“Tibb ixtisasına qəbulda yalnız test tapşırıqları ilə kifayətlənmək yanlışdır”-ŞƏRHbackend

“Tibb ixtisasına qəbulda yalnız test tapşırıqları ilə kifayətlənmək yanlışdır”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məktəbdə tibbi heyətin fəaliyyəti Nazirlər Kabinetinin 218 nömrəli “Təhsil sahəsində iaşə və tibb xidmətinin təşkili” qaydalarında nəzərdə tutulub”.

Bu sözləri Editor.az-a məktəblərdə tibbi heyətin fəaliyyəti ilə bağlı danışarkən təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Onun sözlərinə görə, qaydaya əsasən orta ümumtəhsil məktəblərinin binasında tibb otağı ayrılmalıdır:

“Bu otaq zəruri avadanlıqlarla təmin olunmalı, həmin ərazi üzrə tibb işçiləri bura təyin edilməlidirlər. Onlara məxsus əaməkhaqqı isə müvafiq icra hakimiyyəti tərəfindən ödənilir. Məktəblərdə ayrılan tibb otaqları, əsasən, ilkin tibbi yardım xidməti kimi yaradılıb. Bu otaqlarda qızdırma, ağrıkəsici, ishal əleyhinə tabletlər, şəkər və təzyiq ölçən aparat, tibbi tərəzi və küşetka olmalıdır. Həmçinin zədələr, burxuqlar, kəsilmələr zamanı təcili tibbi yardım gəlmədən öncə ilk tibbi yardım göstərməsi kifayətdir. Bu, qanunla tənzimlənir, amma reallıq da var. Reallıq bundan ibarətdir ki, maddi texniki-bazası yüksək olan şəhər məktəbləri hər şeylə təmin olunduğuna görə, bu işi yüksək səviyyədə təşkil etmək mümkün olur. Amma bəzi region məktəblərində nəinki otaqların təminatı, hətta sinif otaqlarının təşkili ilə bağlı da problemlər mövcuddur. Uzaq kəndlərdə tibb məntəqəsi məktəbə yaxın ərazidə fəaliyyət göstərir. Tibb otağı olmayan məktəblərə buradan tibb işçiləri cəlb olunur. Yəni, məktəbdə tibbi xidmət təşkil olunmasa da həmin məntəqədən tibb işçilərinin məktəbə gəlişi baş tutur. Onlar gigiyenik qaydalara nə dərəcədə riayət olunduğunu öyrənir, müxtəlif vaksinasiyanın aparılmasını həyata keçirirlər. Yəni, tibb məntəqəsi olmayan məktəblərdə tibbi xidmət belə reallaşdırılır.
Orta məktəbdə şagirdlərə Biologiya və Həyat bilgisi fənləri keçilir. Bu fənlərdə insan anatomiyasına toxunulur, qan qrupları haqqında məlumat verilir. Amma maraqlı məqam odur ki, sinifdə bir uşağın ürəyi “gedəndə” sinif yoldaşları ona yardım göstərə bilirmi? Ümumiyyətlə, belə vəziyyətlərdə nə edilməlidir, hara, kimə müraciət edilməlidir, uşaqlar bilirmi? Yaxud, şagirdlərdən biri yıxıldıqda ona necə yardım göstərilməli olduğunu şagirdlər bilirmi? İnanmıram ki, kimsə bunları bilsin. Mən təklif etmişdim ki, 4-cü ixtisas qrupu üzrə qəbul imtahanlarında ilkin tibbi yardımla bağlı müsahibə tətbiq edilsin. Necə ki, idman, hərbi, polis məktəblərinə, jurnalistikaya, incəsənət ixtisaslarına qəbulda qabiliyyət imtahanları tətbiq edilir, eləcə də 4-cü ixtisas qrupu üzrə qəbulda abituriyentin ilkin tibbi yardımla bağlı bilikləri yoxlanmalıdır. Necə ola bilər ki, 11 il təhsil almasına rəğmən adi təzyiq ölçən aparat barədə bilik və vərdişləri “0” olan abituriyent Tibb Unversitetinə daxil olsun? Qəfil ürəyi “getmiş” adama necə yardım göstərilməsini bilməyən 17 yaşlı gəncin həkim olmaq arzusu “prestij”dən başqa bir şey deyil.

İnsan uşaq yaşlarından hansısa peşəyə maraq göstərir. Uşaqlar üçün oyuncaq tibbi ləvazimatlar istehsal edilməsində məqsəd təkcə onların başını qatmaq üçün yox, həm də uşaqlarda tibb sahəsi ilə bağlı ilkin – ibtidai biliklərin formalaşması məqsədi daşımalıdır. Bunu orta məktəbdə də çox gözəl bir şəkildə tətbiq etmək olar. Qəbul imtahanlarına hazırlaşan şagird nəzəri biliklər əldə etmək üçün çalışır, bunları öyrənir, əzbərləyir. Amma vərdişlər də zəruridir. Tibb ixtisasına qəbulda yalnız test tapşırıqları ilə kifayətlənmək yanlışdır. Şagirdlər orta məktəbi bitirdikdə həyat bilgiləri ilə bağlı zəruri bazaya malik olmalıdırlar. Çox zaman görürük ki, ətrafdakılar ürəyi “getmiş” adamın başına toplaşıb, kimsə də əlini adamın ağzına salıb dilini dartır. Bu, aşkar şəkildə süni boğulma vəziyyəti yaratmaqdır. Dili qətiyyən dartmaq olmaz. Belə halda boğulma təhlükəsi daha da gerçək olur. Beləliklə guya insana kömək etmək istədikləri halda, əksinə, o dünyaya göndərirlər. Belə məsələləri orta məktəb şagirdləri də bilməlidir.

Uşaqlar bilməlidir ki, sinif bərpa olunmayan hüceyrədir. Ona görə də ətrafdakılara qarşı diqqətli, mehriban, anlayışlı olmaq lazımdır. Nə qədər belə hallarla rastlaşırıq ki, bir canlını avtomobil vurub, ya da bir canlının yardıma ehtiyacı var. Amma insanlar onun yanından etinasız ötüb keçir. Mərhəmət hissi orta məktəblərdə şagirdlərə aşılanmalıdır. İnsanlara, sinif yoldaşlarına yardım etmək vərdişləri həyat bilgisi fənninin əsas mövzularından biri olmalıdır. Təəssüflər olsun ki, orta məktəblərdə hər kəs qəbul imtahanlarına o qədər yüklənib ki, həyati vacib məsələlər tamamilə kənarda qalıb. Bu isə yeniyetmələrin düzgün yetişdirilməsinə mane olur”.

//Səbinə Hüseynli, Editor.az