Kamran Əsədov: “Qohum-tanışını vəzifəyə təyin etməklə təhsilin keyfiyyəti artmır”backend

Kamran Əsədov: “Qohum-tanışını vəzifəyə təyin etməklə təhsilin keyfiyyəti artmır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov yay məktəbləri ilə bağlı təkliflə çıxış edib. O bildirib ki, bu ilki təcrübə özünü doğruldarsa və valideynlər tərəfindən belə bir müraciət olarsa, növbəti illərdə yay məktəbinin 1 ay uzadılması mümkündür. Bu təklif sosial şəbəkələr və ictimaiyyət nümayəndələri arasında birmənalı qarşılanmayıb.

Yay məktəblərinin təşkili və növbəti illərdə uzadılma ehtimalı ilə bağlı Editor.az-a danışan təhsil eksperti Kamran Əsədov qeyd edib ki, 2021-ci il tədris ilinin sonunda 12 günlük yay məktəbinin təşkili zəruri idi: “Pandemiya dövründə kompyuter və internetin olmamasından qaynaqlanan problemlərlə bağlı müəyyən fənnlərin tədrisi zəif təşkil edildi. Lakin bu o demək deyil ki, növbəti tədris ilində də yay məktəblərinin təşkilinə ehtiyac olacaq”.

Ekspert bildirib ki, Azərbaycanda iqlim nəzərə alınaraq hər hansısa bir məqsədlə bağlı heç bir halda iyun ayından tədrisin uzadılması mümkün deyil və bu keyfiyyətli ola bilməz: ”Ola bilər formal olaraq sənəd üzərində dərs keçirilmiş kimi göstərilsin, amma Azərbaycanda iyul-avqust aylarında keyfiyyətli tədrisdən söhbət gedə bilməz. Çünki bizim orta ümumtəhsil məktəblərimizin çoxu qəzalı vəziyyətdədir və yay aylarında orta aylıq temperatur 42 dərəcənin üzərindədir. Bunların heç biri keyfiyyətli tədrisin təşkilinə imkan vermir. Eyni zamanda, dərslərin uzadılması şagirdlərdə müəyyən yorğunluq yaradacaq. Ümumiyyətlə, tədrisin müddətini artırmaq keyfiyyətin artırmağı demək deyil”.

Kamran Əsədov qeyd edib ki, dünyanın heç bir ölkəsində dərs müddətinin uzadılması ilə keyfiyyətin artırılması təmin edilmir: ”Keyfiyyətin təmin edilməsi üçün təhsil sistemində düzgün, şəffaf, nəticəyönümlü idarəetmə olmalıdır. Öz qohum-tanışını vəzifəyə təyin etməklə təhsilin keyfiyyəti artmır. Təhsildə keyfiyyət istəyiriksə, başqa üsullara əl atmaq lazımdır. Bu heç də dərs müddətinin uzadılması hesabına ola bilməz. Mən birmənalı şəkildə dərs müddətinin bir ay da yay məktəbi formatında uzadılmasının əleyhinəyəm. Bunu təklif edən şəxlər qanundan xəbərsizdir. Çünki orta ümumtəhsil məktəblərində müəllimlər əmək müqaviləsinə əsasən iyulun1-dən 56 gün əmək məzuniyyətində olurlar. Təbii ki biz təqvimə baxsaq, tədrisi uzatmaqla müəllimlərin istirahət hüququ pozulmuş olacaq”.

//Gülnarə Abasova, Editor.az