Yeni nazirin gətirdiyi yeniliklər – idmandakı islahatlar hansı perspektivləri vəd edir?backend

Yeni nazirin gətirdiyi yeniliklər – idmandakı islahatlar hansı perspektivləri vəd edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev sentyabrın 7-də Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması münasibətilə qəbul edərkən onun qarşısına 2 vacib məsələ qoydu.

Bunlardan biri federasiyaların, digəri isə olimpiya-idman komplekslərinin fəaliyyətindəki çatışmazlıqlarla bağlı idi.

Ölkə başçısı bəzi federasiyalarda işlərin qeyri-qənaətbəxş olduğunu bildirərək yeni nazirə, ilk növbədə, idman sahəsində buraxılan nöqsanların ciddi araşdırılması və mövcud vəziyyətin təhlil edilməsi tapşırığını verdi.

Bölgələrdə 50-dək Olimpiya Kompleksinin fəaliyyət göstərdiyini xatırladan dövlət rəhbəri bu obyektlərin işinin ciddi təftiş edilməli olduğunu vurğuladı. Prezident qeyd etdi ki, dövlət bu infrastrukturu, kompleksləri o məqsədlə yaradıb ki, həm idmanın kütləviliyi artsın, həm də peşəkar idmançılar yetişsin. İlham Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında gənc idmançıların medallar qazana bilməməsinin səbəbinin də ciddi araşdırmaya ehtiyac duyduğunu bildirdi.

Prezidentdən müvafiq tapşırıqları alan Fərid Qayıbov əməli fəaliyyətə başladı. İlk iş əksər federasiyalarda hesabat-seçki konfranslarının təşkili və kadr islahatlarının həyata keçirilməsi oldu. Bundan başqa, tez-tez bölgələrə səfər edən nazir problemlərlə yerində tanış oldu, bunların həlli istiqamətində fikir mübadiləsi apardı.

F.Qayıbovun təqribən 3 aylıq fəaliyyətini dəyərləndirmək və aparılan islahatların gələcək perspektivlərini aydınlaşdırmaq məqsədilə “Report” idman ictimaiyyətinin nümayəndələrinə müraciət edib.

Xəzər İsayev: “Federasiyalarda kütləvilik ölmüşdü”

Milli Olimpiya Komitəsinin (MOK) sabiq vitse-prezidenti Xəzər İsayev bildirib ki, yeni nazirin təyinatından sonra görülən işlər normaldır: “Yeni dövrdə yaşayırıq və biz də yeniliklər etmək istəyirik. Əsas federasiyaların işi çox ləngiyirdi. Bəzi federasiya rəhbərləri işləri tam şəkildə aparmırdı. Bu da göstərdi ki, islahatlara, dəyişikliklərə və bölgülərə ehtiyac var. Bir neçə federasiyanın birləşməsi onların rəhbərliklərinə də çətinliklər yaradırdı. Ona görə də Prezident İlham Əliyevin təyin etdiyi yeni nazir bu işlərə start verdi. Bunların hamısı vacibdir”.

X.İsayevin sözlərinə görə, bu təyinat federasiyaların fəaliyyətində canlanmaya səbəb olacaq: “Federasiyalarda kütləvilik ölmüşdü. İdman növlərinin, demək olar ki, funksiyaları yox idi. Fərid Qayıbovun təyinatı ilə federasiyalar da yeni bir sistemlə fəaliyyət götərməyə başlayacaq. Belə olmasa, gələcək olimpiadalarda, dünya və Avropa çempionatlarında nəticə əldə etmək çətin olar. Kütləvilik artdıqca, Azərbaycanın öz yeniyetmələri və gənclərinin peşəkarcasına hazırlanma prosesi həyata keçiriləcək. Çünki legioner idmançılar nəticə versə də, onların saxlanılması üçün müəyyən xərc tələb olunur. Bu gün qarşımızda Qarabağı yenidən bərpa etmək kimi mühüm vəzifə var. Hazırda Azərbaycan dövləti bunu prioritet məsələ kimi görür. Ona görə də hər bir idman növündə elə sistem qurulmalıdır ki, xərclərə qənaət edilsin. Yəni, maliyyə konkret işlərə ayrılsın. Birinci növbədə, bu boşluqlar aradan götürülməlidir ki, xərclər birbaşa nəticəyə yönələn işlərə sərf olunsun”.

