Ermənistanın ”Oxçuçay” cinayəti-  Azərbaycan nə etməlidir?backend

Ermənistanın ”Oxçuçay” cinayəti- Azərbaycan nə etməlidir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

30 ilə yaxındır ki, Ermənistan Azərbaycan ərazilərində təcavüzkar, terrorçu rejim yaratmaqla yanaşı, Azərbaycana qarşı ekoloji terror siyasətini də həyata keçirib. Ermənistan təbiətə qarşı cinayətkar davranışlarından bu gün də əl çəkmir. Ekoloji mühitə vurulan zərər hər gün daha da artır. Azərbaycanın Zəngilan rayonu ərazisindən keçən Oxçuçay çayı iki ölkə arasında transsərhəd çaydır. Ermənistan öz ərazisindən keçib Azərbaycana axan bu çaya sənaye tullantıları boşaldır. Çayın daima sənaye istehsalat və məişət tullantıları ilə çirkləndirilməsi insan həyatını təhlükəyə atmaqla yanaşı, Azərbaycanın “Qırmızı kitab”ına daxil edilən bir sıra balıqların da kütləvi şəkildə ölümünə səbəb olub.

Qeyd edək ki, bu ermənilərin törətdiyi ilk ekoloji cinayət deyil. Vandallar Azərbaycan ərazilərini işğal altında saxladıqları müddətdə və bu ərazilərdən çıxarılarkən də təbiətə qarşı öz çirkin əməllərindən əl çəkməyiblər. Bununla bağlı minlərlə fakt mövcuddur. Meşələrimiz yandırılıb, emal müəssisələri talan edilib. Yüzlərlə kilometr uzunluğunda suvarma sistemi tamamilə məhv edilib.

Məsələ ilə bağlı Editor.az-a danışan Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov qeyd edib ki, Ermənistan Azərbaycana qarşı ekoloji terror siyasətini davam etdirir və su hövzələrini məqsədli şəkildə çirkləndirir:

“Ermənistan işğal altında olan ərazilərimizdə 30 il boyunca müxtəlif ekoloji terror hadisələri törədib. Ermənistan ərazilərimiz işğaldan azad edildikdən sonra da ətraf mühitə ziyan vurmada, o cümlədən su hövzələrimizi çirkləndirməkdə davam etdirir. Məlumdur ki, Azərbaycana məxsus çay sularının mənbələrinin bir hissəsi Ermənistan ərazisində formalaşır yaxud həm də Ermənistan ərazisindən keçir. Ermənistan isə davamlı olaraq həmin axan çayları məqsədli şəkildə kimyəvi və digər zərərli tullantılarla çirkləndirir və müxtəlif yollarla ekoloji mühiti korlayır”.

Onun sözlərinə görə, bu istiqamətdə çox ciddi tədbirlər görülməlidir:

“Azərbaycan beynəlxalq hüquq müstəvisində məsələnin həllinə nail ola bilər. Beynəlxalq təşkilatlar vasitəsilə Ermənistana davamlı şəkildə təzyiq göstərməliyik. Eyni zamanda, məsələnin beynəlxalq məhkəmələrdə də həlli variantı mövcuddur. Azərbaycan Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən zərərin hesablanması ilə bağlı Ölkə Prezidentinin tapşırığı ilə və beynəlxalq qiymətləndiricilər də dəvət edilməklə qiymətləndirmə aparır. O cümlədən Ətraf mühitə və su hövzələrinə vurulan zərər də bağlı qiymətləndirmə aparmalıdır”.

Sahib Məmmədov bildirib ki, Azərbaycan dəymiş ziyanla bağlı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edə bilər:

