Baş nazir Benyamin Netanyahu Livanın cənubunda İsrail əsgərinin İsa Məsihin heykəlini zədələməsi ilə bağlı hadisədən sarsıldığını bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə o “X” sosial şəbəkəsində paylaşım edib.
“Dünən, İsrail cəmiyyətinin böyük əksəriyyəti kimi, mən də ÇAXAL əsgərinin Livanın cənubunda katolik dini ikonaya zərər vurduğunu öyrənəndə şok oldum və kədərləndim. Bu hərəkəti ən sərt şəkildə pisləyirəm”, — deyə Netanyahu yazıb.
Baş nazir bildirib ki, İsrail hərbi rəhbərliyi hadisə ilə bağlı araşdırma aparır və günahkarlar barəsində ciddi intizam tədbirləri görüləcək.
Qeyd edək ki, ötən gün Livanın cənubundakı Deyr Saryan şəhərində İsrail əsgərinin İsa peyğəmbərin heykəlini dağıtdığını göstərən görüntülər yayılıb. Hadisənin nə vaxt baş verdiyi barədə heç bir məlumat verilməsə də, foto geniş qəzəbə səbəb olub.
İsrail ordusu bildirib ki, fotonun ilkin analizi zamanı şəkildəki şəxsin Livanın cənubunda İsrail əsgəri olduğu müəyyən edilib.
Bəyanatda İsrail əsgərinin Deyr Saryanda İsanın heykəlini məhv etdiyini göstərən fotoşəkilin həqiqiliyi qəbul edilib və əlaqəli şəxslərə qarşı qanuni tədbirlər görüləcəyi elan edilib.