O bildirib ki, artıq idmanda normal sistem yaranacaq və hər şey daha genişmiqyaslı hal alacaq: “Bunun sayəsində də daha yaxşı nəticələr əldə edəcəyik. Bu, bizim arzumuzdur. Bundan sonra vəziyyəti belə görmək istəyirik. Amma yaxın müddətdə, məsələn, 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına çətin mövqedə yollanacağıq. Çünki artıq transfer məsələlərində də çətinlik çəkirik. Yaxşı yox, hətta ortabab əcnəbi idmançını belə, yığmaya cəlb etmək çox çətinləşib. Yeni qayda qoyulub ki, 1-2 nəfərdən artığını götürmək olmaz. Yaxud da bizim tapdığımız idmançıları dövlətlər vermək istəmir. Rusiya, Gürcüstan və İran kimi ölkələri qeyd edə bilərəm. Sözümün canı odur ki, öz idmançılarımızla, yetirmələrimizlə hazırlaşmalıyıq. Nə qədər potensial var, hamısı göz qabağındadır. Böyüklər arasında yüksək nəticə əldə etmək üçün 2 il müddətində dayanmadan yaxşı təlim-məşq toplanışları keçməli, yarışlarda iştirak etməliyik. İlk növbədə, Paris olimpiadasına lisenziyalar təmin olunmalıdır. Bundan sonra yüksək nəticələr gözləmək olar”.

F.Qayıbovun cəmi 3 aydır bu vəzifəyə təyin olunduğunu xatırladan MOK-un Baş Məclisinin üzvü belə qısa müddətdə hansısa effekt gözləməyin mənasız olduğunu vurğulayıb: “Bu müddətdə ancaq təyinatlarla məşğul olub, federasiya rəhbərlikləri ilə görüşüb. Bölgələrə də yollanır, oradakı vəziyyəti öyrənmək istəyir. Hesab edirəm ki, 3 ayda bundan artıq iş görmək mümkün deyil. Gələcək aylarda daha genişmiqyaslı fəaliyyətin şahidi olacağıq”.

İsayev bölgələrdəki olimpiya komplekslərinin fəaliyyətsizliyinə də toxunub. O, ölkə idmanının inkişafı üçün həmin idman qurğularından maksimum istifadənin önəmini qeyd edib: “Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin illər boyu olimpiya komplekslərinin tikilməsində göstərdiyi səylər birbaşa Azərbaycan idmanına xidmət etmək üçün idi. Əslində federasiyalar əsas hazırlıq proseslərini bu komplekslərə salmalıdır. Amma bu, mənim şəxsi fikrimdir. Qış aylarında isti yerlərin, yayda dağlıq zonaların bazalarından istifadə olunmalıdır. Federasiyaların hər biri hansısa xarici ölkədə toplanış təşkil etməkdən, real xərclərin çəkilməsindənsə, yerli olimpiya komplekslərinə üstünlük verməlidir. Olimpiya komplekslərində ürəyimiz istəyən şərait var. Bunları mütləq şəkildə işlətmək lazımdır. Federasiyalar birbaşa bu bazalarla əlaqə saxlamalı, təqvimi və iş planı ilə tanış olmalı, boş vaxtlarında həmin kompleksləri doldurmalıdır. Bununla həm idman qurğularında işləyən insanlara şərait yaradılacaq, həm də idmançılarımız orada yatıb-dursalar, daha yaşı olar. Hətta istərdim ki, onlara müəyyən maliyyə güzəştləri də olsun. Çünki olimpiya kompleksləri, federasiyalar, idman cəmiyyətləri, nazirlik və olimpiya komitəsi də ölkə idmanına xidmət edən qurumlardır. Bunu sistemli şəkildə tənzimləsək, təlim-məşq toplanışlarına artıq xərclər çıxmaz. Həm də bölgələrdə idmanın kütləviliyi artar, gənclər idmana maraq göstərər. 100 nəfərdən 10-nun idmanla məşğul olması da inkişafımızın bir göstəricisi olar”.

