Yaponiyanın Hokkaydo adasında çəkisi 330 kiloqram olan boz ayı tutulub, 280 kiloqram ağırlığında başqa bir ayı isə ovçuya hücum edib.
Editor.az xəbər verir ki, bu barədə News On Japan məlumat yayıb.
İlk hadisə aprelin 26-da Simamaki kəndində baş verib. 69 yaşlı kişi yaz mövsümü ayı ovunda iştirak edirdi. İki ayı zərərsizləşdirildikdən sonra daha bir ayı dərədən çıxıb. Ovçu atəş açsa da, ayı yamacdan aşağı yuvarlanaraq onun üzərinə düşüb. Nəticədə ovçu baş və üz nahiyəsindən xəsarət alsa da, sağ qalıb. Ayının çəkisinin təxminən 280 kiloqram olduğu bildirilir.
Aprelin 27-də isə Tomamae bölgəsində ikinci ayı tutulub. Təxminən 2,2 metr boyunda olan erkək ayı qış yuxusundan yenicə oyanmasına baxmayaraq olduqca iri görünüb. Ovçular bildiriblər ki, yaz mövsümündə bu qədər böyük ayı ilə əvvəllər qarşılaşmayıblar.
Rakuno Gakuen Universitetinin professoru Yoşikazu Sato hesab edir ki, ayılar qış yuxusundan əvvəl qarğıdalı ilə həddindən artıq qidalanaraq kifayət qədər yağ ehtiyatı toplayırlar. Onun sözlərinə görə, Tomamae bölgəsində tutulan ayının qışdan əvvəl çəkisi 400 kiloqramdan çox ola bilərdi.
//Gülnarə Abasova, Editor.az

