SDU-da Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının dəstəyi ilə “Kiber klublar” qurulacaqbackend

SDU-da Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının dəstəyi ilə “Kiber klublar” qurulacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Noyabrın 3-də Sumqayıt Dövlət Universiteti (SDU) və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) birgə təşkilatçılığı ilə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə maarifləndirici tədbir keçirildi.
Tədbiri giriş nitqi ilə açan SDU-nun rektoru Rüfət Əzizov AKTA İdarə Heyətinin sədri Elvin Balacanovu və tədbir iştirakçılarını salamladı.Çıxışına davam edən rektor son onilliyin statistikasına görə ildən-ilə bütün dünyada, o cümlədən Azərbaycanda artan kibercinayətkarlığın inkişaf dinamikasındakı artımın cəmiyyətlər üçün ən böyük problemə çevrildiyini bildirdi: “Ona görə bu istiqamət hazırda ölkəmizdə prioritet sahədir. Məhz respublikamızda kibertəhlükəsizlik məsələsinin mühərriki hesab olunan AKTA-nın rəhbərliyi ilə müəllim və tələbələr arasında bu məsələ ətrafında maarifləndirici işin təşkili istiqamətində əməkdaşlığa başlamağımıza şadam”.
Rüfət Əzizov universitetin tədris proqramında ifadə olunacaq əməkdaşlığın uğurlu perspektivinə ümid etdiyini bildirərək SDU-da nəzərdə tutulan bu yönümdəki islahatların əsas hədəfi barədə tələbələrə üz tutdu: “Xatırlatmağı lazım bilirəm ki, AKTA ilə məhsuldar əməkdaşlığımız nəticəsində hər biriniz kibertəhlükəsizlik məsələləri üzrə mütəxəssis kimi yetişmək şansı qazanırsınız”.
AKTA İdarə Heyətinin sədri Elvin Balacanov SDU ilə başlanan işin  əsas məqsədinin bu sahə üzrə kadr hazırlamaq olduğunu bildirdi və təmsil etdiyi qurumla əməkdaşlığın yaradılmasına görə universitet rəhbərliyinə, şəxsən  rektor Rüfət Əzizova təşəkkürünü bildirdi. Əməkdaşlığın ilkin mərhələsi kimi SDU-da kiberklubun yaradılması işində AKTA-dan hər cür təşkilati və informasiya dəstəyi görə biləcəklərini qeyd edən Elvin Balacanov tələbələrin təşəbbüskarlığının faydalı olacağını vurğuladı. Kibertəhlükəsizlik sahəsinə ölkəmizdə ayrılan diqqət və bu istiqamətdə aparılan işlərə böyük önəmin verilməsini zəruri addımlar kimi qiymətləndirən İdarə Heyətinin sədri hazırda bu sahədə kadr potensialının gücləndirilməsi ilə bağlı
mühüm addımlar atıldığını qeyd etdi: “Azərbaycanın müasir innovasiya məkanına çevrilməsi, rəqəmsallaşma və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi kibertəhlükəsizlik sahəsində görülən işləri şərtləndirən başlıca amillərdəndir”.
AKTA İdarə Heyətinin sədr müavini Rauf Cabbarov tədbirin mövzusunun aktuallığını bu il avqustun 28-də ölkəmizdə qəbul olunan “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiya”da qarşıya qoyulan vəzifələrin təxirəsalınmazlığı ilə əlaqələndirdi. Buna görə SDU ilə əldə olunan əməkdaşlıqda ancaq mühəndis ixtisası üzrə deyil, humanitar sahələr üzrə təhsil alan tələbələrin də əhatə olunacağını deyən Rauf Cabbarov onları fəallığa səslədi.
“Defscope” kibertəhlükəsizlik şirkətinin təsisçisi və direktoru Vüsal Salmanlı tələbələrə müraciətlə SDU ilə başlayan əməkdaşlığın onlara karyera istiqamətində yeni şanslar verəcəyini diqqətə çatdırdı.
Tədbirin sonunda tələbələri maraqlandıran bir sıra suallar cavablandırıldı.
Mətbuat xidməti