Sənan Şəfizadə: “İdmanda çox ciddi islahatlara başlanılıb, bu, böyük cəsarət tələb edir”

Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) idarə heyətinin üzvü, ATV telekanalının İdman şöbəsinin rəhbəri, Azərbaycan Gimnastika Federasiyasında Fərid Qayıbovla birlikdə çalışmış televiziya aparıcısı Sənan Şəfizadə yeni nazir təyinatı ilə müsbət dəyişikliklərin start götürdüyünü nəzərə çatdırıb: “Bilirsiniz ki, olimpiya dövrü bitəndən sonra federasiyaların çoxunda rəhbər postların fəaliyyət müddəti başa çatır və heabat-seçki konfransları keçirilir. Sadəcə, bu dəfə seçkilər bir az ardıcıl oldu. 22 ilə yaxındır idman mətbuatındayam, ilk dəfə gördüm ki, hesabat-seçki konfranslarına media mütəmadi dəvət edilir. Bu, müsbət haldır. Əvvəllər 90-95 faiz federasiya bu barədə ictimaiyyətə məlumat vermirdi. 2 həftə sonra deyilirdi ki, federasiya prezidenti seçilib. İndi isə seçkidən sonra federasiya rəhbərləri medianın suallarını cavablandırırlar. Həmçinin, səsvermə müasir dövrün tələbinə uyğun elektron formada keçirilir, hər kəs öz fikrini müstəqil ifadə edə bilir”.

S.Şəfizadənin sözlərinə görə, dövlət başçısı görüşdə nazirə lazımi istiqamətlərdə tapşırıqlarını verib və əsas problemlər açıqlanıb: “İdman və gənclər çox böyük sahədir. Fikir verirsinizsə, mütəmadi olaraq, bölgələrdə federasiyalarla, idmançılarla tanışlıq olur. Bir məqamı unutmayaq: Fərid Qayıbov idmanda kifayət qədər təcrübəyə malik şəxsdir. O, Avropa Gimnastikasına rəhbər seçiləndən sonra orada bir çox islahatlar baş verdi. Fərid müəllim indi də Azərbaycan Gənclər və İdman Nazirliyində müəyyən yeniliklərə çalışır. Onun böyük beynəlxalq əlaqələri ölkə idmanına da kömək edəcək. Amma bunun üçün bir qədər zaman lazımdır. Dəyişikliklər mütləq olacaq. Lakin əvvəlcə ölkə idmanının real vəziyyətini bilməliyik ki, Paris olimpiadasına necə gedirik? Sözsüz ki, ölkədə fəaliyyət göstərən bütün idman növlərindən nəticə tələb etməyimiz real deyil”.

Həmkarımız uğurlu nəticələrə nail olunması üçün müəyyən zamana ehtiyac duyulduğunu söyləyib: “Hesabat-seçki konfranslarından sonra yeni rəhbərlərə də ən azı 6 ay zaman lazımdır. Bu müddətdə əvvəlcə idarəçilik, daha sonra məşqçilər heyəti və yığma formalaşdırılmalıdır. Bu dalğa yaxşı mənada davam edəcək. Federasiya prezidentinin işi milli komandanın Avropa və dünya çempionatlarındakı nəticələrindən bilinir. Ona görə də bir az səbr etməliyik. Bəzi federasiyalarda idarə heyəti üzvləri yox idi, yaxud da bilinmirdi. Müəyyən federasiyalarda illərdir hesabat-seçki konfransları keçirilmirdi. İndi isə vəziyyət dəyişib. Digər müsbət məqam ondan ibarətdir ki, əvvəlki federasiya prezidenti bu və ya digər səbəbdən öz istəyilə namizədliyini irəli sürmür. Federasiya rəhbərliyi var ki, bu idman növündə maksimum olanı edib. Görürük ki, bu, artıq maksimumdur və yeni nəfəs lazımdır. Eyni zamanda bəzi federasiya rəhbərləri uğursuz nəticələrdən sonra postda qalmaq istəmirlər. Bu, çox gözəl haldır. Yeni gələnlər də etimadı doğrultmağa çalışırlar. Başa düşürəm, idman daim inkişaf edir. Gələn il lisenziya yarışları başlayacaq və hamımız nəticə tələb edirik. Amma müəyyən qədər səbr etmək lazımdır. Azərbaycan idmanındakı islahat dalğasının real nəticəsini 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarında görəcəyik. 2024-ci il Paris olimpiadasında müəyyən uğurlarımız olacaq. Buna qəti şübhə etmirəm. Amma ilkin nəticə 2028-ci ildə bilinəcək”.

