Qlobal ərzaq bazarında müşahidə olunan qiymət dəyişkənliyi və təchizat zəncirində yaranan qeyri-sabitlik son illərdə ölkələrin iqtisadi dayanıqlığına birbaşa təsir göstərən əsas amillərdən birinə çevrilib. İqlim dəyişiklikləri, geosiyasi proseslər və logistik xərclərin artması fonunda ərzaq təhlükəsizliyi məsələsi daha strateji xarakter alır. Bu tendensiyalar idxaldan müəyyən dərəcədə asılı olan iqtisadiyyatlar üçün həm qiymət sabitliyi, həm də daxili bazarın qorunması baxımından yeni çağırışlar formalaşdırır.
İqtisadçı Xalid Kərimli Editor.az-a açıqlamasında bildirib ki, qeyd olunan amillər reallığı əks etdirir. Onun sözlərinə görə, son dövrlərdə baş verən proseslər, xüsusilə müharibələr və qlobal gərginliklər enerji və gübrə qiymətlərini artırmaqla yanaşı, təchizat zəncirində də ciddi pozuntular yaradıb:

“Azərbaycan üçün əsas risklərdən biri inflyasiyadır, xüsusilə idxal inflyasiyasıdır. Dünya bazarında qiymətlər artdıqca bu, bizə də birbaşa təsir edir və bundan yayınmaq mümkün deyil. İkinci əsas risk təchizat zənciri ilə bağlıdır. Qiymətlərin artmasının əsas səbəblərindən biri də məhz budur. Müharibələr daşıma marşrutlarını dəyişdirir, daha baha logistika xətlərinə keçid zərurəti yaradır, eyni zamanda enerji qiymətlərinin artması daşınma xərclərini yüksəldir.
Təchizat zəncirində yaranan problemlər əsasən logistika çətinlikləri və istehsalın təşkilindəki maneələrlə bağlıdır. Buna nümunə olaraq son dövrlərdə İrandan idxal olunan məhsulların kəskin bahalaşmasını göstərmək olar. Orada yaranan problemlər bir sıra ərzaq məhsullarının qiymətinə birbaşa təsir edib.
Üçüncü mühüm risk yerli istehsal xərclərinin artmasıdır ki, bu da inflyasiyanı gücləndirən amillərdəndir. Yerli istehsal tam daxili resurslara əsaslanmır, əksinə bir çox xammal və yarımfabrikatlar xaricdən gətirilir. Buna görə də logistika və yanacaq xərclərinin artması ümumi istehsal xərclərini yüksəldir və bu da qiymətlərə təsir göstərir. Nəticə etibarilə, bu amillər sosial təsirləri də gücləndirir. Xüsusilə həssas gəlir qruplarının vəziyyəti daha da çətinləşir, yoxsulluq və sosial təzyiqlər artır.”
İqtisadçının sözlərinə görə, bu proseslərin tam qarşısını almaq mümkün deyil:
“Amma prosesi idarə etmək mümkündür. Qiymət artımının qarşısını tam almaq real deyil, çünki bu, qlobal proseslərin nəticəsidir. Lakin təchizatda qıtlıq və defisit yaranmaması üçün strateji ehtiyatların artırılması vacibdir. Dövlət ehtiyat fondunun gücləndirilməsi çətin dövrlərdə bazara müdaxilə edib qiymətlərin sabitləşdirilməsinə imkan yarada bilər.
Eyni zamanda, idxalın coğrafi baxımdan diversifikasiyası da önəmlidir. Yəni yalnız bir neçə ölkədən asılılıq deyil, alternativ təchizat mənbələrinin genişləndirilməsi vacibdir. Doğrudur, sahibkarlar adətən daha ucuz bazarlara üstünlük verirlər, lakin risklərin azaldılması baxımından bu addım əhəmiyyətlidir.
Bundan başqa, yerli istehsalın genişləndirilməsi əsas istiqamətlərdən biri olmalıdır. Orta dəhliz və digər nəqliyyat marşrutları üzrə regional əməkdaşlığın gücləndirilməsi də vacibdir. Paralel olaraq Mərkəzi Bank və hökumət tərəfindən həyata keçirilən anti-inflyasiya tədbirləri inflyasiyanın daha da sürətlənməsinin qarşısını almaqda mühüm rol oynaya bilər”.
//Gülnarə Abasova, Editor.az

