MTK rəhbəri Vidadi Zeynalovun evini baş həkimə satmaq istəyirmişbackend

MTK rəhbəri Vidadi Zeynalovun evini baş həkimə satmaq istəyirmiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ev almaq istəyən sabiq baş həkimi aldadıb külli miqdarda pulunu ələ keçiriblər.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, söhbət Nəsimi rayonunda yerləşən 1 saylı uşaq poliklinikasının əvvəlki baş həkimi Ceyran Məmmədovadan gedir. Hazırda təqaüddə olan 70 yaşlı həkimi “Azər-Ross İk” MTK-nın sədri işləmiş Rauf Kərimov aldadıb.

İstintaq materiallarında yazılıb ki, zərərçəkmiş şəxs baş həkim işlədiyi vaxtlarda şəhərin mərkəz hissəsində mənzil almaq məqsədilə MTK rəhbərinə 87 min manat pul verib. Razılaşmaya əsasən, şirkət həmin pulun qarşılığında baş həkimə Nəsimi rayonu ərazisində inşa edilmiş çoxmərtəbəli ev verməli imiş. C.Məmmədova pulu verdikdən bir müddət sonra onun yaxında köçməli olduğu evin əslində illər əvvəl başqa şəxsə satıldığını öyrənib. Həmin şəxsin də evi satmaq kimi bir fikri olmayıb. Bundan sonra zərərçəkmiş MTK rəhbəri Rauf Kərimovdan şikayət edib. R.Kərimov əvvəl həbs edilsə də, sonradan azadlığa buraxılıb. Hazırda barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İstintaq vaxtı zərərçəkmiş C.Məmmədovanın ifadəsi əsasında maraqlı məqam ortaya çıxıb. Məlum olub ki, şirkət rəhbərinin ona satacağını dediyi ev Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (ləğv edilib – red.) keçmiş aparat rəhbəri Vidadi Zeynalovun olub.

Məlumat üçün deyək ki, V.Zeynalov 2015-ci ildə korrupsiya cinayətlərinə görə həbs edilib. Həmin vaxt onun özünün və ailə üzvlərinin 50 milyona yaxın qiymətləndirilən əmlakı üzərinə həbs qoyulub. Sonradan isə həmin əmlakların bir qismi sahiblərinə qaytarılıb.

MTK rəhbəri R.Kərimov zərərçəkmiş şəxsə özünü Vidadi Zeynalovun kirvəsi kimi təqdim edib. Deyib ki, V.Zeynalovun cinayət işinə görə, 2008-ci ildə mənzili onun adından çıxararaq yaxınının adına keçirib. Onun dediyinə görə, mənzilin əsl sahibi də evinin satıldığını bilmir.

İstintaq vaxtı mənzilin qanuni sahibi olan Vidadi Zeynalovun qızı Lalə Zeynalova da dindirilib. L.Zeynalova şahid qismində tanındığı və hələ məhkəmə başlamadığı üçün onun ifadəsində dediklərini təqdim edə bilmirik. R.Kərimov isə özünü təqsirli bilmir.

Buna baxmayaraq, zərərçəkmişdən 87 min manat aldığını etiraf edib. O, həmin pulun əksər hissəsinin xəstəliyi ilə bağlı xərcləndiyini, hazırda zərərçəkmişə 71 min manat borcu qaldığını deyib. İş üzrə ilkin istintaq artıq tamamlanıb. Yaxın vaxtlarda məhkəmə başlayacaq.