Zəngəzurun görünməyən tərəfləri – Əslində olan nədir?backend

Zəngəzurun görünməyən tərəfləri – Əslində olan nədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun “Şərq Tərəfdaşlığı” proqramının Brüsseldə keçirilmiş sammitində, habelə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin və Fransa prezidenti Emmanuel Makronun vasitəçiliyi ilə keçirilmiş Azərbaycan-Ermənistan danışıqlarından sonra Bakı ilə İrəvanda sosial şəbəkələrdə ən çox müzakirə edilən məsələlərdən biri, bəlkə də birincisi Zəngəzur dəhlizidir.

Rəsmi Bakının mövqeyi bəlli və aydındır: Zəngəzur dəhlizində heç bir halda Ermənistanın gömrük, sərhəd nəzarət-buraxılış məntəqələri olmamalıdır və olmayacaq da. Yox əgər İrəvan belə fikrə düşərsə, Laçın dəhlizində analoji rejim tətbiq ediləcək.

Ermənilərsə iddia edirlər ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək nəqliyyat-kommunikasiya dəhlizində mütləq gömrük və sərhəd nəzarət postları olacaq, rəsmi Bakı bu marşrutla hərəkət üçün İrəvana rüsüm ödəyəcək və s.

Ermənilər onu da fasiləsiz vurğulayırlar ki, istər üçtərəfli bəyanatda, istərsə də Brüsseldə qəbul edilmiş sənədlərdə və əldə olunmuş razılaşmalarda “dəhliz” kəlməsi yoxdur.

Ermənilərlə disskusiyaya girmək və ya sosial şəbəkələrdə “Nə oldu bəs Zəngəzur dəhlizi?” tipli demaqogiyaya varanlarla mübahisə etməyə dəyməz.

Gerçəkdən də.

Çünki “dəhliz” kəlməsinin özünün transsendent yükü yoxdur: əsas forma yox, məzmundur.

“Dəhliz” kəlməsinin forması olsa da, onun beynəlxalq hüquqda təsbitlənmiş məzmunu mövcud deyil.

Sənədlərdə “Zəngəzur dəhlizi” ifadəsinin olub-olmaması əsla önəmli deyil: önəmli olan Zəngəzurdan yolların çəkiləcəyidir və bu, qaçılmazdır, mütləqdir.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bəyanatında “öz ərazisindən keçən kommunikasiyalar üzərində ölkənin suvereniteti və gömrük nəzarətinin mühümlüyü prinsipi” vurğulanıb.

Bu prinsip hazırda Ermənistanla rusiyalı sülhməramlıların müvvəqqəti yerləşdiyi Azərbaycan ərazisini birləşdirən Laçın dəhlizinə də şamil olunmalıdır və olunacaq da.

Rəsmi Bakı Laçın və Zəngəzur dəhlizlərini bərabər tutur.

Ötən ilin noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanata görə, Zəngəzurdan dəmiryol xətti ilə yanaşı, avtomobil yolu da keçməlidir. Avtomobil yolunun marşrutu hazırda üç ölkənin baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli komissiyada müzakirə olunur. Çox yəqin ki, avtomobil trası ya dəmiryol xəttinə paralel olacaq, ya da bir qədər şimaldan keçərək Zabux və Biçənək kəndlərini birləşdirəcək.

Gömrük və sərhəd nəzarət-buraxılış məntəqələrinə gəldikdə isə, bəli, onlar olacaq.

Naxçıvan Muxtar Respublikasından Sədərək-Arazdəyən istiqamətində Ermənistan ərazisinə, habelə Qazax rayonundan Ermənistanın İcevan rayonuna daxil olanda Azərbaycan vətəndaşları və yükdaşıyan nəqliyyat vasitələrinin sürücüləri ilə yüklər təbii ki, gömrük baxışından, sərhəd və fitosanitar nəzarətindən keçiriləcəklər.

Ermənistan tərəfə rüsum da ödəniləcək.

Eyni proses əks istiqamətdə də olacaq: ermənilər Arazdəyəndən Sədərəyə, İcevandan da Qazaxa daxil olanda rüsum ödəyəcəklər.

Hər iki istiqamətdə suverenitetə tam əməl ediləcək, nəzarət-buraxılış məntəqələri inşa ediləcək, Eyvazlı-Şurnuxu yolunda olduğu kimi, rüsum alınacaq.

