Azərbaycanın güclü həmlələri Rusiyanın bu niyyətini puça çıxardı: “Moskva indi də Qarabağda yaşayan erməni əhalisinə…”backend

Azərbaycanın güclü həmlələri Rusiyanın bu niyyətini puça çıxardı: “Moskva indi də Qarabağda yaşayan erməni əhalisinə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyətli və dəqiq hesablanmış diplomatik addımları təkcə Ermənistanı deyil, onun vasitəsilə Cənubi Qafqazda təsir dairəsi yaratmaq istəyən bəzi dövlətləri də proseslərdən kənarda qoyub. Fransa Milli Assambleyasının sədri Yael Bron-Pivenin bir neçə gün əvvəl İrəvanda erməniləri dərin məyusluğa qərq edən bəyanatları, İran parlament sədri Məhəmməd Baqer Qalibafın Azərbaycanla anlaşılmazlıqların aradan qaldırıldığını və yaxın gələcəkdə Bakıya səfər edəcəyini bildirməsi diplomatiya və xarici siyasətimizin parlaq uğuru olmaqla yanaşı, bu dövlətlərin yol ayrıcında olduğunun da əlaməti sayıla bilər”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Politoloq bildirib ki, Rusiyanın Cənubi Qafqaz siyasətində ziqzaqlarla müşahidə olunur və bu, ciddi narazılıqlar yaradır:

“Ukraynada ciddi şəkildə dalana dirənən və ağır itkilərə məruz qalan Rusiya var gücü ilə regionda qalmağa çalışır ki, bu da mövcud geopolitik şərtlərdə mümkün görünmür. Ermənistanda yararlana biləcəyi sosial baza qalmadığından bu bazanı Qarabağda yaşayan erməni əhali arasından qazanmağa çalışır. Amma Azərbaycanın güclü həmlələri Rusiyanın bu niyyətini də puça çıxardı. Belə ki, rusların öz əlaltısı Ruber Vardanyanı Xankəndində möhkəmləndirmək cəhdi Azərbaycanın güclü əks-həmləsi ilə boşa çıxarıldı. Artıq erməni KİV-ləri bir neçə gündür ki, R.Vardanyanın nəinki istefa verəcəyini, hətta Xankəndindən qaçmağa hazırlaşdığını israrla tirajlayırlar. Bütün bu hadisələrin fonunda inamla deyə bilərik ki, Xankəndində erməni icması adından Azərbaycanla danışmaq səlahiyyətində olacaq şəxsi Azərbaycan Prezidentinin razılığı olmadan heç kim seçə və ya təyin edə bilməz”.

//Gülnarə Abasova, Editor.az