Fərid Şahbazlı: WUF13 QHT-lərin beynəlxalq inteqrasiyasını gücləndirəcəkbackend

Fərid Şahbazlı: WUF13 QHT-lərin beynəlxalq inteqrasiyasını gücləndirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakıda keçiriləcək WUF13 Azərbaycanda keçirilən növbəti qlobal nüfuzlu tədbir olmaqla yanaşı, həm də ölkəmizin vətəndaş cəmiyyəti institutlarının inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”.

Bu fikirləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda dayanıqlı şəhərsalma, innovativ infrastruktur quruculuğu və yaşıl transformasiya istiqamətində həyata keçirilən layihələr ölkənin beynəlxalq platformalarda artan rolunu nümayiş etdirir. Bu proses yalnız infrastruktur yenilənməsi ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanın qlobal şəhərsalma gündəliyində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir və beynəlxalq şirkətlər üçün yeni əməkdaşlıq imkanları yaradır. Bu baxımdan World Urban Forum ölkənin urban inkişaf strategiyasının beynəlxalq səviyyədə təqdimatı üçün mühüm platforma rolunu oynayır.

F.Şahbazlı qeyd edib ki, BMT sisteminə daxil olan UN-Habitat tərəfindən təşkil edilən WUF13 qlobal miqyasda şəhərsalma, dayanıqlı inkişaf, iqlimə davamlı infrastruktur və inklüziv şəhər mühiti kimi məsələlərin müzakirə olunduğu ən nüfuzlu platformalardan biridir və belə bir tədbirin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir.

QHT sədri bildirib ki, müasir dünya təcrübəsində qeyri-hökumət təşkilatları şəhər inkişafında mühüm aktora çevrilib.

“QHT-lər artıq yalnız sosial təşəbbüslərlə çıxış edən qurumlar deyil. Onlar ictimai iştirakçılığı təmin edən, həssas qrupların maraqlarını müdafiə edən və innovativ həllər təklif edən tərəfdaş kimi çıxış edir. Bir çox ölkələrdə şəhər planlaması prosesində vətəndaşların mövqeyinin nəzərə alınması məhz QHT-lərin fəaliyyəti nəticəsində mümkün olur və bu, qəbul edilən qərarların daha dayanıqlı olmasına şərait yaradır”, – deyə o vurğulayıb.

F.Şahbazlı qeyd edib ki, WUF13 Azərbaycan QHT-ləri üçün beynəlxalq şəbəkələşmə, yeni tərəfdaşlıqların qurulması və qlobal təcrübənin mənimsənilməsi baxımından mühüm imkanlar yaradır. “Forum çərçivəsində yerli təşkilatlar donor qurumlarla birbaşa əlaqə qurmaq, beynəlxalq layihələrdə iştirak etmək və ölkəmizin prioritetlərini qlobal müzakirələrə çıxarmaq imkanı əldə edəcəklər. Bu isə onların institusional inkişafına və beynəlxalq sistemə inteqrasiyasına ciddi töhfə verə bilər”, – deyə o əlavə edib.

F.Şahbazlı diqqətə çatdırıb ki, Azərbaycanın bu prosesdə əsas üstünlüklərindən biri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və şəhərsalma siyasətidir. Onun sözlərinə görə, bu ərazilərdə tətbiq edilən “ağıllı şəhər” və “yaşıl enerji” konsepsiyaları müasir urban inkişaf modelinin nümunəsi kimi çıxış edir. “Bu gün Ağalı kəndi kimi layihələr innovativ yanaşmanın real nəticəsidir, Füzuli şəhəri, Zəngilan şəhəri və Laçın şəhəri isə müasir planlama prinsipləri əsasında yenidən qurularaq regionun inkişafında mühüm rol oynayır. Bu model yalnız bərpa deyil, gələcəyin şəhərlərinin qurulması kimi qiymətləndirilə bilər”, – deyə o bildirib.

Onun sözlərinə görə, bu genişmiqyaslı proses QHT-lər üçün də yeni fəaliyyət istiqamətləri açır.

“QHT-lər ictimai nəzarətin təmin olunması, şəffaflığın artırılması, sosial inteqrasiya və vətəndaş iştirakçılığının gücləndirilməsi sahələrində mühüm rol oynaya bilərlər. Xüsusilə məcburi köçkünlərin geri qayıdışı fonunda icma quruculuğu və sosial adaptasiya məsələlərində onların iştirakı vacibdir”, – deyə siyasi şərhçi vurğulayıb.

Sonda F.Şahbazlı qeyd edib ki, WUF13 Azərbaycan QHT-ləri üçün həm imkan, həm də məsuliyyət mərhələsidir. “Bu platforma vətəndaş cəmiyyəti institutlarının beynəlxalq müstəvidə özünü təsdiq etməsi üçün real fürsətdir. Hesab edirəm ki, Azərbaycan QHT-ləri bu imkandan səmərəli istifadə edərək ölkəmizi layiqincə təmsil edəcək və qlobal müzakirələrə real töhfə verəcəklər”, – deyə o fikirlərini yekunlaşdırıb.

Fərid Şahbazlı

Siyasi şərhçi