Narkotik vasitələrdən istifadə halları niyə artır?-Ekspertlər səbəbləri şərh edirbackend

Narkotik vasitələrdən istifadə halları niyə artır?-Ekspertlər səbəbləri şərh edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütün dövrlərdə dünyanı narahat edən əsas problemlərdən olan edən narkomaniya bu gün də insanlığı təhdid etməkdə davam edir.

Son zamanlar isə Azərbaycanda müxtəlif narkotik vasitələrdən istifadə hallarının genişlənməsi halları müşahidə olunur.

Xüsusən də gənclər arasında ucuz qiymətə satılan “patı”, “şüşə” deyilən narkotik vasitələrdən istifadə geniş yayılıb. Son günlər sosial şəbəkələrdə narkotik vasitə istifadəçilərinin olduqca ağır vəziyyətə düşməsi ilə bağlı yayılan görüntülər həm cəmiyyəti, həm də müvafiq dövlət qurumlarını “SOS” siqnalı ilə hərəkətə keçirib.

Daxili İşlər Nazirliyi yaranmış vəziyyətlə bağlı silsilə əməliyyat-axtarış tədbirlərinə start verib. Narkotik maddələrin satışı ilə məşğul olan onlarla şəxs həbs edilib.

Eyni zamanda Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Mətbuat Xidməti anti-narkotik təbliğatının gücləndirilməsi məqsədilə bloqçular arasında müsabiqə elan edib.

Sürətlə yayılan narkotik vasitələrdən istifadə hallarının qarşını necə almaq olar? Narkomaniyaya qarşı mübarizə hansı istiqamətlərdə aparılmalıdır?

Məsələ ilə bağlı Editor.az- danışan Milli Məclisin deputatı, yazıçı Aqil Abbas bildirib ki, ölkəmizdə narkomaniyaya qarşı mübarizə dövlət siyasətinin əsas istiqamətlərindən biridir:

“Son günlər mətbuatda və sosial şəbəkələrdə gənclərin, xüsusən də anaların, qadınların bu narkotik vasitələrin təsiri ilə düşdükləri acınacaqlı vəziyyətin görüntülərini tez-tez görürük . Gün ərzində onlarla insan narkotik və psixotrop maddələrin satışından saxlanılır. Vəziyyət çox pisdir. İnsanlar sanki narkomaniya və onun fəsadlarından, narkotiklərin ailə və cəmiyyət üçün yaratdığı ciddi problemlərdən xəbərsizdir. Halbuki bununla bağlı dövlət səviyyəsində xeyli maarifləndirmə işləri aparılıb, tədbirlər keçirilib”.

Deputat bildirib ki, Daxili İşlər Nazirliyi narkomaniyaya qarşı müharibə elan edib:

“Bu mübarizədə Azərbaycan ictimaiyyəti birləşməli, media, QHT-lər, hər bir kəs bu problemlə bağlı nazirliyə dəstək olmalıdır. Narkomaniya bütün dünyada yayılmış ən ciddi sosial bəlalardandır. Bu məsələyə ötəri yanaşmaq olmaz. Əlbəttə, bu istiqamətdə ölkəmizdə çox ciddi tədbirlər görülür. Lakin problemi yalnız hüquq mühafizə orqanlarının öhdəsinə buraxsaq, məsələnin həllinə tez bir zamanda nail ola bilməyəcəyik. Çünki ölkəmizdə bu cür ucuz qiymətə narkotik vasitələrin satışında maraqlı olan dövlətlər var.
Xüsusən də İrandan qanunsuz yolla narkotik və psixotrop maddələrin keçirilməsinə cəhdlər göstərilir. Artıq bu ciddi hal alıb. DİN narkomaniyaya qarşı mübarizədə daha sərt tədbirlər görməli, biz də xalq olaraq onlara dəstək olmalıyıq”.

Narkomaniya üzrə müstəqil ekspert Emil Maqalov Editor.az-ın əməkdaşı ilə söhbətində deyib ki, narkomaniya ilə bağlı bütün tədbir, təlim və müzakirələrdə illərdir hər dəfə eyni sözlər, eyni mesajlar və əsas da eyni sosial adamlar iştirak edir. O qeyd edib ki, ilk öncə “İnsanlar niyə buna qoşulur?”, “ilk qurşanan adamların sosial-mədəni statusu necə olub?”, “hansı şəraitdə ilk dəfə istifadə edilib?” kimi suallara cavab tapmaq lazımdır:

“Cəmiyyət içərisində yayılmış ən mifoloji fikir də odur ki, insanlar idmanla məşğul olanda narkomaniya riski azalır. Bəli idmanı hardasa asudə vaxtın təşkili kimi qiymətləndirmək olar. Amma düşünürəm ki, bizdə idman siyasətinin konsepsiyası yanlışdır. İdmanla intellektual səviyyə bir olmalıdır.

Məsələn, Sovet dövründə orta məktəblərdə normal oxumayanları idmana buraxmırdılar. Yəni əsas risk qruplarına asosial insanların daxil olduğunu nəzərə alıb deyə və müşahidə edə bilərik ki, narkotik istifadəçilərinin çoxunun savadı azdır. Bunları araşdırıb təhlil edib, səciyyəvi qruplara uyğun iş aparılmalıdır. Yəni, narkomaniya ilə bağlı tədbirləri fəal və öndə olan gənclərin iştirakı ilə keçirmək heç bir müsbət nəticə verə bilməz.

Bəllidir ki, narkotacirlərin hər yolla külli miqdarda “pul qazanma” cəhdləri bütün dünyada var və hələ ki, pulun gücünə bir çox hallarda onlar qalib olurlar. Hesab edirəm ki, narkomaniya ilə əlaqədar olan bütün müvafiq qurumlara daha ciddi ictimai nəzarət olmalı və narkotacirlərlə bağlı cəzalar daha da sərtləşdirilməlidir. Bunun üçün isə külli miqdarda vəsait və həqiqətən işində vicdanlı insanlar olmalıdır”.

Ekspert qeyd edib ki, son dövrlər əvvəlki illərə nisbətən bir sıra narkotik vasitələrdən istifadə asanlaşıb:

“Əvvəllər “Heroin”, “Kokain” adlı narkotik vasitələrin istifadəsi 3-5 dəqiqə vaxt alırdısa, indi “Şüşə” adlandırılan vasitənin istifadəsi asanlaşıb. İstənilən siqarət çəkən adam indi bundan rahatlıqla istifadə edə bilir. Ona görə son dövrlər narkotik vasitələrdən istifadə hallarının artdığını görürük”.

//Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.