Telejurnalistin sözlərinə görə, idmanda çox ciddi islahatlara başlanılıb ki, bu da böyük cəsarət tələb edir: “Çünki növbəti olimpiadaya 3 il qalır. Tokio-2020 Yay Olimpiya Oyunları göstərdi ki, müəyyən idman növlərində islahatlar gecikir. İdmançılar var ki, nəticə qazanmaq üçün çox səy göstərdi, amma Tokio olimpiadasında ümidləri doğrultmadılar. Bu, o deməkdir ki, federasiya təcrübəli idmançılara güvənir və gənc nəsil yetişmir. Fikir verin, yeniyetmələrdə medal sayı çoxdur. Gənclərə keçəndə bu say nisbətən azalır. Onlar uğur qazandıqdan sonra isə böyüklər kateqoriyasına ümumiyyətlət keçə bilmirlər. Bu, futbolda da, güləşdə də özünü göstərir. Bunlar müxtəlif səbəblərdən, idmançının özündən, seleksiyaçı məşqçilərdən qaynaqlana bilər. Bu gün dünyada idman çox cavanlaşıb. Gənclərdə nəticə verən idmançı dərhal yuxarı kateqoriyaya cəlb olunmamalıdır. Hər şey tədricən, sistemli şəkildə baş verməlidir. Federasiyalar idmançıların titullarına deyil, real gücə üstünlük verməlidir. Hesabat-seçki konfranslarından sonra hər federasiyanın qarşısına konkret hədəflər qoyulur. Fikrimcə, bundan sonra nazirlik federasiyalarla daha sıx işləyəcək. Müəyyən hesabatlar tələb olunacaq. Buna görə də yeniyetmə və gənclər kateqoriyasına daha çox diqqət ayrılmalıdır”.

Onun fikrincə, hazırkı islahatlar görüntü deyil: “Bəzi insanlar düşünürdü ki, ciddi islahat olmayacaq. 1-2 təyinat gerçəkləşəcək ki, bu da görüntü xatirinədir. Amma hazırkı islahatlar görüntü deyil. İdmana yeni nəfəs, canlanma gətirmək istəyirlər. Bir anda 20-30 federasiya rəhbəri dəyişirsə, 3 ay sonra onlardan dünya və Avropa çempionları istəyə bilmərik. Bu federasiyalar işə yeniyetmələrdən başlasa, həmin idmançıların böyüklərə keçməsi üçün aylar, hətta il lazımdır. Əvvəllər Azərbaycanda adətən 1 və ya 2 federasiya rəhbəri dəyişirdi. İndi isə bütün qurumlarda seçkilər keçirilir, rəhbərlər dəyişir. Yeni rəhbərlərin müvafiq idman növü barədə geniş məlumatı var, hətta bəziləri həmin idmanla məşğul olub. Bu, artıq geniş spektrlər açır”.

S.Şəfizadə bildirib ki, olimpiya kompleksləri Azərbaycan idmanının bölgələrdəki hərəkətverici qüvvəsidir və islahatlardan sonra bu obyektlərə də diqqət artırılmalıdır: “Bir çox bölgədə belə idman qurğuları var. Bu, olduqca önəmlidir. Amma ikinci vacib məqam həmin komplekslərin işlək vəziyyətdə olmasıdır. Olimpiya komplekslərində məşqlər ödənişli əsaslarla keçirilir. Bundan sonra necə olacağını bilmirəm. Bunlar təsərrüfat heablı olduğu üçün bəzi məşqçilər zalı icrəyə götürüb müəyyən məbləğ qarşılığında uşaqları hazırlaşdırır. Bu yolla həm icarə haqqını ödəyir, həm də öz pul qazanırlar. Bu, bütün dünyada var, ödənişli bölmələr olmalıdır. Amma mütləqdir ki, həmin komplekslərdə ödənişsiz 3 – 6 aylıq bölmələr də olsun. Bu müddətdə istedadlı uşaqlar orada ödənişsiz şəkildə məşq etməyə davam etsinlər, istedadı az olan uşaqlar isə ödənişli və ya az ödənişli bölmələrə keçsinlər. Həmçinin müəyyən böyük yarışları Bakıdan regionlara daşımaq lazımdır. Qoy, uşaqlar da çempionları görsünlər, yarışları canlı izləsinlər. Eyni zamanda, bəzi tanınmış idmançılarla görüşlər keçirilməlidir. Elə etmək lazımdır ki, olimpiya komleksləri də müəyyən mənada qazanc götürsünlər, hər şey dövlətə yük olmasın. Bəzi olimpiya komplekslərinin ölkədə fəaliyyət göstərən beynəlxalq və yerli şirkətlərlə, brendlərlə müqavilə imzalamasına, əməkdaşlıq etməsinə icazə verilsin. Hansısa kompleksdə bir şirkətin zalı olsun. Qoy, olimpiya kompleksləri sponsorluqdan gəlir götürsün”.

