Xəbər verdiyimiz kimi, Avstriyada məşhur HiPP markalı uşaq qidası (püre) bankalarında siçan zəhəri aşkar edilib. Sözügedən xəbər dünyada böyük narahatlıq yaradıb və artıq həmin məhsul bir sıra ölkələrdən geri çağırılıb.
Azərbaycanda da HiPP şirkətinin nümayəndəliyi fəaliyyət göstərir. Həmin məhsulun ölkəmizdə satışı dayandırılacaqmı?
HiPP şirkətindən Globalinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən pürelər Azərbaycana idxal olunmur:
“Qeyd olunan məhsulu idxal etmirik. Bundan başqa, bizə daxil olan bütün qidalar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yoxlanılır. Məhsullar laborator analizdən keçirilir, uyğunluq sertifikatı verildikdən sonra satışa çıxarılır. Yaxın vaxtlarda AQTA özü də bu barədə məlumat yayacaq. Biz də rəsmi açıqlamanı gözləyirik. Baş verən hadisə Avstriyada, SPAR marketlər şəbəkəsində qeydə alınıb. Zəhərin püreyə əlavə olunması bilərəkdən törədilmiş bir haldır. HiPP uzun illərdir etibarlı brend kimi tanınır. Azərbaycanda satışı olsa da, konkret həmin məhsul partiyası idxal olunmur. Uşaq qidası olduğu üçün məsələyə daha həssas yanaşılır. Yaxın zamanda rəsmi açıqlama veriləcək”.