“Məsələ ilə bağlı müraciətdə bir problem var ki, Azərbaycan və Ermənistan İpso-facto beynəlxalq ədalət məhkəməsinin tərəfi olsalar da, nə Ermənistan nə də Azərbaycan məhkəmənin yurisdiksiyasını qəbul etməklə bağlı xüsusi bəyanat verməyib. Belə ölkələrin sayı 78-dir. Ona görə məsələyə baxılmasında problem yarana bilər. Belə olduğu halda, dünya təcrübəsində iki ölkənin mübahisəli olduğu məqamla bağlı müqavilə bağlanır və ad-hoc razılaşmaya gələrək məhkəməyə müraciət edirlər. Yəni hər iki dövlət mübahisə üzrə məhkəmənin qəbul etdiyi qərarı icra edəcəyi barədə razılıq əldə edirlər. Digər variant isə Azərbaycanın məhkəməyə birtərəfli qaydada iddia irəli sürməsidir. Məhkəmə tərəfindən qarşı tərəfə məsələ ilə bağlı fakt materialları göndərilir. O zaman qarşı tərəf bir qayda olaraq kontur memorandum verir. Adətən birtərəfli qaydada qəbul olunan qərərlar sonradan cavabdeh dövlət tərəfindən tanınmır. Amma bizə indiki halda Ermənistanın işğalla bağlı vurduğu ziyan, o cümlədən ərtaf mühiti qəsdən çirkləndirlməsini özündə təsbit edən hüquqi sənəd lazımdır və bu baxımdan hər bir mümkün mexanizmlərdən istifadə etməliyik”.

Sahib Məmmədov qeyd edib ki, Azərbaycan Ermənistanla bağlı beynəlxalq təşkilatlara və məhkəmələrə müraciət etməzdən əvvəl diplomatik təzyiq vasitələrini də artırmalıdır:

“BMT-nin ətraf mühit məsələləri üzrə müvafiq qurumlarına, eyni zamanda ATƏT və Avropa Şurası-nın məsələ ilə bağlı müəyyən ixtisaslaşmış idarələrinə Ermənistanın region ölkələrinin su ehtiyatlarını çirkləndirməsi ilə bağlı davam olaraq müraciət etməliyik. Ermənistan məcbur edilməlidir ki, qlobal ətraf mühitə ziyan vuran qanunsuz əməllərindən əl çəksin”.

Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Ermənistan uzun illərdir ki , Azərbaycana qarşı ekoloji terror siyasəti həyata keçirib .Bu həm işğal altında saxladığı torpaqlarımızda, həm də transərhəd çaylarımızda baş verib:

“Ermənistan cəzasız qaldığı illər ərzində ekoloji terror siyasətini bir sistem halına gətirib və Azərbaycana külli miqdarda ziyan vurub . Şübhəsiz ki , onun bu əməlləri öz hüquqi qiymətini alacaq və mütləq cəzalandırılacaq .Ancaq bu məsələnin yalnız bir tərəfidir. Başqa mühüm bir tərəfi isə odur ki , terrorçu dövlət bu cinayəti tək törətməyib və bu işdə Avropadan olan bəzi ölkələrin timsalında özünə cinayət ortağı da tapıb .Məsələn, Almaniyanın CRONIMET Holding GmbH şirkəti Zəngilan rayonu ərazisindən keçən Oxuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi işində Ermənistanın yaxın ortağı olub . Beləliklə, iki ortağın dağ-mədən şirkətlərinin cinayətkar fəaliyyəti Oxçuçayda fəlakətli vəziyyət yaradıb”.

Hikmət Babaoğlu qeyd edib ki, insan hüquq və azadlıqlarından həvəslə bəhs edən hətta zaman zaman qərəzli olaraq Azərbaycanı bu məsələlərdə qınayan Almaniya mətbuatı və höküməti isə nədənsə ona aid olan şirkərtin ekoloji terror fəaliyyətinə göz yumur:

“Almaniyanın Azərbaycandakı səfiri sanki məsələni örtbasdır etməklə ictimai gündəmdən çıxarmağa çalışır .Bu ölkənin Yaşıllar Partiyası isə ümumiyyətlə mövzu ilə bağlı mövqe bildirməyə belə lüzum görmür .Deməli belə nəticə hasil olur ki , Almaniyada demokratiya da , insan hüquqları da , ekoloji siyasət də yalnız almanların mənafeyi baxımından lazımlı olanda əhəmiyyətli olur. Almaniyadan kənarda belə cinayətlərə ortaq olmaq belə pis əməl sayılmır”.

Millət vəkilinin sözlərinə görə, Almaniya mətbuatı Azərbaycana qarşı çəkindirici vasitə kimi məsələni gündəlikdən çıxarmaq üçün informasiya terroru da həyata keçirir:

“Bütün bunlar Qərbin riyakar siyasətinin bariz nümunələridir .Ancaq Azərbaycan mütləq belə hərəkətlərin qiymətləndirilməsinə və cəzalandırılmasına nail olacaq” .

//Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.