Ekspert onu da əlavə edib ki, gənclər və idman idarələrində müəyyən yeniliklərə ehtiyac var: “Bəzi idarələr, xüsusilə “Təhsil” Respublika İdman Mərkəzinin Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbləri son illərdə ümumiyyətlə görünmürlər. Sanki bəzi təcrübəli məşqçilər özəl sahələrə keçiblər. Yəni, özü yer götürür və fərdi olaraq idmançı hazırlamağa başlayır. Bu da həmin məktəblərin fəaliyyətinə mənfi təsir edir. Çünki məşqçilər uşaqları özünün açdığı xüsusi məşq zallarına aparmağa çalışır. Mənə elə gəlir ki, nazirlik bu sahəyə də diqqət ayırmalıdır. Bu məktəblər çoxdandır Azərbaycan idmanına yeni adlar vermirlər. Bəzi idman idarələrinin fəaliyyəti nəzərə çarpmır. Yalnız birincilik keçirməklə kifayətlənirlər. Onlar idman növlərini inkişaf etdirməlidirlər”.

Səbuhi Qarayev: “Federasiyalar regionlara diqqəti artırmalıdırlar”

Bir neçə gün öncə Fərid Qayıbovun ziyarət etdiyi Şamaxı Olimpiya Kompleksinin direktoru Səbuhi Qarayev əvvəlcə nazirlə görüşündən söz açıb: “Gənclər və idman naziri, həmçinin qurumun digər rəhbər şəxsləri Şamaxı Olimpiya Kompleksinə gələrək idman qurğusunun vəziyyəti və görülən işlərlə yaxından tanış oldular. Hamımızın bildiyi kimi, kompleksimiz ərazisinə, saxlanılmasına, idman növlərinin və keçirilən idman tədbirlərinin sayına görə ön sıralardadır. Nazir mərkəzdəki irili-xırdalı bütün idman və texniki qurğulara baxış keçirdi, ən kiçik təsərrüfat məsələlərinə qədər maraqlandı. Məlumat verdik ki, hazırda mərkəzdə yeddi olimpiya və qeyri-olimpiya idman növləri üzrə məşqlər keçirilir. Bütün qurğularımız saz vəziyyətdədir. F.Qayıbov kompleksdən ayrılarkən, idman obyektinin vəziyyətindən və saxlanılmasından razı qaldığını bildirdi və müvafiq tövsiyələrini verdi”.

Qarayev komplekslə bağlı heç bir iradın bildirilmədiyini, yeganə problemli məsələnin üzgüçülüklə əlaqədar olduğunu söyləyib: “Hovuz abunəçi olmadığı üçün qışda fəaliyyət göstərmir və burada müvafiq yarışlar keçirilmir. Nazir bununla bağlı plan hazırlandığını və yaxın gələcəkdə problemin aradan qaldırılacağını bildirdi. Çox sevinirik ki, kompleksimiz haqqında belə bir fikir formalaşıb və bundan sonra daha artığını etməyə çalışacağıq. Komplekslərdə canlanma olması çox vacibdir. Kütləvilik olan yerdə nəticə də olacaq. Hiss olunur ki, bununla bağlı plan-proqram hazırlanır. Ümumiyyətlə, komplekslər əsasən yüksək kommunal ödənişlərdən və peşəkar məşqçilərin çatışmazlığından əziyyət çəkir. Hesab edirəm ki, kommunal xidmətlər üçün güzəştli tariflər tətbiq olunsa və paytaxtdan bölgələrə peşəkar məşqçilər cəlb edilsə, eyni zamanda, idarəçilər idman adamı olsalar, canlanma baş verə bilər”.

Direktor sonda Prezident İlham Əliyevin bəzi federasiyaların və olimpiya komplekslərin işindən narazılığını bildirməsinin əsassız olmadığını vurğulayıb: “Son aylar federasiyalarda baş verən dəyişikliklər də bunu sübut edir. Fikrimcə, federasiyalar regionlara diqqəti artırmalı, seleksiya işləri gücləndirilməlidir. Bayaq da qeyd etdiyim kimi, peşəkar məşqçilərin bölgələrə göndərilmələrinin yolları araşdırılmalıdır. Yeri gəlmişkən, nazir bizimlə söhbətində bu barədə də plan-proqram hazırlandığını bildirdi. Ona görə də dəyişikliklərin müsbət nəticə verəcəyini düşünürəm”.

//Report