Sabiq icra başçısını 15 il həbs gözləyir – Açıqlamabackend

Sabiq icra başçısını 15 il həbs gözləyir – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl saxlanılan Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalova qarşı irəli sürülən ittihamlar açıqlandı. Maraqlıdır, sözügedən ittihamlara əsasən sabiq başçını neçə il həbs cəzası gözləyir?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən hüquqşünas Səməd Vəkilov bildirib ki, sabiq başçıya qarşı irəli sürülən ittihamlar sübuta yetirilərsə, onu 15 ildən artıq həbs cəzası gözləyir:

“Cəlilabadın sabiq icra başçısına qarşı irəli sürülən ittihamlara cinayətlərin məcmusu və toplusu ilə qiymət verilərsə, bu, ağır cinayətlər kateqoriyasına daxil olacaq. Bu cinayətlər sübuta yetirilərsə, Namiq Zeynalov ən azı 15 il müddətində azadlıqdan məhrum edilə bilər”.

Səməd Vəkilov onu da bildirib ki, Cəlilabadın sabiq başçısı vəzifədə olduğu müddətdə vətəndaşların şikayəti ilə maraqlanmayıb və bununla bağlı rayon sakinləri sabiq başçıdan daim narazı olublar.

Hüquqşünas sabiq başçıdan şikayətçi olanlardan birinin də hüquqlarını müdafiə etdiyi Cəlilabad rayon Maşlıq kənd sakini Nazim Abbasov olduğunu qeyd edib.

Belə ki, Namiq Zeynalov və qurumun məsul şəxsləri Nazim Abbasova 20 min manatdan çox olan borcunu ödəməmək üçün saxta yolla özünü fəaliyyət qabiliyyətini itirmiş şəxs kimi təqdim edən Samir Abbasovun əməlinə qarşı hansısa səbəbdən biganə yanaşıblar:

“Samir Abbasov qohumu Nazim Abbasova olan borcunu ödəməsin deyə, saxta yolla özünü fəaliyyət qabiliyəti olmayan şəxs kimi təqdim edib. Bu məsələ ilə bağlı dəfələrlə sabiq icra başçısına və məsul şəxslərə müraciət edilsə də, hansısa səbəbə görə onlar qanunsuzluğa göz yumublar. Samir Abbasovun fəaliyyət qabiliyyəti olmayan şəxs olmasının əksini sübut edən foto və görüntülər var. Bundan başqa, o şəxs fəaliyyət qabiliyyətini itirdiyi üçün İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etməli idi. Lakin komissiya bununla bağlı müraciət olmadığını bildirdiyi halda Samir Abbasovun özünü bu cür təqdim etməsinə qarşı heç bir addım atmayıb”.

Qeyd edək ki, sabiq başçı Namiq Zeynalova qarşı Cinayət Məcəlləsinin 179.2.2, (mənimsəmə və ya israf etmə təkrar törədildikdə), 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığ) maddələri ilə ittiham irəli sürülüb.

Loading...