərbaycan və Türkiyə olmaqla, türk amilinin güclənməsinin qarşısını almaqdır. Bu baxımdan İran regional məsələlərdə bu iki aktorun dominantlığını kənarlaşdırmağa, onu dəf etməyə çalışır. İran öz xarici siyasətini həyata keçirərkən bir sıra müxtəlif vasitələrdən istifadə edir. Bu dövlət sadəcə ənənəvi diplomatiya və İranın dəyər və maraqlarının ictimai təbliği ilə məşğul olmur, Azərbaycan da daxil olmaqla, digər regionlara, dövlətlərə sosioloji, ideoloji amillər vasitəsilə agentura şəbəkəsini yerləşdirir. İran xarici siyasətində tətbiq etdiyi müxtəlif zərərli komponentlərdən biri də odur ki, silahlı qruplara birbaşa maddi dəstək verir, İsraili və ya İranın digər regional əleyhdarlarını qorxutmaq və ya qisas almaq üçün terrordan istifadə edir. Səfirliyimizə qarşı törədilən terror aktı da bu qəbildən idi”.

Ş.Həsənovanın sözlərinə görə, İran dərhal Azərbaycandan üzrxahlıq etmək əvəzinə guya “demokratiya sevdası” pərdəsi altında terroristə mikrofon uzatdı:

“Məhz bu amil haqlı olaraq cəmiyyətimizin daha da hiddətinə səbəb oldu. Edilən zənglər isə arxadan atılan daşlar idi. Törədilən terrorun məsuliyyəti İranın üzərindədir. Faktiki olaraq indi İranla diplomatik münasibətlər dondurulub. Münasibətlər o zaman bərpa olunar ki, İran cinayətkar haqqında zəruri tədbirlər görsün. Onu həbs etsin, direktivi kimdən alıb üzə çıxartsın, işin ucu kimə, kimlərə dayanır bilək. Bu məsələdə günahı, əli, dəstəyi olanlar cəzalandırılsın və nəhayət səfirliyimizin gələcək fəaliyyətinə zəmanət verilsin. İran bunları edərsə münasibətlər bərpa oluna bilər, əks təqdirdə, deməli, İran düşmənçiliyi yeni bir mərhələyə daşıyır”.

//Gülnarə Abasova, Editor.az