“Paşinyan verdiyi açıqlama ilə Rusiyanı şantaj edir”-ŞƏRHbackend

“Paşinyan verdiyi açıqlama ilə Rusiyanı şantaj edir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh sazişini imzalamağa hazır olması ilə bağlı verdiyi açıqlama əslində Rusiyanın növbəti dəfə sülh danışıqları ilə bağlı yeni bir təşəbbüsündən imtinası anlamına gəlir. Çünki dekabr ayının 23-də Rusiyanın təşəbbüsü ilə sülh müqaviləsi mətninin müzakirə predmenti olması üçün Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin Moskvada görüşü təşkil olunmuşdu. Arorat Mirzoyanın görüşdən imtina etməsi də diplomatik nəzakətsizliyin göstəricisi idi. Bu antiRusiya çağırışı idi və bilavasitə Ermənistan-Rusiya münasibətlərinin getdikcə daha gərgin müstəviyə doğru inkişaf etməsini göstərir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Natiq Miri bildirib.

Onun sözlərinə görə, rəsmi İrəvanın Praqa razılaşmaları əsasında Azərbaycanla sülh sazişi imzalamağa hazır olması onu göstərir ki, Ermənistan növbəti dəfə sülh müqaviləsi mətninin görüşü ilə bağlı Rusiyadan yan keçən platformadan çıxış edir:

“Çünki bu görüş Avropa Birliyinin rəhbərliyi ilə baş tutmuşdu. Fransa prezidentinin  görüşdə iştirakı o demək deyil ki, növbəti görüşlərdə də təkrarlanacaq. Azərbaycan bundan imtina edib. Paşinyanın sülhə maraqlı tərəf kimi özünü göstərməsi aldadıcıdır. Çünki artıq üçüncü ildir ki, Azərbaycan postmünaqişə reallıqlarını ortaya qoyaraq regionda sülh və əməkdaşlıq platformasına dəstək verir. Ermənistan isə sülh danışıqlarını müxtəlif şəkildə sabotaj etməyə davam edir.  Nikol Paşinyan əvvəlki açıqlamasında Rusiyanın irəli sürdüyü sülh müqaviləsinə imza atmağa hazır olduğunu bəyan etdi. Bu faktın özü də göstərir ki, Ermənistan konkret yol müəyyən etməyib. Bu qeyri-müəyyənliyi davam etdirməklə zaman qazanmaq istəyir. Birincisi öz hakimiyyətini ola biləcək təhlükələrdən qorumaq niyyətindədir. Çünki sülh müqaviləsi imzalanarsa, İrəvan Qarabağ məsələsindən imtina etməli, 10 noyabr bəyannaməsinin şərtlərini yerinə yetirməlidir. Amma burada da müəyyən problemlər var, çünki Zəngəzur dəhlizinin açılmasını istəməyən qlobal, regional güclər mövcuddur.
İkincisi sərhədlərin müəyyənləşməsi prosesində Azərbaycanın 8 kəndi bizə qaytarılmalıdır. Bu şərtlər daxilində sülh müqaviləsini imzalamaq Ermənistan hakimiyyəti üçün çox çətindir və müəyyən risklər daşıyır”.

Politoloq qeyd edir ki, Rusiya və KTMT Ermənistanın təhlükəsizliyinə təminat verə bilmədiyi üçün Rusiyanın orbitindən uzaqlaşmaq siyasəti ortaya qoyub:

“ Bu həm də Rusiyaya şantaj xarakteri daşıyır. Ona alternativ olaq Ermənistan-Fransa yaxınlaşmasını müşahidə edirik. Fransa erməni hakimiyyəti vasitəsilə Cənubi Qafqaza girmək və uzun müddət burada qalmaq siyasəti yürüdür.
Amma bu kimi alternativlər Ermənistanın təhlükəsizliyinə təminat verə bilmirlər”.
 
//Safura Bənnayeva, Editor.az