Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bir sıra hökumət nümayəndələrinin Azərbaycanı təbrik etməsi və iki ölkə arasındakı qardaşlıq münasibətlərinə xüsusi diqqət yetirməsi bir daha Türkiyə-Azərbaycan əlaqələrinin strateji əhəmiyyətini göstərdi. Lakin bununla yanaşı, Türkiyədə bəzi jurnalistlərin və siyasətçilərin Azərbaycan dövlətinə, rəhbərliyinə və xalqına qarşı sərt, tənqidi mövqeləri diqqət çəkir. Bu cür yanaşmalar iki ölkə arasında formalaşmış siyasi və mənəvi birliyə nə dərəcədə uyğun gəlmir.
Eyni zamanda, həmin şəxslərin bu mövqelərinin arxasında hansı siyasi maraqların dayandığı və onların hökumət daxilində müəyyən dairələr tərəfindən dəstəklənib-dəstəklənmədiyi məsələsi də müzakirə doğurur.
Maraqlıdır, Türkiyədə bəzi jurnalistlərin və siyasətçilərin Azərbaycana qarşı bu cür mövqe sərgiləməsinin arxasında hansı məqsədlər dayanır? Həmin şəxslərin hökumət daxilində himayədarlarının olması ehtimalını necə qiymətləndirirsiniz?
Milli Məclisib deputatı Nəsib Məhəməliyev Editor.az-a açıqlamasında bildirib ki, Türkiyə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın və hökumət nümayəndələrinin Azərbaycanı təbrik etməsi, hər kəsdə müsbət hislər doğurdu:
“Başqa cür ola bilməz. Biz bir millət, iki dövlət, strateji müttəfiq, zamanın ən çətin sınaqlarından çıxmış qardaşıq. Münasibətlərimiz, əməkdaşlığımız ən yüksək səviyyədədir. Düzdür, son günlər bəzi kütləvi informasiya və siyasi dairələrdə Azərbaycana qarşı təxribat xarakterli məlumatlar yayılır. Azərbaycanla Türkiyəni qarşı-qarşıya qoymağa cəhd edilir. Xırda anlaşılmazlıqlardan sui-istifadə etməklə, aramıza düşmənçilik toxumları səpmək istəyən qüvvələr var. Xalqlarımız ayıq-sayıq olmalı, münasibətlərin düşmənçilik səviyyəsinə qalxmasına imkan verilməməlidir. Türkiyə cəmiyyəti monolit deyil. Onların arasında Türkiyənin parçalanmasını, zəifləməsini arzulayan çoxsaylı millətlər, etnik, dini və siyasi kimliyi müxtəlif olan qruplar təşkilatlanmış şəkildə fəaliyyət göstərir. Həmin qüvvələrin arxasında duranlar Türkiyənin, Azərbaycanın, bütövlükdə Türk dünyasının inteqrasiyasını, inkişafını, güclənməsini özləri üçün təhlükə olaraq görürlər.
Ola bilər, Azərbaycan əleyhinə kompaniya aparanlara, hökumət nümayəndələrindən kimsə himayədarlıq edir. Ancaq, əminəm ki, onların sayı çox azdır və ümumi proseslərə təsir imkanları məhduddur. Əfsuslar olsun ki, biz tərəfdən də, Türkiyə əleyhinə böhtanlar yağdıran, ələlxüsus İrana bağlı qüvvələrin də fəallaşmasını görürük. Bu adamlar anlamırlar ki, həmin adamlar düşmənin dəyirmanına su tökməklə, milli təhlükəsizliyimizə təhdid yaradırlar. Ayıq-sayıq olmalı, Prezident İlham Əliyevin ətrafında sıx birləşməli, milli birliyimizə xələl gətirən amilləri aradan qaldırmalıyıq”.
//Gülnarə Abasova, Editor.az

