Prezident İlham Əliyevin sərəncamı ilə Nurəli Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.
Oxu.az Nurəli Yusifbəylinin dosyesini təqdim edir:
O, 28 mart 1963-cü ildə anadan olub. 1980-ci ildə Kiyev Politexnik İnstitutunun (hazırda Kiyev Texniki Akademiyasının – red.) Elektroenergetika fakültəsinin əyani şöbəsinə daxil olub, 1986-cı ildə həmin institutu “Elektrik Sistemlərinin Kibernetikası” ixtisası üzrə bitirib. 1986-1989-cu illərdə Sumqayıt 1 saylı İstilik Enerji Mərkəzində elektrik montyoru, elektrik sexinin və elektrik stansiyanın növbə rəisi vəzifələrində, 1989-1993-cü illərdə “Azərenerji” Dövlət Şirkətində dispetçer, böyük dispetçer vəzifələrində çalışıb. 1993-2001-ci illərdə “Azərenerji” ASC Mərkəzi dispetçer xidmətinin rəisi, baş dispetçer, baş mühəndisin müavini vəzifələrində, 2001-2002-ci illərdə “Azərenerji” ASC “Enerjinin ötürülməsi” İstehsalat Birliyinin baş direktorunun müavini vəzifəsində çalışıb.
2002-2009-cu illərdə “Azərenerji” ASC Mərkəzi Dispetçer İdarəsinin rəisi, 2009-2012-ci illərdə “Azərenerji” ASC “Azərbaycan Elmi-Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu”nun direktoru vəzifələrində çalışıb.
2012-ci ildən Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin baş məsləhətçisi, nazirin müşaviri, 2014-cü ildən Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Strateji planlaşdırma şöbəsinin müdiri vəzifələrində çalışıb.
2015-ci il 13 mart tarixindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsinə təyin edilib. Prezidentin 2020-ci il 22 sentyabr tarixli Sərəncamı ilə vəzifəsindən azad edilib.
2021-ci ilin 18 yanvar tarixindən Azərbaycan Texniki Universitetinin (AzTU) Tədris işləri üzrə prorektoru təyin olunub.
Texnika elmləri doktoru, professordur, 8 kitab, 4 müəlliflik şəhadətnaməsi, 1 dərs vəsaiti, 3 patent, 3 Azərbaycan Standartı və 170-dan çox elmi əsərin müəllifidir. “ELECTRO-energetics-tecnnics-mechanics+control” Beynəlxalq Elmi-İstehsalat jurnalının baş redaktorudur.
1998-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur, AzTU-da “İdarəetmə və Avtomatika” kafedrasının professoru kimi fəaliyyət göstərir.
Ailəlidir, iki övladı var.

