4 may tarixində İrəvanda keçirilən Avropa Siyasi Birliyi Sammiti yalnız regional deyil, həm də daha geniş geosiyasi kontekstdə diqqət çəkən hadisə kimi qiymətləndirilə bilər.
Editor.az xəbər verir ki, bu sammitdə qeyri-Avropa dövləti olaraq Kanadanın, konkret olaraq Baş nazir Mark Karninin iştirakı, ənənəvi diplomatik protokoldan kənara çıxaraq daha dərin siyasi mesajlar ehtiva edir.
Tarixi analoji baxımdan ABŞ-ın Haaqa Sülh Konfransında (1899 iştirakı ilə müəyyən paralellər aparmaq mümkündür. Həmin dövrdə ABŞ formal olaraq Avropa dövlətləri üçün nəzərdə tutulmuş sülh platformasında ilk dəfə qeyri-Avropa dövləti olaraq iştirak edərək özünü beynəlxalq hüququn və sülhün tərəfdarı kimi təqdim edirdi. Bu, xüsusilə Vudro Vilson dövründə daha sistemli xarakter aldı və kulminasiya nöqtəsi kimi Paris Sülh Konfransında (1919) özünü göstərdi. ABŞ bu mərhələdə artıq yalnız iştirakçı deyil, normativ çərçivə yaradan aktora çevrilmişdi.

Lakin müasir dövrdə transatlantik münasibətlərdə müəyyən çatlar müşahidə olunur. ABŞ ilə Avropa İttifaqı arasında son illərdə enerji siyasəti, təhlükəsizlik arxitekturası və strateji muxtariyyət məsələlərində fikir ayrılıqları açıq şəkildə özünü göstərir. Bu fonda Kanadanın İrəvan sammitində iştirakı yalnız texniki diplomatik addım kimi deyil, həm də simvolik geosiyasi jest kimi şərh edilə bilər. ABŞ ilə Kanada arasında münasibətlər zaman-zaman çatları müşahidə etmək olur və bunun nəticəsi olaraq da Kanadanın xarici siyasətində zaman-zaman daha müstəqil xətt izləmək cəhdləri müşahidə olunur. İrəvan sammitində iştirak bu baxımdan iki istiqamətdə oxuna bilər: Birincisi, Kanada Avropa ilə əlaqələrini dərinləşdirərək özünü yalnız Şimali Amerika çərçivəsində deyil, daha geniş Qərb siyasi məkanında aktiv aktor kimi təqdim etməyə çalışır. Bu, xüsusilə Avropa Siyasi Birliyi kimi yeni formalaşan platformalarda iştirakla özünü göstərir. İkincisi və daha maraqlısı, bu iştirak dolayı şəkildə ABŞ-ın qlobal “sülh qurucusu” narrativinə alternativ yanaşma kimi interpretasiya oluna bilər. ABŞ son illərdə xüsusilə Cənubi Qafqazda, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində vasitəçi rolunu önə çıxarmağa çalışıb. Lakin bu proseslərdə Avropa İttifaqı da paralel təşəbbüslərlə çıxış edib və nəticədə vahid Qərb mövqeyindən çox, rəqabətli vasitəçilik mühiti formalaşıb. Məhz bu kontekstdə Kanadanın İrəvanda görünməsi, müəyyən mənada, ABŞ-ın təsir zonasına daxil olan bir regionda alternativ Qərb aktorlarının da mövcudluğunu nümayiş etdirir. Bu, açıq qarşıdurma deyil, lakin incə diplomatik siqnal kimi dəyərləndirilə bilər.
Kanadanın bu addımının ABŞ-a mesaj xarakteri daşıması tamamilə əsassız deyil, lakin bunu daha çox “meydan oxuma” yox, “strateji məsafələnmə” kimi qiymətləndirmək daha dəqiq olardı. Çünki Kanada açıq şəkildə ABŞ-a qarşı çıxmaqdan çox, çoxtərəfli diplomatiya çərçivəsində öz rolunu genişləndirməyə çalışır. Nəticədə İrəvan sammiti yalnız Ermənistanın sülh mesajı verməsi ilə məhdudlaşmır, bu platforma eyni zamanda Qərb daxilində güc balansının, təsir dairələrinin və diplomatik prioritetlərin yenidən formalaşdığı bir məkan kimi çıxış edir. Kanadanın iştirakı isə bu transformasiyanın kiçik, lakin simvolik əhəmiyyət daşıyan elementlərindən biridir.
Elnarə Əsgərova
Siyasi şərhçi