Ermənistanın Meğri bölgəsindən keçəcək 48 kilometrlik hissə, yəni mediada “Zəngəzur dəhlizi” adlandırılan məkan isə hüquqi rejiminə görə Laçın dəhlizinə simmetrik sayılacaq.

Lap sadə dillə desək, Zəngəzur dəhlizi Laçın dəhlizinə bərabərdir.

Ermənistanla Azərbaycan arasındakı bütün başqa kommunikasiyalar isə ayrıca nəzərdən keçirilir.

Avropa İttifaqı Şurasının bəyanatında da deyilir: “It was agreed to proceed with the restoration of railway lines, with appropriate arrangements for border and customs controls, based on the principle of reciprocity”. Yəni “Dəmir yollarının qarşılılıq prinsiplərinə əsaslanan müvafiq sərhəd və gömrük nəzarəti tədbirləri ilə bərpası barədə razılaşma əldə olunub”.

Beynəlxalq hüquqa əsasən, konkret məsələdə “qarşılılıq prinsipi” o deməkdir ki, Ermənistan ərazisindən keçəcək nəqliyyat axınımıza tətbiq ediləcək nəzarət tədbirləri Laçın dəhlizində ermənilərin nəqliyyat axınına tətbiq olunan tədbirlərə identik olmalıdır.

Yəni Ermənistan rəhbərliyi Zəngəzurda, 48 kilometr uzunundakı ərazidə nəzarət-buraxılış məntəqələri və gömrük nəzarəti tətbiq etməkdə israrlı olarsa, eyni situasiya Laçın dəhlizində olacaq.

İran amilini də unutmayaq.

Əldə etdiyimiz məlumatlara görə, rəsmi Bakı İrəvanın nəzərinə şifahi olaraq çatdırıb ki, Araz çayı üzərində 4 körpünün, habelə Araz çayı boyunca Zəngəzur tərəfə dəmiryol xəttinin inşası ilə bağlı İranla ilkin, qeyri-rəsmi anlaşma əldə olunub.

Zəngəzur dəhlizi məsələsində Ermənistan bundan sonra da nəzarətsiz-gömrüksüz hərəkət prinsipini qəbul etməzsə, Meğridən keçəcək tranzit marşrutunu Bakı unudacaq, Laçın dəhlizində sərhəd və gömrük nəzarəti postları yaradacaq.

İrəvan bu tədbirlərdən sonra da inad edərək Araz çayı boyunca, Meğri ərazisində Azərbaycanın dəmiryol qatarlarının və avtomobillərinin maneəsiz hərəkətini təmin etməkdən boyun qaçırarsa, Laçın dəhlizini bilmərrə itirəcək.

Hadisələrin belə inkişaf məcrası İranı tam təmin edir, çünki beynəlxalq sanksiyalar məngənəsində boğulan Tehran üçün yeni kommunikasiyalar, marşrut və gəlirlər cek-pot uduşu sayıla bilər.

Və ən nəhayət, Arazdəyən-Culfa-Ordubad-Metri-Horadiz dəmir yolu Ermənistana əslində hava-su kimi gərəkdir.

Marşrut Ermənistanda başlayacaq, Naxçıvandan keçəcək, Zəngəzurda davam edəcək, Horadizdə bitəcək.

Belədə Ermənistan Türkiyəyə çox qısa yol qismində Sədərək istiqamətini, habelə Culfadan keçməklə İrana çatmaq imkanı əldə edir.

Həmin yollardan istifadə isə Ermənistanı Türkiyədən asılı vəziyyətə salacaq.

Naxçıvan isə dəmir yolu və avtomobil magistrallarının keçdiyi regional nəqliyyat qovşağına çevriləcək.

Bu baxımdan Zəngəzur dəhlizi beynəlxalq, Laçın dəhlizi isə regional önəm daşıyır.

Naxçıvanın regional “hab”a, nəqliyyat qovşağına dönməsi isə Azərbaycanın sadəcə Cənubi Qafqazda yox, qat-qat geniş miqyasda önəmini artıracaq.

Laçın dəhlizində nəzarət-buraxılış məntəqələrinin yaradılması isə hazırda rusiyalı sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərdə qalmış ermənilərin aborigen sakin toplumu qismində sonunun əvvəli olacaq.

Deyton anlaşmalarından sonra Xorvatiyadakı serb, Serbiyadakı Xorvat, Bosniya-Hersoqovinadakı serb və xorvat anklavların taleyini ermənilər xatırlasın.

Bəlkə onda bir qədər ağıllanarlar.