“Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin Zirvə görüşünə videoformatda qoşulması, bu tədbirdə iştirakdan imtina etməməsi bir daha göstərdi ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasında, dayanıqlı sülhün bərqərar olmasında maraqlıdır”.
Bunu Milli Məclisin deputatı Könül Nurullayeva Editor.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, məlumdur ki, 44 günlük Vətən müharibəsindən sonra yaranmış siyasi vəziyyət Cənubi Qafqazda güc balansını dəyişib və tərəflər artıq vasitəçilər olmadan da bir araya gəlir:
“Rəsmi Bakı isə heç bir dialoqdan imtina etmir, lakin eyni zamanda yekun sülh müqaviləsi ilə bağlı şərtlərini də gündəmdə saxlayır. Cənab Prezidentin xüsusilə Avropa Parlamenti və AŞPA-nın timsalında bəzi Avropa institutlarına ünvanladığı sərt mesajlar da əslində sülh prosesini pozmaq istəyənlərə xəbərdarlıq idi. Ona görə cənab Prezident bəyan etdi ki, “ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir. Avropa Parlamenti isə sülh prosesinə dəstək vermək əvəzinə ona qarşı sabotajla məşğul olur”.”
O hesab edir ki, Azərbaycan və Ermənistanın beynəlxalq platformalarda birgə iştirakı normallaşma prosesinə müsbət təsir edir:
“Bəzi erməni mənbələri guya Azərbaycan Prezidentinin zirvə görüşünə qatılmayacağını iddia edirdi. Doğrudur, indiki mərhələdə fiziki olaraq dövlət başçılarının qarşılıqlı səfərləri real görünmür. Çünki yekun sülh müqaviləsi ilə bağlı açıq qalan məsələlər və Bakının İrəvandan konkret gözləntiləri var. Konstitusiyanın dəyişdirilməsi Azərbaycanın prinsipial tələblərindən biridir. Bütün bunlara baxmayaraq, cənab Prezidentin İrəvanın ev sahibliyi etdiyi beynəlxalq toplantıya videoformatda qoşulması bir daha göstərdi ki, Bakı prosesə konstruktiv yanaşır, dialoqun dayandırılmasının tərəfdarı deyil. Bu cür görüşlər uzunmüddətli perspektivdə tərəflər arasında etimadın bərpası üçün zəmin yaradır”.
//Gülnarə Abasova, Editor.az

