“Baş verən proseslər köhnə nizamın heyrətamiz məhvi üçün müqəddimədir”-ŞƏRHbackend

“Baş verən proseslər köhnə nizamın heyrətamiz məhvi üçün müqəddimədir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aparıcı aktor kimi dövlətlər beynəlxalq sistemin dinamik, davamlı idarə olunması prosesinə, bunun rəqabətinə girirlər. Bu da istər-istəməz onlar arasında gərginlik yaradır. Təhlükəsizliklə bağlı fəaliyyətin nisbi səviyyələri isə bu gərginliyin mübahisələrdə, münaqişələrdə və müharibələrdə nəticəsini müəyyən edir. Çox nadir hallarda konfliktlər müharibələrdən uzaq proqnozlaşdırılır”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, güclərin qarşıdurması, onların aralarındakı gərgin münasibət, bütövlükdə baş verən proseslər köhnə nizamın heyrətamiz məhvi üçün bir müqəddimədir:

“Strateji dalğalar dəyişir, bu dəyişim beynəlxalq sistemin sabitliyinə, ənənəvi durumuna və harmoniyasına təsir edir. Demək olar ki, heç bir verilən proqnoz, hətta baş verən hadisə belə beynəlxalq münasibətlərin incəliklərini deşifrə etmək üçün kifayət deyil, gözlənilməyən hadisələr isə kifayət qədərdir. Beynəlxalq sistem anarxiya ilə işarələnmiş, mərkəzi tənzimləmə orqanı olmayan dövlətlərin güc, resurslar və təsir uğrunda daimi rəqabətdə olduğu səhnəyə bənzəyir. Beynəlxalq təşkilatlarda, konfranslarda əks olunmayan ambisiyaya malik addımlar atılır. Böyük güclər arasında rəqabət dinamikasını təcrübədə vurğulamaq üçünsə konkret hallara nəzər salmalıyıq. Regionda, eləcə də dünyanın müxtəlif nöqtələrində vəziyyət getdikcə gərginləşir. İran-İsrail, Azərbaycan-Ermənistan, Qərb-Rusiya, Çin-ABŞ gərginliyi yüksələn xətt üzrə inkişaf edir. Rusiya-Ukrayna müharibəsi adı altında iki fövqəlgücün əbədi müharibəsi, buna səbəb olan nüfuz savaşı və qıt təbii resurslar uğrunda mübarizə vəziyyəti daha da kritik edir. Mövcud siyasi durumda vurğulamaq yerinə düşər ki, Avropa İttifaqının artan tələbatlarına uyğun olaraq Qərb Azərbaycana qarşı münasibətini məhz enerji resursları baxımından sərt ritorikadan azad edərək ən yaxşı halda situativ reaksiyalar verməyə keçirir. Obrazlı şəkildə ifadə etsək donanda Azərbaycan, qızışanda Ermənistan “qışqırır”. Güc və onun maraqlara əsaslanan ölçüsü dövlətlərin əsas motivasiyalarını başa düşmək və onların dünya səhnəsindəki hərəkətlərini anlamaq üçün çərçivə təmin edir. Güclü olmaq beynəlxalq hüququn yeganə təməli kimi görünür. Cənab Prezident İlham Əliyev də uzaqgörən siyasi xadim olaraq bu faktı öz çıxışlarında dəfələrlə vurğulayıb. Söhbət isə sadəcə gücün sərt forması olan hərbi deyil, yumşaq komponentlərindən də gedir. Ümumi qəbul olunmuş müharibə termininə uzaq ünsürlər bu gün daha da aktuallıq qazanır. Bu kontekstdə hibrid müharibələrin də şahidi oluruq”.

Ş. Həsənova onu da qeyd edib ki, beynəlxalq asayişi idarə etmək və güclülər arasında müharibənin qarşısını almaq üçün etibarlı mexanizmlərin qurulması ehtiyacı daha aktuallıq qazanır:

“Etibarlı mexanizmlər qurmağı bacaran Azərbaycan haqqında nikbin proqnozlar vermək üçün kifayət qədər əsaslar mövcuddur. Azərbaycanın “yaşıl enerji” kimi qlobal çağırışlara cavab verən siyasət yürütməsi, multikultural məkan kimi sülh və sabitlik adası olması, xalqımızın öz Liderinə olan sonsuz dəstəyi də nəzərə alınmaqla bir daha sübut olunur ki, dövlət başçımız mövcud çətin durumda da milli maraqlarımızı təmin etməyi bacarır”.

//Gülnarə Abasova, Editor.az