Son 2 ildə KİV-də şəffaflıq, hesabatlılıq artıb: ” Bu istiqamətdə Medianın İnkişafı Agentliyinin rolunu xüsusi qiymətləndirmək lazımdır”backend

Son 2 ildə KİV-də şəffaflıq, hesabatlılıq artıb: ” Bu istiqamətdə Medianın İnkişafı Agentliyinin rolunu xüsusi qiymətləndirmək lazımdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;

Fikir, söz, mətbuat azadlığı demokratiyanın əsas göstərici prinsiplərindən hesab olunur. Belə ki, bu prinsiplər dövlətlərin, xalqların siyasi inkişafında, cəmiyyətin müsbət formalaşmasında müstəsna rol oynayır.

Azərbaycanda söz, mətbuat azadlığının qorunub hörmətlə yanaşıldığı dövlətlərdəndir. Bu gün Azərbaycanın çoxsaylı mətbuat orqanlarının müxtəlif yönlü informasiyalar, müəllif rəyləri, fərqli materiallar təqdim etdiyini görmək mümkündür. KİV-dəki bu rəngarənglik demokratiyanın çox əsas şərti olan fikir plüralizminin göstəricisidir. Çünki cəmiyyətdə  müxtəlif düşüncə və mövqelər mövcuddur. Onların işıqlandırılması baxımından söz, fikir, mətbuat azadlığı olduqca vacibdir.

Milli mətbuatımızın uğurlu inkişafı zəngin keçmişinin mirasıdır. Bu gün Azərbaycan mətbuatında söz, fikir, mətbuat azadlığına hansı səviyyədə əməl olunur?

Mövzu ilə bağlı deputat Hikmət Babaoğlunun fikirlərini Editor.az-a bölüşüb. Onun sözlərinə görə, Azərbaycanda söz və mətbuat azadlığının təminatçısı Azərbaycan Respublikasının Konstitusiyasıdır:

“Hazırda söz və mətbuat azadlığının təmin olunması üçün Azərbaycanda hüquqi şərtlər var. Professional media, hətta transmedia adına iddialı olan çox yaxşı milli media nümunələrimiz formalaşıb. Söz və mətbuat azadlığı dəyər olmaqla bərabər, həm də istismara açıq olan bir vasitədir. Ona görə də bəzi hallarda müxtəlif media resursları, subyektləri söz və mətbuat azadlığını istismar edirlər. Bəzən də ondan sui-istifadə etməklə öz maraqlarını təmin etməyə çalışırlar. Son dövrlərdə bəzən kimlərsə mətbuatı istifadə edərək öz maraqlarını realizə etməyə çalışır. Bu zaman yenə də Azərbaycanın hüquq sistemi işə düşür. Azadlıq bizim qanunla qadağan olunmayan fəaliyyətimizdir. Azadlıqların istismarı hüquqla toqquşan zaman mütləq orada hüquqi prosedurlar tətbiq edilir. Bugün Azərbaycanda inkişaf edən media, medianın azadlığını dəstəkləyən  hüquqi sistem var. Bəzi neqativ hallar da müşahidə olunur, amma buna qarşı mübarizə də hər kəsin ümumi ictimai borcudur.”

Pravda.az-ın baş redaktoru İlkin Pirəlinin fikrincə isə, söz, mətbuat, ifadə azadlığı elə bir məfhumdur ki, daim müzakirə olunur:

” Yəni, qəti şəkildə “təmin olunur” və ya “təmin olunmur” demək düzgün deyil. Açığı, ifadə azadlığının tam bərqərar olması üçün cəmiyyət də hazır olmalıdır. Ümumi yanaşdıqda isə, əvvəlki illərə nisbətdə hazırda söz, mətbuat, ifadə azadlığı təmin edilir. Bilirsiniz ki, Ramiz Mehdiyev-Əli Həsənov cütlüyü mətbuatın başına hansı oyunları açırdı, ifadə azadlığını özlərinə uyğunlaşdırmışdılar. İndi mənzərə elə deyil, tənqidi yazılara görə müdaxilələr olmur, sərbəstlik var. Doğrudur, bəzi hallarda deyilir ki, ayrı-ayrı məmurları tənqid etmək daha çətindir, nəinki ümumilikdə hakimiyyəti. Həmin məmurlar başa düşməlidirlər, sağlam tənqid inkişaf üçündür. Mətbuat nə üçündür bəs? Çatışmazlıqları göstəririksə, dövlət qurumu bunu müzakirə edib, aradan qaldırmalıdır. Təəssüflər olsun ki, bəzi hallarda əksi olur. Bir daha qeyd edirəm, bu, məmurlar səviyyəsində olan müdaxilədir, ümumilikdə isə vəziyyət qənaətbəxşdir. Sosial şəbəkələr buna nümunədir, belə demək mümkündürsə, kim nə istəyir, yazır… Amma belə də olmamalıdır, birinin azadlığı digərinin azadlığı başlayan yerə qədərdir… Sosial şəbəkənin imkanlarından istifadə edərkən məsuliyyətli olmalıyıq”.

İlkin Pirəli qeyd edir ki, son 2 ildə Kütləvi İnformasiya Vasitələrində şəffaflıq, hesabatlılıq artıb:

“Burada Medianın İnkişafı Agentliyinin rolunu xüsusi qiymətləndirmək lazımdır. Həm də onu da qeyd etmək lazımdır ki, media subyektlərinin dövlət tərəfindən maliyyələşdirilməsi şəffaflıq və hesabatlılıq üçün mühüm amildir. Yəni, hər hansı məmurdan və ya iş adamından asılı media subyekti müstəqil, şəffaf, hesabatlı fəaliyyət göstərə bilməz. Son illər həyata keçirilən işlər jurnalistlərin nüfuzunun artmasına səbəb olub. “Reket jurnalist” ifadəsi, artıq tarixə qovuşur. Söz, mətbuat, ifadə azadlığının təmin edilməsi yükü əsasən hökumətin üzərindədir. Siyasi iradə var, mərhələli şəkildə addımlar atılır. Ayrı-ayrı məmurlar maarifləndirmə proqramlarına cəlb edilməlidirlər. Dövlət ifadə azadlığını təmin etmək əzmindədirsə, məmurlar niyə mane olmalıdırlar ki? Vəzifəli şəxslərin belə həssas məsələdə diqqətli olmaları məqsədəuyğundur”.

Safura Bənnayeva, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.