“Payızda un və un məhsullarının qiyməti daha da artacaq”- SƏBƏB NƏDİR?-  Ekspertlər ŞƏRH ETDİbackend

“Payızda un və un məhsullarının qiyməti daha da artacaq”- SƏBƏB NƏDİR?-  Ekspertlər ŞƏRH ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər ölkəmizdə unun qiymətinin arta biləcəyi ilə bağlı proqnozlar çoxalıb. Vətəndaşlar isə istehlakçı olaraq bundan ciddi şəkildə narahatdır. Dünya bazarındakı vəziyyət Azərbaycanda da taxılın, unun qiymətində artımı qaçılmaz edir. Bəzi iqtisadçılar hesab edir ki, artıq dövlətin un və un məhsullarının qiymətini süni şəkildə aşağı həddə tutması artıq mümkünsüz görünür. Çünki Azərbaycanda taxıl və taxıl məhsullarının qiyməti dövlət tərəfindən tənzimlənmir.

Məsələ ilə bağlı Editor.az-a açıqlama verən  iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda un və un məmulatlarının bahalaşmasına əsas səbəb yerli istehsalın az olmasıdır:

” Biz ehtiyacımız olan buğda həcminin cəmi 25 faizini istehsal edirik. Dünyada son illər təkcə Rusiya-Ukrayna müharibəsi səbəbindən deyil, həm də son illər pandemiya ilə əlaqədar dünya ölkələri tərəfindən məntiqsiz qərarların verilməsi nəticəsində ərzaq məhsullarının qiyməti artdı. Rusiyanın Ukraynaya təcavüzü isə vəziyyəti daha da gərginləşdirdi. Pandemiyadan əvvəl 2019-cu ildə bir ton taxılın qiyməti dünya bazarında 170-190 dollar arası dəyişirdi. Ancaq bir neçə ay öncə ən maksimum həddə çataraq 460 dollara qədər yüksəldi. Türkiyənin böyük uğuru və dəstəyi nəticəsində Ukraynadan taxılın çıxarılması nəticəsində isə dünya bazarında qismən sabitlik yaratdı. Qiymətlər təqribən 400 dollar civarında sabitləşib. Ancaq bu qiymətlərdə çox bahadır”.

Müsahibimizin sözlərinə görə, Azərbaycan öz taxıl ehtiyacını təmin edə bilmədiyi üçün xaricdən aldığı buğdanın qiymətində artım müşahidə olunduqda unun da qiymətinin artmasının şahidi oluruq:

” Payızda un və un məhsullarının qiyməti daha da artacaq. Çünki Ukrayna ərazisində müharibə getdiyi üçün payız əkini olmayacaq. Belə olduqda isə dekabr ayında təxminən 20-25 milyon ton buğdanın Ukraynada daha az yığılacağının şahidi olacağıq. Bu da dünya bazarına ciddi təsir göstərəcək. Çıxış yolu isə Azərbaycanda yerli istehsalı artırmaq, keyfiyyətli buğda istehsalının təşkilinə nail olmaqdır. Təəssüf ki, hökumətin tətbiq etdiyi un istehsalında hər tona görə 25 manat dotasiya verilməsi məsələsi də ləğv edilib. Bu da unun qiymətinin artmasına ciddi təsir göstərir. İndiki halda yeganə çıxış yolu dotasiyaların artırılmasıdır”.

Odlar Yurdu Universitetinin kafedra müdiri, professor Elşad Məmmədov Editor.az-a bildirib ki, dünya iqtisadiyyatında baş verən proseslər kəskin inflyasiya meyillərini artması, bu gün artıq dayanıqlı trendə çevrilib:

“Belə olduqda daxili bazarların qorunması, inflyasiya ilə mübarizə, idxaldan aslılığın azaldılması kritik vəziyyət yaradıb. Zənnimcə Azərbaycanda da idxalın əvəz olunması siyasətinin effektiv şəkildə həyata keçirilməsinə böyük ehtiyac var. Xüsusilə taxıl bazarı ilə bağlı əkin sahələrinin inkişaf etdirilməsi, əkin sahələrinə suvarma sisteminin müvafiq qaydada istiqamətlənməsi, effektiv fəaliyyətinin təmin edilməsi, ölkədə sahələrarası balansın effektiv şəkildə tərtib edilməsi olduqca önəmlidir ki, ölkəmizdə idxaldan aslılıq azalsın. Digər tərəfdən də taxıl bazarındakı problemlər  qlobal miqyasdadır. Bu, yalnız Ukrayna müharibəsi ilə bağlı deyil. Çünki dünya iqtisadiyyatında Ukraynada baş verən proseslər olmadan belə kəskin qeyri-tarazlıqlar formalaşıb. Digər tərəfdən isə Rusiyanın həm taxıl, həm gübrə bazarında kritik dərəcədə yüksək paya malik olması sözsüz ki, problemlərin yaranacağını qaçılmaz edir. Digər tərəfdən isə  faktiki olaraq aparıcı milli iqtisadiyyatlarda  kəskin şəkildə son aylar ərzində pul kütləsinin artması inflyasiyanın bütün istiqamətlər üzrə dünya miqyasında artmasını şərtləndirir. Bu baxımdan da həm Rusiya ilə kollektiv Qərb arasında münasibətlərin gərginləşməsi, struktur qeyri-tarazlıqlar, son aylarda pul kütləsinin daha da artması, Ukrayna müharibəsi,  bütün bu amillərin üst-üstə düşməsi onu deməyə əsas verir ki, inflyasiya meyilləri uzunmüddətli və davamlı olacaq. Ona görə də Azərbaycanda daxili bazarın qorunması və inflyasiyanın təsirlərinin azaldılması istiqamətində müvafiq işlər görülməlidir. Sevindirici haldır ki, Rusiya ilə konstruktiv münasibətlərimizin olması səbəbindən taxıl tədarükü  ilə bağlı problemlər yoxdur. Bununla yanaşı, yerli bazarın yerli məhsulla təmin edilməsi istiqamətində müvafiq işlər görülməlidir. Eyni zamanda regional iqtisadi əməkdaşlığın dərinləşməsi bütün istiqamətlər üzrə milli iqtisadiyyatımızın dayanıqlı inkişafına müsbət təsirlərini göstərəcək”.

//Gülnarə Abasova, Editor.az