Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində aparılan proses Cənubi Qafqazın gələcək siyasi və iqtisadi mənzərəsinin formalaşmasında mühüm amillərdən biri olaraq qalır. Yekun sülh sazişinin imzalanması ilə yanaşı, regional kommunikasiyaların açılması, nəqliyyat bağlantılarının genişləndirilməsi və tərəflər arasında qarşılıqlı öhdəliklərin hüquqi baxımdan möhkəmləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan sülh prosesinin davamlı nəticəyə çevrilməsi üçün tərəflərin siyasi bəyanatlarla yanaşı, konkret və praktiki addımlar atması əsas şərtlərdən biri kimi qiymətləndirilir.
Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yalnız iki ölkə arasında münasibətlərin normallaşması prizmasından yanaşmaq düzgün olmazdı:
“Çünki Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması bütövlükdə Cənubi Qafqazda davamlı sülh və sabitliyin formalaşmasına, eyni zamanda regionun Avropa ilə Asiya arasında mühüm nəqliyyat və iqtisadi bağlantı rolunun daha da güclənməsinə imkan verə bilər. Bu baxımdan, Azərbaycanla Ermənistan arasında möhkəm və davamlı sülhün əldə olunması yalnız iki ölkənin deyil, daha geniş coğrafiyanın iqtisadi və siyasi maraqlarına cavab verir. Sülhün təmin olunması Asiya ilə Avropa arasında ticarət və nəqliyyat əlaqələrinin daha təhlükəsiz və səmərəli şəkildə genişləndirilməsi üçün yeni imkanlar yarada bilər. Bu isə Cənubi Qafqazın tranzit və logistika imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
Azərbaycan sülhün mümkün qədər tez əldə olunması üçün öz imkanlarını səfərbər edir və paralel olaraq regionda əməkdaşlıq mühitinin genişləndirilməsi istiqamətində konkret addımlar atır. Ermənistanın tranzit yüklərinin Azərbaycan ərazisindən keçməsinə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması və müəyyən neft məhsullarının Ermənistana ixracının həyata keçirilməsi də bu yanaşmanın göstəricilərindəndir.
Eyni zamanda Azərbaycan Zəngəzur dəhlizinin açılması istiqamətində öz suveren ərazilərində zəruri infrastruktur layihələrini sürətlə həyata keçirir. Nəqliyyat və kommunikasiya imkanlarının genişləndirilməsi ilə bağlı görülən işlər regionda gələcək iqtisadi inteqrasiyanın əsasını formalaşdırır.
Lakin bu proses yalnız Azərbaycanın atdığı addımlarla yekunlaşa bilməz. Artıq Ermənistanın da konkret və praktik addımlar atmasının vaxtıdır. Xüsusilə Zəngəzur istiqamətində kommunikasiyaların açılması ilə bağlı real addımların atılması, regional bağlantı layihələrində iştirak və sülhün möhkəmlənməsinə xidmət edən iqtisadi əməkdaşlıq mexanizmlərinin yaradılması Ermənistanın da öz üzərinə düşən məsuliyyəti yerinə yetirməsini tələb edir”.
A. Badamovun sözlərinə görə, hazırda yekun sülh sazişinin imzalanması qarşısında əsas siyasi məsələlərdən biri Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlı məsələdir:
“Azərbaycan uzun müddətdir ki, bu məsələyə öz təhlükəsizliyi və gələcək sülhün hüquqi təminatı baxımından xüsusi əhəmiyyət verir. Ermənistanın baş naziri Nikol Paşinyanın “Real Ermənistan” konsepsiyası və 2026–2031-ci illəri əhatə edən hökumət proqramı çərçivəsində səsləndirdiyi bəzi pozitiv mesajlar müəyyən ümidlər yaradır. Lakin məsələ yalnız siyasi bəyanatlarla məhdudlaşmamalıdır. Çünki davamlı sülh üçün siyasi açıqlamalarla yanaşı, onların arxasında konkret hüquqi və praktiki addımlar dayanmalıdır.
Azərbaycanın mövqeyi bundan ibarətdir ki, yekun sülh yalnız qarşılıqlı öhdəliklərin tam və ardıcıl şəkildə yerinə yetirilməsi əsasında mümkün ola bilər. Əgər məqsəd həqiqətən uzunmüddətli və davamlı sülhdürsə, o zaman bu sülhün qarşısında gələcəkdə yeni ərazi və siyasi iddiaların yaranmasına imkan verə biləcək hüquqi əsaslar da aradan qaldırılmalıdır.
Bu baxımdan, hazırkı mərhələdə əsas məsələ sülh prosesinin siyasi bəyanatlar səviyyəsindən konkret praktik addımlar mərhələsinə keçirilməsidir. Azərbaycan bu istiqamətdə öz mövqeyini və atdığı addımları ortaya qoyub. İndi isə Ermənistanın da konkret qərarlar qəbul etməsi və sülhün möhkəmlənməsinə xidmət edən real addımlar atması gözlənilir.
Əslində, yekun sülhün əldə olunması üçün imkanlar əvvəlkindən daha genişdir. Əsas məsələ bu imkanlardan siyasi iradə ilə istifadə etməkdir. Azərbaycan-Ermənistan sülhü yalnız iki ölkə arasında yeni münasibətlərin başlanğıcı olmayacaq. Bu sülh Cənubi Qafqazda yeni əməkdaşlıq mühitinin yaranmasına, nəqliyyat kommunikasiyalarının açılmasına, regional iqtisadi əlaqələrin genişlənməsinə və Azərbaycanı Avropa ilə Asiya arasında birləşdirən tranzit imkanların daha da artmasına xidmət edə bilər.
Ona görə də hazırkı mərhələdə Azərbaycan Ermənistandan yalnız yeni bəyanatlar deyil, yekun sülhün əldə olunmasına və onun davamlı olmasına xidmət edən konkret, hüquqi və praktiki addımlar gözləyir. Sülhün gələcəyi də məhz bu addımların nə dərəcədə ardıcıl və real şəkildə atılmasından asılı olacaq”.
//Gülnarə Abasova, Editor.az

